Müdafiə Nazirliyinin hərbi liseylərinə 2021/2022-ci tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb.
Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, tədris dili Azərbaycan dili, təhsil forması əyani, təhsil müddəti 2 ildir. Liseylərə cari ildə ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar.
Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 1 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək ərizə ilə Lisey rəisinə müraciət etməlidirlər.
Namizədlər müraciət etdikləri hərbi liseydə yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə hərbi liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq etdirirlər. Namizədlər qəbul imtahanlarının başlama tarixinə 3-5 gün qalmış hərbi liseyin Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi alırlar. Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə illik qiymət “3”dən aşağı olan namizədlərə buraxılış vərəqəsi verilmir.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
– Azərbaycan dili;
– riyaziyyat;
– fizika;
– kimya.
Namizədlər hərbi liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər.
Sənədlər C.Naxçıvanski adına Hərbi Liseydə yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Zığ -1 hərbi şəhərcik. Əlaqə telefonu: 479-80-24).
Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Elektron ərizələrin doldurulma, imtahana buraxılış vərəqəsinin verilmə, imtahanların başlama tarixləri barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində elan olunur.
Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin internet saytında yerləşdiriləcək.