“Din varlığın qəlbi, dövlət varlığın beynidir”
19 dekabr 2012 12:18 (UTC +04:00)

“Din varlığın qəlbi, dövlət varlığın beynidir”

Türkiyənin diyanət işləri başqanı Bakıda din və dövlət münasibətlərindən danışdı

 

“Qərbdə bir çoxları çoxmədəniyyətliliyin iflasa uğradığını söylədiyi bir vaxtda fərqli din mənsublarının, aydınların bir araya toplaşaraq yeni münasibətlər sistemi yaratması lazımdır”.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə keçirilən “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxış edən Türkiyənin diyanət işləri başqanı Mehmet Görməz söyləyib.

 

Mehmet Görməz deyib ki, yeni bir dinə, yeni bir mədəniyyətə, yeni münasibətlər sisteminə ehtiyac var: “Azərbaycanın rəhbərliyi altında keçirilən bu toplantının xeyirli olmasını təvəqqe edirəm. Tarix boyu din-dövlət münasibətləri müxtəlif xarakterli olub. Dindən dövlət hakimiyyətinin gücləndirilməsi üçün də istifadə edilib. Ancaq din cəmiyyətin rifahının və sabitliyinin yeganə qarantı olub. İslam müsəlman coğrafiyasında hər sahədə bir təməl kimi əsas götürülən normativ dəyərlərin qaynağıdır, hafizəsinin ayrılmaz parçasıdır. Dəyərlər dünyasında islam hər bir müsəlmanın stabil həyat sürməsinə yardımçı olub”.

 

Türkiyənin diyanət işləri başqanı bildirib ki, dünyəvilik din və məzhəb savaşları qarşısında sekulyar anlayışın yeganə forması kimi ortaya çıxıb: “Dünyəvilik Qərbdə din və dövlət arasında münasibətlərdə tənzimləyici rol funksiyasını üzərinə götürüb. Dövləti dini qurumların inhisarında tutmağa çalışan teokratik anlayış kimi dini dövlətin təsirində tutan yanaşma da düzgün deyil. Müsəlman coğrafiyasına gəlincə, bu coğrafiyada torpaqları Vətən, cəmiyyətləri millət edən inanc dəyərləri, islamdır. Dinini, inancını itirənlər mili kimliklərini də itiriblər. 18-ci ilin sonlarından İslam dininə qarşı hücumlara dövlət strukturları da dəstək olub. Məsələn, qardaş Azərbaycanın ateizmin hökmranlığı altında keçirdiyi 100 il də buna misaldır. Hazırda bir çox ölkələrdə dinin nüfuzdan salınması cəhdlərini müşahidə edirik. Hər 6 ayda, 1 ildə bir dünyada din azadlıqları, insan haqları barədə hesabatlar yayımlanır. Bu hesabatlarda insanların ədalətdən nə dərəcədə uzaqlaşdığını görə bilirik. Həmin hesabatlarda Xocalı qətliamını görmək olmur. Yaxud insan haqları ilə bağlı bəlli bir coğrafiyada kiçik hadisənin necə böyüdüldüyünü, bir coğrafiyada isə böyük faciənin necə görməzdən gəlindiyini görürük. Heç bir din mənsubu haqq və ədalətdən kənarda qala bilməz. Din insanın, cəmiyyətin xoşbəxtliyini məqsəd kimi qarşısına qoyur”.

 

Mehmet Görməz  dinin varlığın qəlbi, dövlət isə varlığın beyni olduğunu vurğulayıb: “İslam insanları bütün varlığa, kainata qarşı şəfqətli olmağa çağırır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712
avatar

Oxşar yazılar