Ramazan ayında toy etmək olar? - Ziddiyyətli FİKİRLƏR
07 aprel 2022 20:15 (UTC +04:00)

Ramazan ayında toy etmək olar? - Ziddiyyətli FİKİRLƏR

İslamın ən müqəddəs aylarından biri, bəlkə də birincisi Ramazandır. Lakin buna baxmayaraq, cəmiyyətdə bu ayla bağlı müxtəlif yanaşmalar var. Kimi bu ayda toy etmək, şənlənmək və s. tədbirlərin keçirilməsinin yolverilməzliyini, digərləri isə tam bunun əksini düşünür.

Mövzu ilə bağlı Bakıdakı bir sıra şadlıq sarayları arasında sorğu keçirdik. Məlum oldu ki, “Firavan”, “Sapfir”, “Ay işığı”, “Ağ saray”, “Kolizey” və s. şadlıq saraylarında Ramazan ayı üçün toy sifarişi yoxdur. 

Ramazan ayı ilə bağlı ortaya çıxan bu və ya digər suallara aydınlıq gətirmək üçün din mütəxəssislərinə müraciət etdik.

İlahiyyatçı Elşad Miri Lent.az-a açıqlamasında bildirdi ki, Ramazan ayında toy etmək qəbahət deyil:

Elşad Miri

“Ramazan Quranın nazil edildiyi, eyni zamanda insanların oruc tutduğu bir aydır. Ramazan ayında yemək vaxtlarını iftar vaxtlarına uyğunlaşdırıb toy da etmək olar, hər şey də. Burada qəbahət olan heç nə yoxdur. Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə əksər insanlarda belə düşüncə var ki, insanlar gəlib toyda içki içmirsə, həmin toya pul salmır. Halbuki düşünmürlər ki, bir adam toya gedəndə ora salacağı pulu əvvəlcədən müəyyənləşdirir. Yəni, içkinin olub-olmaması SSRİ dövründə qaldı”. 

Onun sözlərinə görə, bu ayda “toy etmək olmaz” düşüncəsi məntiqsizdir:

“Bundan başqa deyirlər ki, Məhərrəmlikdə, may ayında toy etmək olmaz. Bəs, bu insanlar nə vaxt toy etsinlər? Onda gərək təqvim müəyyənləşdirilsin ki, bu günlərdə toy etmək olmaz, bu günlərdə olar. Ona görə də, yenə deyirəm, “Ramazanda toy etmək olmaz” yanaşması məntiqsizdir, bu fikrin heç bir əsası yoxdur”. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev isə Ramazan ayında toy etməyi cılızlıq kimi dəyərləndirdi:

Hacı Fuad Nurullayev

“Ramazan 11 ayın sultanıdır. Allah bu ayda peyğəmbərimizə Quranı nazil edib. Biz 12 ayın 11 ayında toy, gəzinti və bütün işlərimizi görə bilərik. Bəs, bizim bu qədər imkanlarımız varsa, bunu niyə Ramazanda edək? 

Ramazanda çoxlu dualar edilməli, oruc tutulmalıdır. Allah bizə ziyafət süfrəsinə dəvət edir və biz isə başqa-başqa işlərlə məşğul olmaq istəyirik. Bu cılızlıqdır. Ramazan ayını mükəmməl formada dərk etmək lazımdır”. 

O bildirdi ki, bu ayda toy etmək imkansızdır:

“Ola bilər ki, biri öz oğluna qız almaq istəyir, qız qapısına getmək istəyir. Bu zaman iftar süfrəsi təşkil oluna  bilər və həmin süfrə arxasında “Bismillah razılığı” verilə bilər. Amma toyu bu ayda etməmək gözəldir. Toy adətən 6-da başlayır, iftar isə daha gec olur. Bu o deməkdir ki, sən gündüz kimlərisə yedizdirməlisən, bu çox böyük günahdır. Bu ayda evlənmək olar, amma toyun edilməsi imkansızdır”. 


“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov da ilahiyyatçı Elşad Miri ilə həmfikirdir:

Qamət Süleymanov

“İslamda toy etmək üçün qadağan olunacaq gün, ay yoxdur. Əlbəttə, Ramazanda toy etmək olar. Belə ki, insanları iftar vaxtı dəvət edib, toyu da etmək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8307
avatar

Aytəkin Cəlali

Oxşar yazılar