TikTok-da retro mədəniyyətimiz necə yaşadılır?
13 dekabr 2024 12:07 (UTC +04:00)

TikTok-da retro mədəniyyətimiz necə yaşadılır?

TikTok platformasının müxtəlif mövzularda məzmun hazırlayan yaradıcıları hər gün daha da artır: əyləncə, yumor, təhsil, sağlamlıq, yemək, həyat tərzi, dəb və s. kimi mövzularla yanaşı, mədəniyyət, tarix, incəsənət sahələri haqqında olan hesablar da az deyil. Bu platformada Azərbaycanın zəngin retro mədəni irsini təbliğ edən yaradıcılar da xüsusi yer tutur. Onlar retro filmlərimizi, cizgi filmlərimizi, musiqilərimizi paylaşaraq, gənc nəsilləri bu əsərlərlə tanış edir və onları yaşadır.
TikTok-un qısa video formatı, retro məzmunun yeni və maraqlı formada təqdim olunmasına imkan yaradır. Bu yaradıcılar milli Azərbaycan filmlərinin maraqlı səhnələrini, məşhur dialoqları, nostalji musiqi parçalarını və unudulmaz cizgi filmlərini bölüşməklə, həm nostalji duyğular oyadır, həm də bu mədəniyyət nümunələrini gənclərə tanıdır və sevdirirlər. Beləliklə, TikTok-da retro ruhunu qoruyan və yeni nəslə Azərbaycan retro mədəniyyətini tanıdan bu yaradıcılar, keçmişi indiki zamana daşıyaraq ona yeni bir nəfəs bəxş edir.

@retrovideo.az 


Şüarı "Ruhumu riqqətə gətirən musiqinin izi ilə” olan hesabda xalq artistləri, görkəmli ifaçılar, xanəndələr və müğənnilərimizin möhtəşəm ifaları paylaşılır, bu təkcə Azərbaycan musiqisini yox, həm də onun qəlblərdə oyatdığı duyğuları əks etdirir. Musiqimizin canlı xəzinəsi yeni nəsillərə ötürülür və hər birimizi bu mənəvi zənginliyə bir addım daha da yaxınlaşdırır. Yaradıcı, böyük sənətkarımız Elmira Rəhimovanın 1955-ci ildə Hindistanda qastrol səfərində olan zaman ifasından bir parça paylaşaraq, bu ifaçının kim olduğunu soruşaraq həm izləyicilərin biliklərini sınayır, həm də bilməyənlərə bu sənətkarımızı tanıdır. Hesabın daha yüksək baxış toplayan videolarından biri dövrünün məşhur müğənnilərindən olan Züleyxa Mirismayılovanın ifasıdır. İzləyicilərin baxış sayı və aktiv şərhləri kontentin maraqlı və faydalı olmasından xəbər verir. 

@retro__azerbaijan


18 mindən artıq izləyicisi olan hesabda retro kliplər, filmlər, məşhurların konsertlərindən və müsahibələrindən fraqmetlər nümayiş etdirilir və hər biri də yüksək baxış statistikası ilə seçilir. 1,5 ml. baxış sayı ilə hesabın ən populyar məzmunu Azərbaycanın kino tarixinin incilərindən sayılan 1965-ci ildə çəkilmiş “Arşın mal alan” filmindəki bu məşhur səhnədir. Hesabda həmçinin məşhur aktyorların çəkildiyi filmlərin xronoloji ardıcıllığı ilə bağlı da məzmunlar yer alıb. Məsələn, bu videoda Xalq artisti Fəxrəddin Manafovun 1982-ci ildən 2023-cü ilə kimi çəkildiyi filmlərdəki rolları əks olunub. Aktyorun dəyişən və sevilən rollarından ibarət məzmun 43 min izləyici marağına səbəb olub. Həmçinin müasir dövrün retro ifa ilə ortaya çıxan məzmunu, keçmişin nostalji duyğularını müasirliklə harmoniya içində təqdim edərək, həm ənənəvi dəyərləri qoruyur, həm də yeni nəsillərə sevdirir.

@retro_.music


Yalnız retro musiqilərin təbliği ilə məşğul olan bu TikTok hesabı, keçmişin unudulmaz melodiyalarını yenidən diqqət mərkəzinə gətirir. Xüsusi stilistikası ilə fərqlənən hesab, retro ifaların unikal enerjisini müasir vizuallarla birləşdirərək, həm nostalji sevənlərə, həm də yeni nəsil dinləyicilərinə müraciət edir. Bu yanaşma, musiqi irsimizi qoruyub saxlamaqla yanaşı, ona yeni həyat verir və retro musiqilərin universal cazibəsini geniş auditoriyaya çatdırır. Hesabın ən çox baxış toplayan məzmunlarından biri muğam və opera müğənnisi Əbülfət Əliyevin ifasında “Eşqimin növrağı” mahnısıdır. Bu ifanı izləyicilər əsasən “Ögey ana” filmindən tanıyırlar. 
Beləliklə, retro mövzuda məzmun paylaşan TikTok hesabları keçmişin musiqi, moda və mədəniyyət elementlərini müasir dövrlə birləşdirərək, auditoriyalar üçün həm nostalji hisslər, həm də yenilikçi bir təcrübə yaradır. Bu platformalar sayəsində retro irs yalnız unudulmamaqla yanaşı, yeni nəslin diqqətini də cəlb edir. Retro mövzulu TikTok hesabları keçmişlə gələcək arasında körpü yaradaraq, zamanın ruhunu əbədi yaşadır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353
avatar

Oxşar yazılar