Azərbaycanda problemli kreditlər adi hala çevirilib. Külli miqdarda kredit götürmüş bir çox vətəndaşın adı problemli siyahıda yer alır. Çoxları ya ödənişi gecikdirir, ya da ümumiyyətlə ödəməkdən imtina edirlər. Bu zaman isə bank əməkdaşları müxtəlif nömrələrdən zəng edir və onlardan borcu vaxtı-vaxtında qaytarmaları tələb olunur. Maraqlı situasiya odur ki, bu yaxınlarda xarici ölkələrdən birində vətəndaş bank işçilərinin zəngindən bezdiyi üçün bankı məhkəməyə verərək, onları cərimə etdirib.
Bəs görəsən, bu qayda Azərbaycanda da keçərlidirmi? Vətəndaş bank zənglərindən bezdiyi üçün onu məhkəməyə verə bilər?
Lent.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, Azərbaycanda belə bir qanun yoxdur:
“Eyni qayda ölkəmiz üçün keçərli deyil. Yəni vətəndaş borcu ödəmədiyi üçün ona dəfələrlə zəng edən bankı məhkəməyə verə bilmir. Lakin o, hədsiz zənglərdən bezibsə, telefonu açmaya, yaxud bankın nömrəsini “blok”a ata bilər. Bu əməl yaxud zəngləri açmamaq qanunsuzluq hesab olunmur. Çünki telefon insanın şəxsi mühitidir, o, istədiyi zəngi açar, istəmədiyini də açmaz. Bununla yanaşı, əgər bank danışıq zamanı etik çərçivədən çıxırsa, kobudluq edirsə, o zaman polisə şikayət etmək olar.
Borclu şəxs zəngləri açmırsa, bank ona zəng etmək yerinə hüquq çərçivəsində məsələni həll edə bilər”.