“O əsgərin ovcunda kiçik bayraq vardı”  – Xanım həkim müharibə dəhşətlərindən danışır...
18 iyul 2022 13:47 (UTC +04:00)

“O əsgərin ovcunda kiçik bayraq vardı” – Xanım həkim müharibə dəhşətlərindən danışır...

“Aslanın erkəyi, dişisi olmaz”, deyiblər. Bu deyimi İkinci Qarabağ Müharibəsində daha yaxşı başa düşdük. Neçə-neçə qadın həkim, tibb işçisi peşəsinə olan sevgiləri ilə təhlükələrə güc gəldi. Həmin həkim xanımlardan biri də Kəmalə Namazovadır. Yəqin ki, bu ad çoxlarına tanışdır. Həmin günləri geridə qoysa da, Kəmalə xanım unudulmayan o anları Lent.az-a danışdı:

2000-ci ildən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində reanimatoloq-anestezioloq işləyirəm. Tibbi elmləri namizədi, dosentəm. 50-yə qədər məqaləm və publisist yazılarım Azərbaycanda və xarici jurnallarda dərc olunub.

Hələ iyulun 13-də general Polad Həşimov və onun məsləkdaşları şəhid olanda sarsılmışdım. O vaxt Facebook hesabımda bir status yazdım: “Azərbaycan əsgəri, irəli! Biz həkimlər daima sizinləyik. Qələbə bizimlədir. Səfərbərlikdə qeydiyyatdan keçdim. Sentyabrın 26-da xəstəxanadan zəng elədilər ki, təcili bura gəlin, kişi həkimlər cəbhəyə gedir. Təəccüblə “bəs mən?” dedim. Lap İsmayıl kimi ağlayırdım ki, onlar getdi, mən qaldım. Oktyabr ayının 4-ü Füzulidəki Diaqnostika Tibb Mərkəzinə ezam olundum. O vaxt kiçik qızım müəllim yanında idi. Ona zəng vurdum. Dedi ki, məni gözlə, getmə. Bizim xəstəxana ilə oranın arasında 4 km-ə qədər məsafə var. Həmin məsafəni 15 dəqiqə ərzində qaça-qaça, qan-tər içində gəlmişdi. Məni qucaqladı, ağladı: “ Səninlə fəxr edirəm” dedi. Həmin anları hələ də unutmamışam.


 
- Bir həkimin gözündə müharibə nə deməkdir?

- İkinci Qarabağ Müharibəsi rus filmlərindəki müharibəyə bənzəmirdi. Səngərdən çıxdı, “Urra, irəli!”, elə deyildi. Bu, XXI əsrin əsl Vətən savaşı idi. Biz bütün dünyaya haqq səsimizi çatdırdıq. Tək erməni ilə yox, demək olar ki, bütün dünya ilə savaşırdıq. Müharibə sanki “Rembo” kinosundakı epizodlara bənzəyirdi. O gözlə görünən, müharibənin qaranlıq tərəflərini, dəhşətləri nə yaxşı ki, tam görməmişəm. Daha çox ilk yardım üçün qəbul şöbəsində olurdum, reanimatoloq-anestezioloq kimi birbaşa ağır xəstələrə müdaxilə edirdim. Nisbətən yüngül yaralılara cərrah özü qəbul edib xüsusi cərrahi əməliyyatlar həyata keçirirdi. Hərdən deyirəm ki, batalyon həkimi olsaydım, yəqin ki, indiki kimi olmazdım. Hospitalda xidmət etdiyim vaxtlarda çox çətinliklərlə üz-üzə qaldıq, lakin bizim xəstələrin həyatını geri qaytarmaq üçün etdiyimiz müdaxilələri toplasan, 1 dəqiqə etməzdi. Yəni, o qədər sürətli işləyirdik. Yaralıların ağrılarını, əzmini, həyatla mübarizə aparmaqlarını ürəyimizdə hiss edirdik. Bundan təsirli nə ola bilər ki?.


 
- Həmin günlərinizi qeyd etdiyiniz dəftərçə və ya müharibə gündəliyiniz olub?
 
- Orada su içməyə, yemək yeməyə belə vaxt yox idi. Qeyd aparmaq da mümkün deyildi. Heç xəstəlik tarixlərini də yaza bilmirdik. Hər anımız qızıldan idi. Ən çox yaralılar, ağır xəstələr Füzulidən gəlirdi. Ambulanslar yaxınlaşdıqca bir-bir yardım edib, müvafiq şöbələrə ötürürdük. Hətta ambulanslar hospitala daxil olanda sevinirdik ki, yaralı gətiriblər. Amma şəhid çadırına yaxınlaşanda çox pis hisslər keçirirdik...
Gecələr yaralıları tapmaq, gətirmək çətin olurdu deyə, gecələr xəstə qəbulu demək olar ki, olmurdu. Adətən həkim yoldaşlarımızla otaqda oturub dərdləşirdik. Ümumi vəziyyətdən, ailəmizdən, gün içində şahidi olduğumuz ağrılı-acılı anlardan... 
 
- Sizi sarsıdan, təsirləndirən hadisəni xatırlayırsınızmı?
 
- Bir gün gecə 12 olardı, damar cərrahımız Namazov İlqarla əməliyyat bitdikdən sonra həyətə düşdük. Çox acmışdıq. Təsəvvür edin, heç sevmədiyim, yemədiyim iki meyvədən biri xurmadır. Yaxınlaşdım ağaca ki, bir xurma dərəm. Xurma da hələ tam yetişməmişdi. Yaxınlığımıza mərmi düşdü və partlayış səsindən çox qorxduq. İnandırım sizi, elə bildim xurma əlimdə partladı. Ağacda bir dənə də xurma qalmadı, hamısı töküldü başımıza. Başım şişdi. İndi kimisə gəl inandır ki, başıma xurma düşüb. Sanki daş düşmüşdü.
 
Orada hər şey çətin idi. Xüsusilə ambulans səssiz şəhid çadırına girəndə. Hamı için-için ağlayırdı. Şəhid çadırında dili tutulan, ürəyi gedən, təzyiqi qalxan valideynlərin əzabını görmək mənim üçün ən dəhşətlisi idi. Bəlkə də heç vaxt yadımdan çıxara bilməyəcəyəm o günləri...
 
 
 
- Neçə əməliyyatda iştirak etmisiniz?  
 
- Mən reanimatoloq olduğum üçün qəbul etdiyim xəstələr ya huşsuz olurdu, ya da kliniki ölüm keçirirdi. Ona görə əksər işlədiyim yaralıları xatırlamıram. Çünki əksəriyyəti qan, torpaq içində gəlirdi deyə, heç üzləri yadımda qalmırdı. Adını və soyadını bilmədiyim, kliniki ölümlə gələn bir əsgərin ovcunda kiçik bayraq var idi. Onu götürdüm, indi də saxlayıram.
 
Həmin dövrlərdə biz həkimlər iki cəbhədə, həm vətən müharibəsində, həm də koronavirus “savaş”ında vuruşurduq. Hər iki savaşda həkimlərin itkisi ilə üzləşdik. Hər iki cəbhədə dünyasını dəyişən bütün şəhid həkimlərimizə Allahdan rəhmət diləyirəm. Bütün şəhidlərin ruhu şad, məkanı cənnət olsun. Qalanlara da can sağlığı arzu edirəm. Arzu edirəm ki, hər iki cəbhədə əziyyəti keçən, seçilən, layiqli həkimlər mükafatlandırılsın. Çünki hələ də əməklərinin qarşılığında mükafat almayanlar, kənarda qalan həkimlərimiz var. Axı onlar bunu haqq ediblər. Ən çətin anlarda vətənə xidmət edənləri unutmaq olmaz. Çiyin-çiyinə ümumi cərrah və professor Elman Tağıyev, Fariz Camalov və Elnurə Salmanova ilə, abdomenal cərrahlar Tural Abbaszadə, İdrisov Fərəc və Behbudov Vüqarla, ürək cərrahımız Mirzəyi Faiqlə, damar cərrahlarımız Namazov İlqar, Quliyev Rasim və Budaqov İlhamla, üz-çənə cərrahlarımız Verdiyev Yaşar və Əkbər Məmmədovla, anestezioloq-reanimatoloqlarımız Azər Aslanov, Rəşad Quliyev, Fazil Cəniyev və Ruslan Məmmədovla birgə işlədik. Təbii ki, Azərbaycan Tibb Universitetinin tələbələri Könül Rzayeva və Orxan Əhədlini də qeyd etməliyəm. 
 
Mənim əslim, Qərbi Azərbaycan, Qarakilsə rayonunun Şəki kəndindəndir. Mən inanıram ki, tezliklə Zəngəzura da qayıdacağıq. Yuxuda görmüşdüm ki, biz o torpaqlara sürət qatarı ilə gedirik.  İnşallah, o da olacaq. Sonda demək istəyirəm ki, bu qələbədə ordumuz kimi həkimlərin də böyük rolu oldu. Şəhid sayı çox ola bilərdi, həkimlər olmasaydı...

# 5427
avatar

Nigar Namiq

Oxşar yazılar