Azərbaycanda bu həftə 20 dərəcə şaxta olacaq
14 dekabr 2012 14:40 (UTC +04:00)

Azərbaycanda bu həftə 20 dərəcə şaxta olacaq

Ekologiya nazirliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi haqqında növbəti xəbərdarlıq etdi

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti ölkə ərazisindəki müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 13-ü axşamdan 14-ü səhərədək hava şəraiti daha da kəskinləşmiş, yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağmış, bəzi yerlərdə intensiv və güclü olub. Ağcabədidə dekabrın 13-də 100.0 mm, Neftçalada 33.0 mm, Qazıməmməddə 25.0 mm, Salyanda 21.0 mm, Qubada 15.0 mm, Xaçmazda 14.0 mm, Qaradağda 12.0 mm, Cəfərxan, Bakıda 10.0 mm, Altıağacda 9.0 mm, Ələtdə 8.0 mm, Sumqayıtda 6.0 mm, Mərkəzi aranın digər rayonlarında 1.0-5.0 mm, Lənkəran-Astara zonasının digər rayonlarında 0.7-6.0 mm, Balakən-Şəki zonasının digər rayonlarında 1.0-5.0 mm, Qazax-Gəncə zonasında 0.5-2.0 mm, Daşkəsən-Gədəbəy zonasında 0.4-1.0 mm, Maştağa, Binədə 1.0-3.0 mm olub. Şəki, Mərəzə, Altıağac, Quba, Sarıbaş (Şəki), Kişçayda (Şəki) qar yağıb. Vizual müşahidələrə görə səhər saat 08:00-10:00 radələrində Bakı şəhərinin nisbətən yüksək ərazilərində yağışla sulu qar yağıb.  

 

Qar örtüyünün hündürlüyü: Altıağacda 12 sm, Sarıbaşda 6 sm, Kişçayda 1 sm-ə çatıb.

 Şimal-şərq küləyi Biləsuvar, Qazıməmməd, Neftçalada 20 m/s, Abşeron dəniz rayonunda 13-17 m/s-dək güclənib, Neft Daşları Stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.6 metrə çatıb.

 

Dekabrın 14-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3-4 dərəcə isti, aran rayonlarında 4-7 dərəcə isti, dağlıq rayonlarda 3-4 dərəcə şaxta, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edib.

 

Departament ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi haqqında xəbərdarlıq edib. Bildirilir ki, dekabrın 18-dək havanın soyuq, şaxtalı olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 15-dən 16-na, 16-dan 17-nə keçən gecə 0, mənfi 2 dərəcəyədək aşağı enəcək. Respublikanın aran rayonlarında 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacağı gözlənilir. Hava şəraiti fasilələrlə yağıntılı keçəcək. Sulu qar, qar yağacaq. Bakıda və Abşeron yarımadasında fasilələrlə gözlənilən yağıntının sulu qar, nisbətən yüksək ərazilərdə qar şəklində olacağı ehtimalı var. Dekabrın 14-dən 16-sı gündüzədək arabir güclənən şimal-şərq küləyi əsəcək. 

# 9950

Oxşar yazılar