Okeanda balıq sevdası, zürafə kababı, vizasız Cibuti - Turizm şirkətləri nə təklif edir?
25 noyabr 2021 17:10 (UTC +04:00)

Okeanda balıq sevdası, zürafə kababı, vizasız Cibuti - Turizm şirkətləri nə təklif edir?

Dünyada insanlar ən çox Fransa, İspaniya, Amerika, Çin, İtaliya, Meksikaya və digər Avropa ölkələrinə səyahət edirlər. Azərbaycan insanı isə daha çox Rusiya, Türkiyə və elə yuxarıda adını çəkdiyimiz ölkələrdə.
Bəs digər yerlər üçün necə, məsələn, heç Cibutiyə və ya Afrikanın digər ekzotik ölkələrinə səyahətlə bağlı düşünmüsünüz?

Sanki hər kəsin içindən “yox, ora haradır”  kimi sözləri eşidilir. Düzü, heç bu yazını yazmağı mənə tapşırana qədər mən də Cibutinin varlığından xəbərsiz idim.

Nə isə, söhbət təkcə Cibutilik də deyil. Afrika Cibuti ilə bitmir ki.

Söhbət ondan gedir ki, görəsən Azərbaycanda turizm şirkətləri Afrikanın ekzotik ölkələrinə turlar təşkil edirmi?


Adını çəkmədiyimiz turizm şirkətlərindən birinə zəng vurub, Cibutiyə səyahətlə maraqlanırıq.

Cibuti

Cavab unikaldı: “Düzü, ilk dəfədir oranın adını eşidirəm, amma sizin üçün ora səyahətlə bağlı maraqlanacam” .  Bir qədər sonra cavab gəlir. Məlum olur ki,
Cibutiyə təkcə təyyarə bileti 1930 manat təşkil edəcək. Uçuş isə bu marşrutladı. Bakı-İstanbul- paytaxt Cibuti və geriyə. Bu 1930 manata isə nə otel, nə gəziləcək yerlərə ekskursiya, nə də qidalanma daxildi. Onu da vurğulayaq ki, Azərbaycandan Cibutiyə gediş vizasız mümkündür.

Məşhur şirkətlərin birində Tanzaniyaya səyahətin qiyməti 1728 manatdır. Bu qiymətə daxildir 7 gecə 6 günlük otel, səhər yeməyi, sığorta və transfer.

Bu ölkədə Nakupenda çimərliyinə gedib-gəlmək, çimmək 24 manat, Kilimancaro dağlarının görməli yerlərinə bir neçə günlük səyahət 4200 manat, açıq okeana çıxıb balıq tutmaq isə 510 manat təşkil edir.

Zürafə, fil və digər ekzotik heyvanları görmək üçün safari 68 manatdan başlayır.

Bazarda ekzotik meyvələr isə Bakıdan çox ucuzdu: 1 kiloqram manqo 34 qəpik, ananas 1 manat 36 qəpikdir, kokos isə təxminən 20 qəpik.
Qeyd edək ki, bu qiymətə həmin meyvələrin doğranması və servis edilməsi də daxildir. Yeri gəlmişkən, Tanzaniyaya vizanın qiyməti 136 manatdır.

Tanzaniyaya viza

Başqa bir turizm şirkətində Keniyaya tur isə belə təşkil olunur.

Keniya

Şirkətdən Lent.az-a bildirdilər ki, bu tur 6 gecə, 5 günü əhatə edir. Turun qiyməti 3263 manatdır. Tur paketinə daxildir kamp tipli otel, nəqliyyat, bələdçi, səhər yeməyi, transfer və ekskursiya.

“Səyahətin birinci günü otelə yerləşmə, günorta yeməyi, Nayrobi şəhər gəzintisi və vəhşi heyvanların ətindən hazırlanmış yeməklərin verildiyi Karnivon restoranında şam daxildi. Bu restoranda müxtəlif fil, timsah, zürafə ətindən hazırlanmış yeməklər təqdim olunur. Özü də İsveç stolu formatında. Yəni hansından istəsən dada bilərsən”. Keniyada günlük yemək təxmini 50 manata başa gəlir.


İkinci gün Navyaşa, 3 və 4-cü gün Masai Mara qoruğuna, 5-ci gün  Nakuru gölünə səyahət təşkil olunur.  6-cı gün isə səhər yeməyindən, Keniyanın paytaxtı Nayrobiyə qayıdışdan və aeroporta transferdən ibarətdir.

Adətən yeni insan doğulanda onun üçün dünyaya gəldi deyilir. Dünya isə bizim doğulduğumuz ölkədən ibarət deyil. Hər səyahət yeni bir dünya, yenidən dünyaya gəlişdir. Dünyaya ilə tanışlığınız çox olsun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10068
avatar

Aytəkin Cəlali

Oxşar yazılar