[b]Çingiz xanın nəsli, Şəmkirdəki tatarlar, sirli dağdağan ağacı [/b]- ƏYALƏTDƏ KİM, VAR KİM YOX
24 sentyabr 2015 14:02 (UTC +04:00)

[b]Çingiz xanın nəsli, Şəmkirdəki tatarlar, sirli dağdağan ağacı [/b]- ƏYALƏTDƏ KİM, VAR KİM YOX

 

Tatar kəndi. Bu kənd bizim qonşu kənd sayılır. Amma ərazicə Şəmkirə aiddir. Bizim kəndlə müqayisədə daha çox dağətəyi sayılır. Tatar Sınaqlı dağının ətəklərinə səpələnib. Aramızda böyük Zəyəm çayı yatağı var.

Dağdağan Ocağı da Tatar kəndinin bizim tərəfdən başlayan ayaq hissəsindədi.

Elə uşaqlıqdan da yadımdadı ki, Dağdağan ocağı bizim kənd sakinlərinin inanc yeridi. Bölgəmizin inanclı insanları  arzu və istəklərini həmişə bu ocaqdan diləyiblər. Ocaq iki qocaman dağdağan ağacını əhatələmiş qədim, çox primitiv tikilidən ibarətdi.

Ağacdan dilək diləməyin qaydası isə  belədi: Ocağın içərisinə sağ tərəfdən girib ağacların başına üç dəfə dolandıqdan sonra sol tərəfdən arxa-arxaya çıxırsan. İçəridə olan müddətdə ürəyində dilək tutur, əvəzində isə ağaclara nəsə vəd edirsən.

Adətən, niyyət edən adamlar, bir qayda olaraq, arzusu yerinə yetən zaman kasıblara əl tutmaq, imkansıza paltar hədiyyə eləmək, ocaq başında acları doydurmaq kimi vədlər edirlər. Niyyət edən adam içəridə ağaclarla tək qalmalıdı, fikrini gizli saxlamalıdı.

Həmişə Dağdağan ağaclarının budaqlarını müxtəlif bağlarla dolu görmüşəm. İndi də belə idi, budaqlarda müxtəlif parçalardan niyyət düyünləri vardı.

Dağdağan ocağının tarixini dəqiqliyi ilə bilən yoxdu. Bu ağacları dağların ətəyinə kim əkib, görəsən?  Bəlkə elə təbiətin işidi, ağacların özü burada baş qaldırıb? Bəs, görəsən, ağacların əhatəsindəki hörgünü kim tikib?

Bu sualları uşaq olanda ilk dəfə nənəmə vermişdim. Yadımdadı, bizi ocağa bu ağacların möcüzəsinə inanan nənəm aparardı. Nənəm həyata keçirtmək istədiyi arzusunu həmişə ocaqdan diləyərdi. Bizimlə kəndin ən kasıb uşaqlarını yığıb ocağa gətirər, başındakı şalının bir ucunu kürəyinə ataraq üfürə-üfürə ocaq qalayar, gətirdiyi yeməkləri qızdırıb bizi çəmənliyə sərdiyi süfrəyə dəvət eləyərdi. Biz də dümsükləşə-dümsükləşə dairəvi salınmış süfrə ətrafında oturar, açıq dağ havasında iştahla yeməyə girişərdik.

Sonralar anladım ki, deməli, nənəmin hansısa arzusunun həyata keçməyində biz həmişə iştirak eləmişik.

Ocağın tarixindən, ağacların kim tərəfindən əkilməsindən nənəm heç nə bilmirdi. Nənəm deyirdi, mən gözümü açandan ocağı beləcə görmüşəm. Məndən böyüklər də buraya dilək diləməyə gələrdilər.

Nənəm təbiətən heyvanlara və ağaclara rəhimli bir insan idi. Ac it-pişikləri doyurar, mal-qaranı əzizləyər, puçurlamış, çiçək açmış ağac budağını kəsməyə qoymazdı.    

Sonralar orta məktəbin yuxarı siniflərində oxuyarkən Dağdağan ocağı haqda tarix müəllimimizdən soruşmuşdum. Teymur müəllimin dediyinə görə, dağdağan ocağının sirri “Tatar kəndi” toponimindədi. Ocağın tarixi ilə maraqlandığıma görə, bir dəfə mərhum müəllimimiz məni təkliyə çəkib söhbətə başladı:

- Oğlum, görürəm, səni bölgənin tarixi maraqlandırır. Dağdağan ocağının tarixindən danışmaq üçün gərək çox uzaqdan başlayım.

 Çingiz xan haqda tarixi mübahisələr var, görəsən o, monqol olub, ya tatar?

Başçıları Ta-Ta, yaxud Tatan adlanan türklər 5-ci əsrlərdə Mancuriyada, Şimali-Şərqi Monqolustanda, eləcə də Şimali Çində yaşayıb hökmranlıq edirdilər. Müxtəlif tayfaları birləşdirdiyinə görə, sonralar həmin tayfaları başçı Tatanın adı ilə “tatar” adlandırdılar. Çingiz xanın ordusunun təxminən 90 faizi tatar adlanan türklərdən ibarət idi. Odur ki, ordunun əsas dili də türk dili idi. Türk dilindəki hərbi əmrlər çox qısa və çevikdi.
İndi gələk Çingiz xanın millətinə. Çingiz xan monqol Esuqey Bahadırın oğlu idi. Həyat yoldaşı Oelun Əkə Çingiz xana hamilə olarkən 1152-ci ildə Esuqey Bahadır tatarların başçısı Temuçin Eqe ilə döyüş aparır və Temuçini məğlub edir. Bu qələbəsini öz həyatında əbədiləşdirmək üçün həmin ildə doğulan oğluna məğlub etdiyi türk sərkərdəsi Temuçinin adını qoyur. Yəni, Çingizin əsl adı Temuçin olsa da, o, monqol əsillidi. Esuqeyin bu qələbəsindən sonra tatarlar da onun qoşununa daxil olur.

 

Mən səbirsizlik edib ondan yenə soruşdum:

 

- Müəllim, bu tarixin Tatar kəndinə bir aidiyatı varmı?

 

- Deyəcəm. Atasından sonra Çingiz xan yenidən qoşun yığır, bütün Asiyanı və Avropanın əsas ərazilərini fəth edir. Lakin Çingiz Xan öldükdən sonra imperiyası parçalanaraq öz oğlanları arasında bölünür. 13-cü əsrin 40-cı illərində Çingizin nəvəsi Batı Xan Qızıl Orda adlı nəhəng Monqol-Tatar dövləti qurur.

Qızıl Orda dövlətinə Qərbi Sibir, Volqaboyu, Krım, Həştərxan və sair ərazilər daxil idi. 15-ci əsrin ortalarından Qızıl Orda dövləti dağılmağa başladı və ərazisi kiçilsə də yenidən dörd türk dövləti meydana gəldi. Bu dövlətlər tarixdə Qazan, Krım, Həştərxan və Sibir xanlıqları adı altında 300 il mövcud oldular. Və nəhayət, ruslar 16-cı əsrdən başlayaraq bu xanlıqları məğlub edərək özünə tabe etdirdi.

İndi gələk bizim bu Tatar kəndinə. Tatar kəndinin əhalisi həmin tarixdən qalma insanlardı. Çünki Çingiz xan yürüş etdiyi bölgələrə ellikcə gedər, zəbt etdiyi ərazilərdə arabalarda gətirdiyi ailələri yerləşdirərdi.

 

- Demək, Tatarda yaşayanlar Çingiz xanın qoşununun adamlarıdı?

 

 

- Bunu dəqiqliyi ilə deyə bilmərəm, çünki bu əhali bayaq söylədiyim xanlıqlar məğlub olduqdan sonra da bu ərazilərə köç edə bilərdi. Yəni, onlar sonradan Qazandan, Krımdan, Həştərxandan da gələ bilərdilər. Lakin Dağdağan ocağı, yəni Ağac kultunun yaşaması onu göstərir ki, Tatar kəndinin əhalisi artıq islama qədərki dövrlərdən burada məskunlaşıblarmış. Həm də orada yaşayanların fizionomiyası və məişəti xeyli fərqlidi.          

- Demək, Dağdağan ocağı Ağac kultunun yadigarıdı?

 

- Bəli. Qədim türklər hələ bütün fövqəlqüvvələri özündə birləşdirən Göy Tanrıya tapınmazdan əvvəl ayrı-ayrı təbiət görüntüsünə tapınmışlar. Təbiətin bir parçası olan dağlardan, ağacdan, ildırımdan, hətta heyvanlardan belə dilək diləyib, onları özləri üçün toxunulmaz ediblər. Yəni türkün tarixində At kultu, Canavar kultu da çox parlaqdı. Bildiyim qədər, Ağac kultu müharibələr dövründə daha çox qabarıb. Sevdiyi oğlanı müharibəyə yola salan gənc qadın öz sevgilisi ilə müqəddəs bildikləri ağacın yanında vidalaşardılar. Sevdiyi kişinin sağ-salamat qayıtmasını ağacın gücündən diləyən qadın, bunun üçün ağaca xoş niyyətlər vəd edər, bir növ  müqavilə kimi öz saçından kəsib budağa bağlayardı. Sevdiyi insan sağ-salamat geri dönərdisə, həmin ağacın başına yığılıb şənlənər, vəd etdiyi törəni həyata keçirdər, kasıblara, imkansızlara yardımlar edər, əhdin başa çatması kimi ağacı öpərək bağladığı saçı budaqdan açardı.

 

- Maraqlıdı, bəs ocaqdakı dağdağan ağaclarının arasında qəbirüstü kimi daş qalaqları haradandı?

 

- Orda heç bir qəbir yoxdu! Birincisi, tarix boyu qəbirlər üçün qəbirstanlar mövcud olub. İkincisi də, fikir versən görərsən, dağdağanların arasında qalaqlanmış o daşlar ocağın öz hörgüsündən sökülmüş daşlardı.

 

 

- Müəllim, bəs, bunu kimlər edib?

 

- Ölkədə islamın gücləndiyi cahiliyə dövründə dindarlar türklərin ocaqlarını pirlərə döndərmiş, tapındıqları təbiəti qəbirləşdirmişdilər. İslamçılar ərəb qəbirlərini müqəddəs saydıqlarına görə, belə yerlərdə də süni qəbirlər dikəltmişlər. Bizdə Sınaqlı dağında “Haça Qaya” deyilən yer var, ora da qədim türklərin tapındıqları yerdi. Bu abidə bizə dağ kultundan bir yadigardı. Lakin sonralar hər yanda şayiələr yayıldı ki, guya o nəhəng qayanı imam Əli öz qılıncı ilə ikiyə bölüb. Qılıncla bir nəhəng dağı iki yerə necə bölmək olar? Bu xurafata inananlar bu gün də var. Altaylarda, Sibirdə, şamançılarda ağac kultu bu gün də yaşayır. Dilək dilənən ağaclar, adətən, bəzəkli görünür, çünki budağına hərə bir şey bağlayır. Yeni il şənliyində sibirlilərin yolka ağacını bəzəməsi də Ağac kultunun nişanələrindəndi.

 

- Müəllim, doğrusu, o ocağa gedəndə mən də bir daxili rahatlıq tapıram.

 

 

- Biz türkük, istər-istəməz adamda qan yaddaşı oyanır. Sənin nənən Tomaxlı tayfasındandı. Özü də sovet hökumətinin repressiyaları və planlaşdırmalarına qədər baban Mahmudun torpaqları Dağdağan ocağına qədər uzanırdı.
Bildiyim qədər, sizin nəsil də Çingiz xandan qalmadı. Qədimdə iri döyüş təbillərini döymək üçün əyri əl ağacları olarmış, ona tomax deyirlərmiş. Həmin döyüş təbillərini o tomaxlarla çalanlara “tomaxlı” deyirlərmiş. Hücumdan qabaq ruh yüksəkliyi yaratmaq üçün Çingiz xanın nizami ordusunun qarşısında musiqi çalınar, şamanlar oynayarmış. Yəni, müasir hərbi marşların əsasını da Çingiz xan qoyub...

 

Dağdağan ocağında olarkən nənəmi andım və Teymur müəllimin bir vaxtlar mənə söylədiyi bu tarixçəni yaddaşımın dərinliklərindən birtəhər üzə çıxarası oldum...  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar