Fəxrəddin Musayev küçəsi, 17.
İndi belə adlanır bu küçə.
Amma nə az, nə çox, düz 184 il bundan əvvəl Qusarın indiki bu küçəsinin yerində başqa bir küçə yerləşirdi. Yox, nə küçə. Küçə vardımı həmin vaxt. Heç Qusar belə yox idi. Sadəcə bir kənd. Amma bu kəndin bu yerini “Zabitlər məhəlləsi” adlandırırdılar o vaxt. Hə, bir adı da “Zadəganlar məhəlləsi” idi.
Çar Rusiyasının Qafqazlardakı yerləşdirdiyi əsgər və zabitlər, onların ailələri yaşayırdı bu məhəllələrdə, bu yerdə. Onlardan biri də Aleksandr Aleksandroviç Marşev idi...
***
San Sanıç hərbi həkim idi. Uzaq Peterburqdan ailəsi ilə bura göndərilmişdi. Necə deyərlər, çar ataya, Birinci Nikolaya vəzifə borcunu yerinə yetirmək üçün burdaydı. Və bir gün...
Hə, 1837-ci ilin bir payız günü onun qapısını döyürlər. Elə bu qapını.
Qarşısında 23 yaşlı bir gənci görür həkim. Və…
Və andaca tanıyır. Odur, “Şairin ölümü”nü yazan şair –Mixail Lermontov...
Qusar, görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığı ev
***
Fəxrəddin Musayev küçəsi, 17.
Bu evin qapısını döysək də, heç kim açmadı. Yoldan ötənlərdən soraqlasaq da, qane edici cavab ala bilmədik.
- Heç kim yaşamır burda. Şəxsi evdir. Muzey deyil. Barelyef? Hə burda yaşayıb bir müddət şair. Ona görə barelyefi vurulub.
“Salamlayıram səni, ağsaçlı Qafqaz”. Və belə yazılıb barelyefin altında...
Buranı Qusarda hamı şairin evi kimi tanıyır. Bir müddət burda yaşayıb Mixail Lermontov. Yuxarıda dedik , həkim Marşevin ailəsi ilə. Onun Puşkinə həsr etdiyi “Şairin ölümü” poeması, Nikolayın qəzəbinə səbəb olmuşdu. 23 yaşlı Mixail Qafqazla sürgün olunmuşdu. Peterburqdan Qafqazla, imperiyanın ucqarlarına gəlib çıxmışdı.
Qusar, görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığı ev
Əvvəl Tiflisə, ordan Şəkiyə, Şamaxıya və Qubaya. Və elə bir vaxtda ki Hacı Məhəmmədin Nikolaya qarşı qaldırdığı məşhur Quba üsyanı təzə yatırılmışdı. Üsyankar şair bəlkə də elə buna görə vurulmuşdu bu yerlərə
Bu yerlərə, daha dəqiqi indiki Qusara, Marşevin evinə gəlib düşənədək Mixail əvvəlcə Tiflisdə olmuşdu. Bir müddət Axundovdan, hə, düz tapdınız Mirzə Fətəli Axundovdan Azərbaycan dilini öyrənmişdi. Sonradan dahi şair dostu Rayevskiyə göndərdiyi məktubda yazacaqdı:
“İnanırsanmı, Rusiyadan çıxandan indiyə kimi yollardayam, gah poçt arabasında, gah at belində… dağlar aşmışam… Şuşada ( tədqiqatçıların fikrincə bu Şəki olmalıdır, çünki Lermontov heç vaxt Şuşada olmayıb), Şamaxıda, Kaxetiyada olmuşam… Tatar dilini (yəni azərbaycancanı) öyrənməyə başlamışam. Avropada fransız dili kimi Asiyada da bu dil çox lazımdır. Təəssüf ki, axıra qədər öyrənə bilməyəcəyəm, gələcəkdə lazım olardı”.
Qusar, görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığı ev
***
Qusarda çiləgirli riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olur, Ləzgi Əhməddən “Aşıq Qərib” dastanını dinləyir. Bir başqa məlumata görə isə, “Aşıq Qərib”i ilk dəfə indiki İsmayıllı rayonun Mican kəndindəki toyların birində aşıqların dilindən eşidir.
Və bir gün ləzgi qızı Zöhrəyə vurulur. Zöhrə Marşevin qonşuluğunda yaşayırdı. Amma bu sevgi qarşılıqlı olmur. Böyük şair Zöhrəyə olan sevgisindən “Xəncər” şeirini yazır. Qusarda yaşadığı qısa müddət ərzində o, “Aşıq Qərib”, "Qaçaq Hacı”, "Qaçaq İsmayıl bəy” poemalarını, “Ayrılıq” və “Gənc ləzgi” şeirlərini qələmə alır, həm də. Təsadüfi deyil ki, yenə elə bayaq adını çəkdiyimiz Rayevskiyə yazırdı:
“Əgər Qafqaza gəlsən, oradan şair olub qayıdarsan. Mən sənin tufanlarını nə qədər sevirəm, Qafqaz!”.
***
Tez-tez aşıq məclislərində, el şənliklərində olur, ən sadə, kasıb adamlara belə ünsiyyətdən, dostluqdan çəkinmir. Hörmətli alimimiz Şamil Qurbanov yazırdı ki, Lermontovun Qafqaza qədərki əsərlərində türkdilli xalqların ümumi ortaq sözlərini istifadə etməsi diqqət çəkən məqamlardandır. “Məsələn, “bayram”, “allah”, “meçet”, “mulla”, “başlıq”, “vallax”, “yok”, “yakşi”, “çox yaxşi”, “tatar yaman” (“Zəmanəmizin qəhrəmanı”) sözləri bunu sübut edir. Lermontovun “Aşıq Qərib” nağılında istifadə olunmuş bəzi sözlər, məsələn, “ağa”, “allah”, “ana”, “saz”, “aşıq”, “mövlam”, “oğlan”, “rəşid”, “görərsiz”, “salam əleyküm” əksərən yalnız Azərbaycan dilində işlənir. Bu onu təsdiq edir ki, Lermontov Qafqaz xalqlarının həyatına dərindən bələd idi”.
Qusar, görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığı ev
Ötən əsrin altmışıncı illərinə qədər bu evdə Marşevdən qalmış dəmir çarpayı, miz və daha bir neçə əşya dururdu. İndi həmin əşyalar yoxdu. Amma onları muzeyə verib qorumaq olardı.
O ki qaldı böyük şairə, ona məxsus bir neçə əşyanın Qusar Tarix Diyarşünaslıq Muzeyində qorunduğunu deyilir. Bunların arasında ona məxsus qələm, mürəkkəb və daha bir neçə kiçik əşya var. Deyilənlərə görə, Qusar sakini Robert Səmədov adlı bir şəxsdə Lermontova aid daha bir neçə əşya olubmuş. Həmin əşyalar arasında şairin çarpayısının, kitablarının və digər çoxsaylı ləvazimatlarının da olduğu bildirilir. Amma Robert adlı bu şəxs hazırda dünyada yoxdur. Həmin əşyalar isə…
Onların taleyi də bəlli deyil...
***
Fəxrəddin Musayev küçəsi, 17. Burda, bu evdə Lermontov yaşayıb bir müddət. Dünya poeziyasının ən ünlü şairlərindən biri. Bu evdə yaşayandan 4 il sonra dueldə öldürülüb. Vur-tut 27 yaşında. Pyatiqorskda. Pyatiqorskda onun öldürüldüyü yer turistlərin ən çox ziyarət etdiyi yerdi. Nədən onun böyük şedevrlər yaratdığı bu evi turist məkanına çevirməyək?
Qusar, görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığı ev
Qusar, Səbuhi Məmmədli görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığı evinin önündə
Qusar, görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığı ev
Qusar, görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığı ev
Qusar, Lamiyə Məmmədova görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığı ev
Qusar, görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığı ev
Lamiyə Məmmədova
Səbuhi Məmmədli