Xaraba gözəl...  – Tanınmış jurnalist Arzu Şirinova Qubadlıdakı doğma kəndindən yazır
25 oktyabr 2024 12:47 (UTC +04:00)

Xaraba gözəl... – Tanınmış jurnalist Arzu Şirinova Qubadlıdakı doğma kəndindən yazır

Oktyabrın 25-də Qubadlı rayonunun erməni işğalından azad edilməsindən 4 il keçir.

Bu illər ərzində bir neçə dəfə cəhd etmişəm ki, böyüyüb boya-başa çatdığım yurduma-Qubadlı rayonunun Mahmudlu kəndinə gedim. Alınmırdı. Qismət 4 ilin tamamına az qalmışa imiş. Kimlər kəndə gedib gəlirdisə, bir nəfər kimi hamı bu fikri söyləyirdi-gördüyün mənzərə uşaqlıq, gənclik xatirələrini siləcək, yerində erməni vandallarının bərbad günə qoyduğu xarabazarlıq həkk olunacaq. Açığı inanmırdım. Nə yazıq ki, deyilən kimi varmış...

...Bəri başdan elimin dəyərli oğlu Təyyar qardaşıma və yolboyu bələdçimiz olan Nəsibə bacıma, eyni zamanda sürücümüz Hüseyn qardaşa minnətdarlığımı bildirirəm. Beləliklə, kəndimizin 7 qızı - Nabat, Bahar, Venera, Səidə, Nəsibə, Şəlalə (artıq ağbirçəkləri - A.Ş.)  Balasoltanlı kəndindən gəlinimiz Sevinc və mən Qubadlıya yollandıq. Açığı deyim ki, içimdə qarmaqarışıq hisslər vardı-həsrətmi, sevincmi, kədərmi, hirsmi, hikkəmi -   bilmirəm.

Yolboyu şer-sənət aşiqi, sinədəftər Nabatın və tarix müəllimi Nəsibənin  kəndimizlə bağlı acılı-şirinli xatirələrini dinlədik. Füzuli rayonunun Horadiz qəsəbəsinə qədər olan məsafəni artıq üçüncü dəfə olardı gedirdim. Birinci dəfə Horadizdə şəhid Vüqarın ailəsinin ziyarətinə getmişdim. Və yazı hazırlamışdım. İkinci və üçüncü gedişim isə Şuşaya olmuşdu. Bu dəfə ünvan Qubadlı idi...

...Səhərin gözü açılmamış Horadizdə yol kənarında yerləşən çayxananın qapısını döydük. Sağ olsunlar, bizi gülər üzlə qarşılayıb çay tədarükünə başladılar. Evdən gətirdiklərimizi masanın üzərinə düzdük. Nabatın bişirdiyi xamralının yeri vardı. Təzə nehrə yağı, pendirlə xamralı ləzzət elədi. Səidənin bişirdiyi südlü çörəklə də çay içdik. Yır-yığış edib üzü Qubadlıya istiqamət aldıq. Füzulinin xaraba kəndlərindən keçib məşhur ağıllı Ağalıya çatdıq. Sürücü marağımızı hiss edib maşını asta sürdü. Xaraba kəndlərdən sonra abad Ağalını görmək qürurverici idi. Bu kənddə yenidənqurma və abadlaşdırmadan sonra salınan ağaclar xeyli böyüyüb. Artıq bar verir...

...Cəbrayıl rayonunun kəndlərində də eyni aqibəti - xaraba kəndlər və tikintisinə başlanılan yeni kəndlər. Qubadlıya az qalıb. Təxminən bilirdim hansı mənzərəylə qarşılaşacağam. Ancaq yenə də bir ümid vardı ki, 1993-cü il avqustun 20-də (Qubadlı avqustun 31-də ermənilərin işğalına məruz qalıb. Ailəmiz isə, mən, uşaqlar və həyat yoldaşım 11 gün əvvəldən istirahət üçün getdiyimiz rayondan çıxmışdıq. Onu da xüsusi olaraq vurğulayım ki, rayonda olduğumuz müddət ərzində hər gün ermənilər tərəfindən kəndlər, rayon mərkəzi müxtəlif silahlardan atəşə tutulsa da, əhalinin yurdlarından vəhşicəsinə qovulacağı kimsənin ağlına gəlməzdi - A.Ş.) ayrıldığım yurdumda keçmiş, ancaq şirin, əvəzi olmayan günlərdən nələrsə yadigar qalar...

