Süni intellekt tibbi diaqnostikada inqilab edə biləcək yeni bir qabiliyyət əldə edib: sadəcə üz şəklinə əsasən bioloji yaşı təyin etməklə ölüm riskini proqnozlaşdırmaq.
Lent.az-ın xəbərinbə görə, “The Lancet Digital Health” jurnalında dərc edilən araşdırma bu sahədə diqqəti çəkən bir inkişafa diqqət çəkir. Araşdırmada təqdim edilən "FaceAge" adlı dərin öyrənmə modeli 59 mindən çox sağlam insanın üz fotoşəkillərindən öyrənərək, qocalmanın bioloji izlərini təəccüblü dəqiqliklə təhlil edə bilir.
Süni intellektin hazırladığı model insanların üz cizgilərində qocalmanın mikroskopik əlamətlərini təhlil edərək, bioloji yaşını təxmin edir. Maraqlısı odur ki, üzləri həqiqi yaşlarından daha yaşlı görünən şəxslərin vaxtından əvvəl ölüm riski daha yüksəkdir. Araşdırmaçıların fikrincə, bu texnologiya həkimlərin diaqnostika müəyyən etmə proseslərini də dəstəkləyə bilər.
Bu, “Üzümüz hər gün güzgüdə gördüyümüz adi bir əksdirmi, yoxsa sağlamlığımızla bağlı həyati mesajlar daşıyır?” sualını ortaya qoyur. Həyati əlamətlər - nəbz, temperatur, tənəffüs dərəcəsi və qan təzyiqi kimi adi fizioloji göstəricilərdən başqa, indi üz fotoşəkilinin ən azı bu parametrlər qədər məlumat verə biləcəyi düşünülür. Xüsusilə xərçəng xəstələrində bioloji yaşla üz görünüşü arasındakı fərqin daha qabarıq olması bu texnologiyanın əhəmiyyətini artırır.
Bununla belə, bu prosesin psixoloji təsirlərini nəzərdən qaçırmaq olmaz. Özünü gənc hiss edən fərd, süni intellekt tərəfindən “qoca” kimi təsnif edilərək, narahatlıq pozğunluqlarına səbəb ola bilər. Bu baxımdan texnologiya həm ümid, həm də narahatlıq yaradır.
Yenə də “FaceAge”in erkən diaqnoz, fərdi müalicə planlarının yaradılması və qeyri-invaziv sağlamlıq monitorinqi kimi sahələrdə böyük potensiala malik olduğu göstərilib.
Mütəxəssislər xəbərdarlıq edir: Görünüşə artıq çox önəm verildiyi indiki cəmiyyətdə belə texnologiyalar mənfi sosial təsirlər göstərə bilər. Süni intellektlə dəstəklənən səhiyyə həlləri insan psixologiyası və etik sərhədlər nəzərə alınmaqla hazırlanmalıdır.