Azərbaycanda elektron notariat sistemi yaradılır
18 dekabr 2012 10:34 (UTC +04:00)

Azərbaycanda elektron notariat sistemi yaradılır

Ədliyyə sahəsində yeni layihələr həyata keçirilir. Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dünya Bankı ölkəmizə maliyyə dəstəyinin göstərilməsinə dair təşəbbüs irəli sürüb və hazırda  “Ədliyyə sisteminin müasirləşdirilməsi” birgə layihəsi icra edilir.

 

Layihəyə əsasən müasir məhkəmə infrastrukturunun yaradılması, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi, məhkəmə qərarlarının icrası işinin və hüquqi yardım sisteminin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının və Vəkillər Kollegiyasının potensialının gücləndirilməsi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının artırılması və digər tədbirlər həyata keçirilir. Artıq layihə çərçivəsində Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi, Konstitusiya və Ali məhkəmələr, Ədliyyə Nazirliyinin qeydiyyat qurumları ən müasir İKT-lərlə təchiz olunub, “Qeyri-kommersiya hüquqi şəxslər”  üçün avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi, Bakıda və bölgələrdə hüquqi məsləhət mərkəzləri yaradılıb, bütün məhkəmələri əhatə edən vahid veb-portal istifadəyə verilib. Elektron idarəetmənin təşviqi məqsədi ilə vahid informasiya şəbəkəsinin, habelə elektron notariat sisteminin yaradılmasına dair işlər intensiv davam etdirilir.

 

Eyni zamanda vahid konsepsiya əsasında Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsi ilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhəri Yasamal, Gəncə şəhəri Nizami, Gədəbəy və Oğuz rayonlarında ən müasir məhkəmə binaları inşa olunub. Prezident İlham Əliyevin məhkəmə binalarının açılışında şəxsən iştirak etməsi məhkəmə hakimiyyətinin müasirləşdirilməsinə verilən böyük önəmin növbəti təzahürü olub. Dünya Bankının nəzarət missiyaları ölkəmizə dəfələrlə səfərlər edərək layihə çərçivəsində görülən tədbirləri yerindəcə izləyib, işlərin intensiv, mütəşəkkil və yüksək keyfiyyətlə yerinə yetirilməsində Ədliyyə Nazirliyinin və layihənin icra qrupunun peşəkar fəaliyyətini təqdir edib, layihənin icrası vəziyyəti nümunəvi qiymətləndirilib. Bunun nəticəsi olaraq Dünya Bankı qarşılıqlı fəaliyyətin davam etdirilməsi üçün əlavə vəsaitin ayrılması qərarına gələrək Ədliyyə Nazirliyi ilə yeni saziş imzalayıb.

 

Azərbaycan Hökuməti və Dünya Bankı ilə əməkdaşlığın 20 illiyinin qeyd olunduğu bu günlərdə “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi ən uğurlu və mükəmməl layihələrindən hesab olunmaqla “Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması” nominasiyasında qalib gəlib. Layihə çərçivəsində müasir ədliyyə və məhkəmə sisteminin və infrastrukturunun yaradılması üzrə tədbirlər bundan sonra da səmərəli davam olunur. Sabunçu və Şəki məhkəmə komplekslərinin və Quba Rayon Məhkəməsi üçün yeni inzibati binasının tikintisinə də başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037
avatar

Oxşar yazılar