“Azərsu”nun sahə rəisi “ilişdi”
03 aprel 2013 17:34 (UTC +04:00)

“Azərsu”nun sahə rəisi “ilişdi”

Nurəhməd  Kərimov və Vüsal Qədirovla bağlı toplanmış faktlar hüquq-mühafizə orqanlarına göndəriləcək

 

 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abonent İşləri Departamenti əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində bəzi işçilər tərəfindən abunəçilərin qeyri-qanuni yolla sayğacla təmin edilməsi, onların sayğaclara müdaxilə etməsi ilə bağlı faktlar aşkarlanıb. ASC-d’n Lent.az-a daxil olan məlumata görə, araşdırmalar nəticəsində “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları Departamentinin 6 saylı sayğac quraşdırma sahəsinin rəisi Kərimov Nurəhməd Kərim oğlu və Nəsimi rayon Sukanal Departamentinin nəzarətçisi Qədirov Vüsal Rövşən oğlunun qeyri-qanuni əməlləri ifşa edilib. Məlum olub ki, Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Karat-Holdinq” MMC tərəfindən su sayğacının işləməməsi ilə bağlı cari ilin yanvar ayında Yasamal rayon Sukanal Departamentinə müraciət edilib. Həmin vaxt Nəzarət Ölçü Cihazları Departamentinin Yasamal rayonu ərazisində fəaliyyət göstərən 6 saylı sayğac quraşdırma sahəsinin rəisi  Nurəhməd Kərimov “Karat-Holdinq” MMC-də CTB-65 markalı su sayğacını bazardan aldığı işlənmiş mexaniki sayğacla özbaşına olaraq dəyişdirib və bunun müqabilində abunəçidən 350 manat pul alıb. Sonrakı araşdırmalardan məlum olub ki, həmin  sayğac  əvvəllər Nərimanov rayonu Dərnəgül küçəsi 2090-cı məhəllədə fəaliyyət göstərən “Bakı-Mexanikləşdirmə-1” ATC-yə məxsus olub, yararsız olduğundan 04 oktyabr 2012-ci il tarixdə  istismardan çıxarılıb.

 

“Azərsu” ASC-nin Hüquq departamentinə verdiyi izahatda Nurəhməd Kərimov sayğacın dəyişdirilməsi üçün abunəçidən qeyri-qanuni olaraq 350 manat pul aldığını etiraf edib və həmin məbləğin 185 manatını bazardan sayğacın alınmasına, qalan pulu isə digər məqsədlər üçün xərclədiyini bildirib.

 

Abonent İşləri Departamenti əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində daha bir əməkdaşın vəzifəsindən sui-istifadə halı aşkarlanıb. Məlum olub ki,  Nəsimi rayon Sukanal Departamentinin nəzarətçisi Vüsal Qədirov Bakı şəhəri Nizami küçəsində 3 abunəçinin sayğacına qeyri-qanuni müdaxilə edib. O, “Azərsu” ASC-nin Hüquq departamentinə verdiyi izahatda müxtəlif ünvanlarda xüsusi alətlərlə mexaniki sayğacların göstəricisini əvvələ çəkməklə faktiki sərfiyyatı süni şəkildə azaltdığını, bunun müqabilində abunəçilərdən müxtəlif məbləğlərdə pul aldığını etiraf edib. Bütün bunlar son nəticədə içməli su və kanalizasiya xidmətlərindən istifadənin uçotdan yayındırılmasına  və “Azərsu” ASC-ə ziyan vurulmasına səbəb olub. Hər iki şəxslə bağlı toplanmış faktlar hüquq-mühafizə orqanlarına göndəriləcək.

 

Qeyd edək ki, əhali qrupuna aid abunəçilərə sayğacların quraşdırılması dövlət, qeyri-əhali qrupuna aid abonentlərə isə onların öz hesabına həyata keçirilir. “Azərsu” ASC abunəçilərə tövsiyə  edir ki,  bütün ödənişləri  bank, poçt şöbələri, Pay-point ödəmə terminalları və internet vasitəsilə ödəsinlər.  Səhmdar Cəmiyyətin əməkdaşlarına heç bir halda nağd şəkildə pul ödəməsinlər.

# 2415
avatar

Oxşar yazılar