Peyvənddən sonra virusa yoluxma niyə baş verir? -  AÇIQLAMA
10 mart 2021 14:39 (UTC +04:00)

Peyvənddən sonra virusa yoluxma niyə baş verir? - AÇIQLAMA

“İnsanların müəyyən qismi peyvənd olunmalarına baxmayaraq virusa yoluxa bilərlər, sadəcə, burada virus yükündən asılı olaraq xəstəliyi nə qədər yüngül keçirəcəklərini bilmək və digər peyvənd olunmayan insanları hansı səviyyədə yoluxdura biləcəyi məsələsi önəmlidir. Bu, bir neçə son tədqiqatla araşdırılıb”.

Bunu Lent.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Bu gün gündəm olan xəbərlər arasında Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseynin koronavirusa yoluxması da var.  Fevralın 23-də koronavirus əleyhinə peyvənd olunmasına baxmayaraq Pənah Hüseynin virusa yoluxması hər kəsin diqqətini çəkib.

Bu xəbər hər kəsdə sual yaratdı: "Peyvəndləmədən sonra yeni yoluxmaların qarşısının nə dərəcədə almaq mümkündür?"

Azərbaycanlı alim bildirib ki, tədqiqat zamanı da peyvənd aldıqdan bir müddət sonra virusa yoluxan insanlar olub:

Azərbaycanlı alim Nuran Abdullayev

“Elmi araşdırmaların nəticələrinə əsasən, müəyyən olunub ki, hətta birinci doza ilə peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu qədər aşağı olan virus yükü ilə virusun virulentliyi çox aşağı olur və digər insanları yoluxdurması da azalır. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmamağın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır”.

N.Abdullayevin sözlərinə görə, dünyanın harasında yaşamaqdan asılı olmayaraq tətbiq edilən peyvəndlər birinci nəsil peyvəndlərdir.

“Bu nəsil peyvəndlərin məqsədi isə ağır keçən xəstəliyin və ölüm hallarının qarşısını almaqdır. Bu o demək deyil ki, peyvəndi vurdursan bir daha virusa yoluxmayacaqsan. Bu gün aparılan elmi tədqiqatlar kifayət qədərdir. Və sübut olunur ki, peyvəndlərin effekti öncədən istənilən nəticəni verir. Bu peyvəndlər vurulandan sonra həqiqətən də yoluxmaların sayında özünü biruzə verib. Məsələn, bəzi tədqiqatlarda insanlar arasındakı yoluxmaların hətta 70 faizə qədərinin qarşısının alındığı söylənilir. Bundan əlavə, insanlar peyvənd vurdurmasına baxmayaraq virusa yoluxursa, bunu daha yüngül keçirirlər. Amma burada bir məqama xüsusi diqqət etmək lazımdır. Çin peyvəndi ilə bağlı hələ ki belə bir tədqiqat elmi ədəbiyyata daxil olmayıb. Peyvəndi istehsal edən firmanın özünün rəsmi məlumatları olsa da, elmi ədəbiyyata daxil olan bir tədqiqat hələ ki yoxdur. Nəzəri cəhətdən isə bildirmək olar ki, əslində bu peyvəndlər də digər gen texnologiyası ilə hazırlanan peyvəndlər kimi eyni məqsədə xidmət etməlidirlər. İkinci dəfə yoluxma olarsa, yüngül formada keçirilməlidir”.

Burada sual yaranır: "İnsanlar özləri necə yoxlaya bilər ki, bu peyvənd mənə təsir etdi, yoxsa yox?"

“Hər bir kəs peyvənd vurdurmadan əvvəl qanda anticisimlərin miqdarına baxa bilər. Bu azərbaycanda da mümkündür. Peyvənd vurdurduqdan sonra - bu həm birinci, həm də ikinci dozaya aiddir- müəyyən müddət keçsin və qanda həmin anticisimlərin miqdarı bir daha yoxlansın. Özləri də şahid olmalıdır ki, peyvənddən sonra dəyişiklik oldu və anticisimlərin sayı artdı. Əslində bunu elmi tədqiqat şəklində də Azərbaycanda etmək lazım idi ki, insanlara peyvəndin təsiri bir daha elmi əsaslı göstərilsin. Yox, əgər tədqiqat nəticəsində peyvənddən sonra anticismlərin sayında ciddi dəyişiklik görülməsə o zaman peyvəndin təsirinə şübhə ilə yanaşmaq olar. Əslində bu tədqiqat həm dövlət üçün, həm də əhali üçün çox önəmlidir”. 

N.Abdullayev bildirib ki, bugünə qədər aparılan elmi tədqiqatlarda peyvənd aldıqdan bir müddət sonra virusa yoluxaraq xəstəliyi çox yüngül, bəzən də xəbərsiz keçirənlərin ətrafındakı peyvənd almayan şəxsləri hansı səviyyədə yoluxdurması da araşdırılıb. Belə ki, peyvəndləmə başladıqdan sonra peyvənd vurulmayan insanlardakı virus yükü ilə peyvəndləmədən öncə olan ümumi virus yükü müqayisə edilib. Onun sözlərinə görə, bu, böyük laboratoriyalarda gün ərzində 10-20 min insanlardan götürülən testlər vasitəsilə yoxlanılıb:

“Bu zaman əhali arasında aparılan ümumi peyvəndləmədən təxminən 2 həftə sonra gələn, öncədən peyvənd almayan insanlardakı ilkin diaqnozlara və onlarda olan virus yükünə baxılıb. Nəticədə məlum olub ki, peyvəndləmədən sonra xəstələnən insanların ümumi virus yükü peyvənddən öncə xəstələnən şəxslərdəki virus yükündən çox aşağıdır. Həmin bu virus yükü təxminən xəstəlikdən bir həftə keçdikdən sonra sağalan insanda virulentliyini itirən virus yükünə bərabər olub. Bir sözlə, aparılan elmi tədqiqatlarda peyvəndin təsirindən nəinki peyvənd alan şəxslərdə, hətta peyvənd almayan insanlarda da virus yükünün xeyli aşağı endiyi məlum olub ki, bu da xəstəliyi çox yüngül simptomlarla və ya heç hiss etmədən keçirmək deməkdir. Bu tədqiqatı da Azərbaycanda tətbiq edib önəmli nəticələr əldə etmək olar”.

Alimin sözlərinə görə, Azərbaycanda mərhələli şəkildə hər kəs tez bir zamanda effektivliyi sübut edilən peyvəndlə immunitet qazanmalıdır:

“Belə olsa normal həyata qısa müddət ərzində qayıda bilərik. Əgər peyvəndləmə uğurla davam edərsə və sadaladığım effektlər ümid edilən kimi uzun müddətli qalarsa, pandemiyanı bitirmək üçün birbaşa selikli qişa immuniteti yaradacaq ikinci nəsil peyvəndlərin tətbiqinə ehtiyac qalmayacaq və pandemiyanın qarşısı hazırda istifadə olunan effektli birinci nəsil peyvəndlərin tətbiqi vasitəsilə alınacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6507
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar