Valideynlərin istismar planı: Vaxtından əvvəl evləndirilən və məktəbə göndərilən  uşaqlar
08 aprel 2025 14:12 (UTC +04:00)

Valideynlərin istismar planı: Vaxtından əvvəl evləndirilən və məktəbə göndərilən uşaqlar

5 yaşı var. Burnunun bir deşiyindən dondurma, o biri deşiyindən şokolad axır, amma əlində qələm var.

Uşaq gözünü açan kimi kitab, dəftər, məşğələ...

“Hazırlığa gedir” deyirik. Nəyə hazırlaşır? Həyata? Yox. Uşaqlığının birbaşa əlindən alınaraq, təyin olunmuş sistemə salınmasına.

Valideynlər fəxrlə paylaşır: “Biz artıq 15 hərfi əzbərləmişik”, “Biz artıq rəqəmləri sayırıq".

Bu “biz” kimdir?

Uşağınız 5 yaşında ola-ola siz də məktəbə gedirsiniz, yoxsa uşaqlıq kompleksinizi onunla kompensasiya edirsiniz?

Bir az real olaq: 5 yaşında uşaq üçün ən təbii fəaliyyət nədir? 

Oyun, kəşf, suallara cavab axtarmaq, yoxsa nöqtəli xəttin üstündən keçmək?

Uşaqlar yazı yazmaq əvəzinə bir-biri ilə su savaşına girmək istəyəndə, "xəstələnərsən”, qaçmaq istəyəndə “tərləyərsən” deyən valideynlər hələ beş yaşındakı uşağın çiyinlərinə məsuliyyət yükləyərək onların ilk tərini axıdırlar və xəstələndirirlər.

Çox uzağa getməyək: bugünkü 20-30 yaşlı nəsil də belə böyüdü. Onlar da vaxtından əvvəl məktəbə hazırlaşdılar.

Bəs nəticə?

Kitab əzbərləyən, amma həyat bilməyən insanlar. Əlifbanı tanıyıb, özünü tanımayan insanlar.

Bəlkə uşaq ilk növbədə yazı yox, özünü ifadə etməyi öyrənsin? 

Rəqəmlərlə yox, rənglərlə tanış olsun?

“Bizimki artıq oxuyur” deyir valideyn. Nə gözəl. 

Bəs o uşaq yuxusuzluqdan gözünü ovxalayanda nə deyir?

“Mən məktəbə getmək istəmirəm!”

Amma sən ondan daha çox istəyirsən. Sənin yerinə oxuyur, sənin yerinə əzbərləyir, sənin uşaqlıqda edə bilmədiklərini edir və sənin komplekslərini daşıyır. Çünki sən 90-cı illərdə bu fürsəti itirmisən, indi də öz uşağından revanş alırsan.

Vaxtından əvvəl evləndirilən qızlarla, vaxtından əvvəl məktəbə göndərilən uşaqlar arasında heç bir fərq yoxdur.

Hər ikisi, əlində bir “gələcək” cəzası olan kölədir.

Birinə ailə adı altında cəmiyyətin boğazına bağladığı zəncirləri taxır, digərinə isə təhsil adı ilə oxumağa məcbur edərək, öz insanlıq hüquqlarını əlindən alır.

Əgər bir qız hələ 14 yaşında evlənirsə, o zaman bu sadəcə bir evlilik deyil, həm də onun həyatına edilən təcavüzdür.

Eyni şey 5 yaşından məktəbə göndərilən uşaqlara da aiddir.

5 yaşında o uşağın beyninə “cəmiyyətin standartlarına uyğun olun” deyə bir şablon yerləşdirirlər.

Bu nədir?

Bu sadəcə uşağı “böyük dünyaya hazır etmək” deyil, onu bir sistemə bağlamaq, beynini və ruhunu əlindən almaqdır.

Gəlin, bir az daha açıq deyək: Uşaqlar, həm məktəbə, həm də gələcəyə göndərilən tələlərdir.

Vaxtından əvvəl böyüdülən, vaxtından əvvəl evləndirilən qızlar, vaxtından əvvəl məktəbə göndərilən uşaqlar – hamısı bir təcrübənin qurbanıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6998

Oxşar yazılar