Qafqazda analoqu olmayan kənd - Böyük Qayıdış başlandı...
19 iyul 2022 10:42 (UTC +04:00)

Qafqazda analoqu olmayan kənd - Böyük Qayıdış başlandı...

“Ağalı kəndindən çıxanda 8 yaşım var idi. Beynimdə ancaq uşaqlıq xatirələri, evimiz, küçəmiz qalıb. Torpaqlarımız işğaldan azad olunandan sonra kəndimizə getmişdik. Sevinirəm ki, 30 ildən sonra dədə-baba yurduna qayıdırıq. Evimizin yerində salınan kənd əvvəlkindən də möhtəşəmdir və Qafqazda analoqu yoxdur. Ora qayıtdıqdan sonra vəzifəmizi layiqincə yerinə yetirməyə çalışacağıq. Bizə bu sevinci yaşadan Ali Baş Komandana, igid Ordumuza minnətdaram. Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin".
Bunu kənd sakini Ceyhun Həsənov jurnalistlərə verdiyi açıqlamasında deyil. Budur, 29 ildən sonra 37 yaşlı Ceyhun həm də öz uşaqlığına qayıdır. Uşaq kimi sevinir təbii ki. Və bu sevinci gözləməyə dəyər. 
Və bu sevinci görməyə də dəyər. 
Hə, bu gün tarixi gündür. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılır.
İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib.

Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür.
İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.
Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Qeyd edək ki, bu il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Kənddə Ailə sağlamlıq mərkəzi, uşaq bağçası, həmçinin kənd tam orta məktəbi də sakinlərin istifadəsində olacaq.

“Bu gün Zəngilanda, həmçinin Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur.
Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.
"Bütün infrastruktur tam hazırdır. Kənddə 360 şagird yerlik müasir məktəb tikilib. Təhsil ocağı bütün zəruri ləvazimatlarla təchiz olunub. 60 nəfərlik uşaq bağçası istifadəyə hazırdır. Kənddə kifayət qədər iş yerləri fəaliyyət göstərir",- deyə Prezidentin xüsusi nümayəndəsi bildirib.
Vahid Hacıyevin sözlərinə görə, Ağalı kəndi üzrə 1457 sakin qeydiyyatdadır ki, onlardan da 1357 nəfəri kənddə yaşamaq niyyətini bildirib.
"Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalıya köçürülür. Növbəti 5 gün ərzində ümumilikdə 201 nəfər Ağalı kəndinə köçürüləcək".
 

# 1584
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar