“Bu, müstəqilliyimizə qarşı hörmətsizlikdir” – <span style="color:red;">Primakov qalmaqalı
01 noyabr 2019 11:29 (UTC +04:00)

“Bu, müstəqilliyimizə qarşı hörmətsizlikdir” – Primakov qalmaqalı

İki gündür ölkə mediasında Bakı Slavyan Universitetində keçirilən esse müsabiqəsindən yazılır. Söhbət Rusiyanın ictimai xadimi Yevgeni Primakovun 90 illik yubileyinə həsr olunmuş müsabiqədən gedir. Sosial şəbəkələrdə, mediada qazilər, ictimai xadimlər mövcud durumu kəskin tənqid edən fikirlər bildirir, hətta universitet rektorunu istefaya səsləyirlər. Paylaşımlarda Primakovun 20 yanvar faciəsinin əsas təşkilatçılarından, millətimizin düşməni olduğu qeyd olunaraq, Rusiyanın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi və Bakı Slavyan Universitetinin rəhbərliyi tənqid olunur.
 
Məsələ barədə Qarabağ qazisi, “Qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlu Lent.az-a danışıb. O, hadisə ilə bağlı qazilərin tələblərini dilə gətirərək, əks təqdirdə müvafiq addımlar atılacağını vurğulayıb:
 
 
“Bu hadisə məni bir vətəndaş, Qarabağ qazisi olaraq çox üzdü. Yolverilməz hadisədir. Azərbaycan müstəqillik tarixinə böyük bir həqarət və tərbiyəsizlikdir. Təkcə BSU-da deyil, səfirliyin Mədəniyyət Mərkəzində neçə gündür bu tədbir keçirilir, insanları dəstə-dəstə yığıb ora aparırlar. Bu tədbiri keçirən Rusiyanın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinə, Bakı Slavyan Universitetinə öz etirazımı bildirirəm. Vətəndaş olaraq tələb edirəm ki, o universitetin rəhbərliyi dərhal işdən çıxarılsın, cinayət məsuliyyətinə cəlb olunsun. Qonşu ölkənin Bakıdakı Mədəniyyət Mərkəzinə bu fəaliyyətinə görə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən nota verilsin. Bu hadisə ilə bağlı Azərbaycan xalqından, şəhid ailələrindən, qazilərdən üzr istənilsin. Əks halda, qazilər müvafiq addımlar atacaq. Universitetin açıqlamasına baxdım.  Deyirlər ki, Mədəniyyət Mərkəzindən dəvət gəlib, bunlar da tələbələri göndərib. Nə fərqi var, Həsən keçəl, keçəl Həsən?”.
 
20 yanvar əlili, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev də universitet rəhbərliyini və bu müsabiqənin təşkilində rolu olan hər kəsi sərt şəkildə qınayıb:
 
 
“Qarşıdan 20 yanvar faciəsinin 30 illiyi gəlir. Mən o faciənin iştirakçısı, əlili kimi buna qəti etirazımı bildirirəm. Bu müsabiqənin təşkili bütün Azərbaycan xalqına, o faciənin iştirakçılarına böyük həqarətdir, tərbiyəsizlikdir. Primakov kim olub axı? Yazmaq istəyirlər, Rusiyanın o qədər görkəmli və dəyərli elm xadimləri var, onlardan yazsınlar. Primakov sovet ordusunun Bakıya girməsinə qərar verənlərdən, 20 yanvar faciəsinin təşkilatçılarından biri olub. O müsabiqəni təşkil edənlər də, universitet rəhbərliyi də 20 yanvar faciəsini görüblər, iştirakçısı olublar. Çox təəssüf ki, onlar buna biganə yanaşıblar. Mən o barədə yazıalrı oxuyub dəhşətə gəlirəm. Universitetin açıqlamasının da heç bir mənası yoxdur. Düzü, bu elə bir məsələdir ki, hamının tanıdığı bir şəxs, millətimizin düşməni üçün yubiley müsabiqəsi təşkil edilib və ona heç bir halda bəraət qazandırmaq mümkün deyil”.
 
Təhsil eksperti Nəbatəli Qulamoğlu təhsil müəssisələrində siyasi tədbirlərin yolverilməz olduğunu bildirib:
 
 
“Azərbaycanın təhsil haqqında qanunlarında yazılır ki, təhsil müəssisələri siyasətdən uzaq olmalıdır. Təhsil müəssisələrində siyasi işlərlə məşğul olmaq qadağandır. Bu dövlətin qanunudur və ona riayət etsinlər. Primakov Sovet İttifaqının əsarəti altında olan bütün müstəmləkə ölkələrinin düşmənidir. Həmişə onların müstəqilliyinə qarşı olub. Belə adamın adına müsabiqə keçirmək, ölkəmizə, millətimizə qarşı hörmətsizlikdir”.
 
Qeyd edək ki, müsabiqə oktyabrın 15-də baş tutub və qaliblər Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov tərəfindən mükafatlanıb. Sosial şəbəkədə yayılan tənqidi fikirləri görən universitetin mətbuat xidməti məsələ ilə bağlı bu gün açıqlama verib. Açıqlamada adları çəkilən və esse yazan tələbələrin əcnəbi vətəndaşlar olduğu qeyd olunsa da, qaliblərin hamısının ad-soyadı azərbaycanlı olduqlarını göstərir: Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalova.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031

Oxşar yazılar