...Bu da Qubadlı... Rayonun Zilanlı və Mahruzlu kəndləri yenidən tikilir. Yenidən tikilir deyirəm ona görə ki, əvvəlki görkəmindən əsər-əlamət yoxdu. Çox güman ki, tam hazır olandan və sakinlər evlərinə qayıdandan sonra başqa mənzərənin şahidi olacağıq. Xanlıqdan keçirik - ermənilərin yallı getdiyi Xanlıqdan. İlk olaraq Sevincin ata yurdu olan Balasoltanlıya baş çəkdik. Həkəri çayının yaxınlığında uçub-dağılan evin həyətində xurma, nar ağacları bar gətirib. Sevinc telefon vasitəsilə yaşlı atası ilə görüntülü danışdı. Bu mənzərənin şahidi olmamaq üçün kənara çəkildim...

...Yenidən Xanlıq kəndinə qayıtdıq ki, rayona gedək, ordan da Mahmudluya qalxaq. Yollarda çox böyük işlər görülür. Demək olar ki, yollar yenidən çəkilir. Bunun da nəticəsi olaraq yolboyu ağaclar bomboz rəngdədir. Üstünü toz basdığından ağacları bir-birindən ayırmaq olmur. Həkəri çayının üstündə yeni salınan körpünün altından torpaq yolla Qubadlıya getmək üçün aşırıma (həmin yer Ağsu aşırımını xatırladırdı bir vaxtlar - A.Ş.) çatırıq. Bir vaxtlar aşırımın hündürlüyündən baxanda kəndlər - Hal, Qəzyan, Mirlər, Dondarlı, Dəmirçilər görünürdü. Hər biri də Bərgüşad çayının sahilində, yaşıllıqlar içində cənnət... Ermənilər o cənnət məkanı xaraba qoyub. Dağıdılmış, xaraba yerlərdir başdan-başa. Rayon mərkəzinə yaxınlaşırıq. Deyilən kimi varmış. Hər yer xarabazarlıq. Tanıdığım ailələrin evlərindən əsər-əlamət yoxdu. İşğal ərəfəsində yeni tikilən evlər bünövrəsinə kimi sökülüb (verilən məlumatlara görə, erməni vandalları sökdükləri tikinti materiallarını qonşumuz, sözdə din qardaşımız, əslində isə ermənilərin yandaşları olan farslara satıblar. Nəinki tikinti materiallarını, tarixi abidələrimizi, qəbirüstü mərmər daşları da farslara satıb, bu illər ərzində pul qazanıblar - A.Ş.), ancaq çay daşları ilə tikilən evlərin dağıdılan hasarları durur. Qubadlı rayonunun 1 saylı orta məktəbinin ərazisində isə daş daş üstə qalmayıb. Sanki bu yerdə bir vaxtlar ikimərtəbəli məktəb olmayıb...

...Rayon mərkəzindən keçib Mahmudluya yaxınlaşırıq...

Mahmudlu kəndi rayondan 3 kilometr məsafədə yerləşir. Ancaq son illər cavan ailələr yeni evlər tikdiyindən az qalırdı ki, kəndimiz rayonla birləşsin. Kəndin qurtaracağından Yazı Düzünə yeni, enli yol salınır.  

...Kəndimizin qəbiristanlığı. Əzəmətli Qara Qayanın sol yanında, Bərgüşad çayının yarım kilometrliyində, yaz aylarında lalələrin, gül-çiçəklərin əhatəsində olan kənd qəbiristanlığı.  Evlərimizə getmədən birinci dünyadan köçənlərimizin məzarlarını ziyarət etmək qərarına gəldik. Qəbiristanlığın yeri dərə-təpə olub. Bütün başdaşları, sinə daşları sındırılıb. Goreşən ermənilər qəbir yerlərini eşib tanınmaz hala salıblar. Qardaşımın, ulu baba və nənəmin məzar yerlərinin harda olduğunu bilirdim. Bilirdim ki, Novruz bayramı ərəfəsində qonşumuz Tutu xala dünyadan nakam köçən qızının, anam da qardaşımın məzarı başında ürək dağladan səslə ağlayardılar. Mənim o vaxtlar 10 yaşım olardı. 53 il bundan əvvəl. Kirimişcə baxardım. Ağlamazdım. Anamın göz yaşlarının dayanmadan qardaşımın sinə daşına tökülüb islatdığına şahidlik edərdim. O yaşımda da, bu yaşımda da ağlamadım. Göz yaşlarımı içimə axıtdım. Nə qəbiristanlıqda, nə evimizdə, nə də kəndimizi gəzəndə gözümdən bir damla yaş çıxmadı. Bəlkə ağlasaydım, ürəyim dincələrdi, rahatlaşardı...

...Yarım saata qədər qardaşımın məzarını axtardım. Mənimlə gedən bacılarım da hərə bir tərəfdən sındırılıb kənara atılmış başdaşlarına baxır, hərdən də “tapacağıq” deyə, mənə toxtaqlıq verirdilər. Yaddaşıma həkk olunan məzar yeri elə vəziyyətə salınıb ki, bu mənzərəni sözlə ifadə etmək mümkünsüzdü. Torpaqları işğal olunan biz, ev-eşikləri xarabazarlığa çevrilən biz, qaçqın-köçkün həyatı yaşayan biz, doğmalarının məzarları təhqir olunaraq tar-mar olunan yenə də biz. Ancaq biz yenə də bu illər ərzində Bakıda, eləcə də Azərbaycanın müxtəlif yerlərində vaxtilə salınan erməni qəbiristanlığındakı erməni  məzarına toxunmadıq. Bu, təbii ki, mədəniyyətimizin, əxlaqımızın, insanlığımızın və ən əsası milli kimliyimizin göstəricisidir. Bu dəyərlərin də heç birinin ermənilərə aidiyyəti yoxdur...

...Nəhayət, bacım Nəsibənin köməyi ilə qardaşımın məzarını tapdıq. Daha doğrusu, baş daşı və sinə daşını. Daş sındırılıb, gülləbaran edilib. Bu duruma da şükür edib, ürəyimdə dünyasını dəyişən atama və anama “gözünüz aydın qardaşımın məzarını tapdım, sonrakı gedişimdə məzarı yenidən bərpa edəcəyəm”, deyib ayrıldım.

Qəbiristanlığın yuxarı başında qızlarla belə qərara gəldik ki, evləri bir-bir gəzsək, çatdıra bilməyəcəyik. Ona görə də Nabatla Bahar kəndin aşağısına - evlərinə üz tutdular. Biz isə öz tərəfimizə üz tutduq. Rəhmətlik Şəmil dayının evindən başladıq. Məndən fərqli olaraq, qızı Venera ağlayıb ürəyini boşaltdı. Nəsibə, Şəlalə, Sevinc və mən onu xatirələri ilə baş-başa qoyub Mollalı məhəlləsinə, yəni bizim məhəlləyə yollandıq. Bizdən fərqli olaraq, Səidə məhəlləyə aşağı yoldan gəlmişdi. Aydın dayı, Həsən dayı, Atlıxan dayı və Şirin dayının evlərinin yaxınlığından keçib getdik. Sabir müəllimin evinə çatanda xatirələr yada düşdü. Sabir müəllim və Səvən xalanın qızları Məmləkətlə dost-sirdaş olmuşuq. İkimərtəbəli evlərinin eyvanında (burdan kəndin əksər hissəsi əl içi kimi görünürdü - A.Ş.) Səvən xalanın bişirdiyi ləzzətli mürəbbələrlə samovar çayı içərdik. Hərdən də Qara Qayanın üstünə çıxıb Bərgüşüdı seyr edərdik...

...Bu da uşaqlığımı, gəncliyimi yaşadığım ata yurdum - Xasay kişinin evi. Onu da qeyd edim ki, qəbiristanlıqda da, evimizə gələndə də yol uzunu hər yer cəngəllik idi. Kəndə gedib-gələnlərin dediyinə görə, obalarımız ilanların oylağına çevrilib. Bəlkə də payız fəslinə təsadüf etdiyindəndir, ilan görmədik...

...Sanki başqa bir yerdəydim. Bir tək nərdivanlardan bilinirdi ki, bura evimizdi. Evimiz, həyətimiz, bağımız kiçilib elə bil. Addım atsaydım, qonşumuz Asif dayının həyətinə düşərdim. Bizim həyətdə bir dənə olsun meyvə ağacı qalmayıb. Xaraba evimizin içində yabanı ağaclar boy atıb. Həyətimizi gəzə bilmədim cəngəlliyin əlindən. Səidə evlərinin həyətindən bizi səslədi. Diki enib, mənim üçün dəyərli olan Vahid dayı və Məlahət xalanın həyətlərinə çatdıq. Rayon işğal olmamışdan öncə təmir etmişdilər evlərini. Təyyarın toyunu edəcəkdilər. Bu evdə Məlahət xala çox əziyyətimi çəkib, qayğıma qalıb. Anam Manya Bakıda xəstəxanada yatanda Məlahət xala məni qızları Səidə, Nəsibə, Ofeliyadan ayırmayıb. Elə sonralar da o evi ikinci ata evi bilmişəm. Bir tərəfdə Güllər xalanın, o biri tərəfdə Asif dayının, qarşı tərəfdə Arif dayı və Oqtay dayının evləri... Molla məhəlləsinin ağsaqqalları, ağbirçəklərinin hamısı dünyasını dəyişib. Hər birinin özünəməxsus insani keyfiyyətləri, qabiliyyətləri vardı. Bir-birinə hörmətlə yanaşardılar, can deyib, can eşidərdilər. Olurdu ki, bulaq başında növbə üstündə cavanlar bir-biri ilə sözləşərdi, dərhal yoluna qoyub barışdırardılar. Çox maraqlıdır ki, bizim kəndin hər məhəlləsindən şor bulaq axırdı. Suyu şor olsa da, bumbuz, göz yaşı kimiydi. Qışda sudan buğ çıxırdı, yayda isə soyuq olurdu. Şor bulağa gedə bilmədik. Dediyim kimi cəngəllik imkan vermədi. ...

...Evlərimizdən ayrılıb İsmayıl dayının dükanı olan yerə gəldik. Maşınla kəndin düz yüksəkliyinə qalxdıq. Yuxarı məhəlləyə. Özləri üçün dəmir vaqonlardan kiçik ev düzəldən əziz müəllimimiz Bəhlul və qardaşı Adil bizi gözləyirdi. Cəngəllikdən təmizlənən həyətdə arı yeşikləri düzülüb. Onlardan bir qədər aralıda isə Fəxrəddin müəllimin eyni qaydada eviydi ki, onlar şəhərə gəldikləri üçün görüşə bilmədik. Hər kəs gətirdiyini süfrəyə düzdü. Vaxtın nə zaman keçdiyindən xəbərimiz olmadı. Sürücü qardaşımız xatırlatdı ki, uzaq yol gedəcəyik, yığışmaq vaxtıdı. Oturduğumuz yerdən kəndimizə bir daha baxdıq. Nabat demişkən, kəndimiz xaraba olsa da, gözəldi. Havası, suyu, torpağı, təbiəti, çayları, meşələri, göyü, yeri - hər şeyi. Bizi bu yerlərlə, torpaqlarımızla qovuşduran Şəhidlərimizə Allahdan min rəhmət, qazilərimizə şəfalar diləyib, xaraba gözəli-kəndimizi  geridə qoyub üz tuturuq şəhərə...

Biz rayonda olanda hava tutqun idi. Artıq şəhərə dönəndə-Xanlıqda gün çıxmışdı. Sanki Günəş bizi yola salırdı...                

Arzu Şirinova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2655
avatar

Oxşar yazılar