Polad Həşimov
23 mart 2022 08:30 (UTC +04:00)

Polad Həşimov

Milli Qəhrəman Polad Həşimov örnəyi

Hər bir xalqın tarixi olduğu kimi, tarixdə öz adını əbədi yazan qəhrəmanları da olur.  Azərbaycan xalqının tarix boyu böyük şücaətlər göstərmiş qəhrəmanları olub. Bu qəhrəmanların göstərdikləri vətənpərvərlik və qəhrəmanlıq səlnamələri nəsildən nəslə ötürülüb. Xalq  hər zaman öz tarixi qəhrəmanları ilə fəxr edib. Ərəb Xilafətinə qarşı vuruşmuş Cavanşir, Babək, dövlət başçısı-mürşüd-sərkərdə Şah İsmayıl Xətai, ədalətsizliyə qarşı döyüşən Koroğlu, milli mübarizə döyüşçüsü Səttərxan kimi tarixi qəhrəmanlarımız var. Tarixi qəhrəmanlar isə hər zaman xalqın yaddaşında yaşayırlar. Onların adları, əməlləri, xarici düşmənlərə qarşı apardıqları mübarizələr xalqın folklorunda, ədəbiyyatında, tarixində yaşadılır.

Müasir Azərbaycan tarixində də öz qəhrəmanlıq səlnaməsi ilə adlarını tarixə yazan qəhrəmanlarımız var. Bu qəhrəmanlarımız həm ötən əsrin əvvəllərində, həm də sonlarında olub. Hərb tariximizdə onların adları qızıl hərflərlə həkk olunub. Ötən əsrin sonlarında və sonralar da onlarla Vətən övladı Vətən, torpaq yolunda canlarını fəda ediblər. Onların sırasında Allahverdi Bağırov, Şirin Mizəyev, Mübariz İbrahimov kimi oğullarımız var.

Azərbaycanın Poladı

Azərbaycan xalqının hər zaman fəxr etdiyi qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı,  general-mayor Polad Həşimovdur. Polad Həşimov təkcə bu gün Azərbaycan xalqının fəxr etdiyi qəhrəman deyil. O, həm də Türk Dünyasının şəhid generalıdır. Polad Həşimov bu gün Azərbaycan oğulları üçün qəhrəmanlıq simvoludur. Azərbaycan gəncliyi üçün vətənpərvərlik nümunəsidir.

2020-ci ilin iyul ayında ermənilərin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədini pozaraq törətdiyi təxribat zamanı bir qrup hərbçi ilə birlikdə şəhid olan Polad Həşimovun bu qəhrəmanlığı sonradan Vətən müharibəsində Azərbaycan əsgəri üçün simvola çevrildi. Yağı düşmənlə döyüşə girən Azərbaycan əsgəri döyüşlərdə Polad Həşimov və onun kimi şəhid olmuş Azərbaycan oğullarının qisasını aldılar. Çünki Polad Həşimovun şəhidlik zirvəsinə ucalmasından sonra yüzlərlə qəhrəman Azərbaycan oğulları ordu sıralarına yazıldılar və 44 günlük Vətən müharibəsi dönəmində böyük qəhrəmanlıq nümayiş etdirdilər.

Polad Həşimov təkcə hərbçi kimi deyil, həm də nümunəvi zabit kimi öz əsgərini qorumaq üçün bu cür riskə gedən zabit kimi tariximizə öz adını yazdırıb. “Əsgərini qorumaq zabit üçün birinci şərtdir” düşüncəsi ilə yaşayan generalın bu sadəliyi, öz əsgərinə sevgi ilə, qayğı ilə yanaşması ona milyonların sevgisini qazandırıb. Polad Həşimov təkcə Azərbaycanda deyil, türk dünyasında da artıq vətənpərvərlik nümunəsinə çevrilib. Qardaş Türkiyədə onun adına park salınıb, adına şölənlər təşkil olunub. Gənclərə vətənpərvərlik ruhunun aşılanmasında da Polad Həşimov nümunəsi  böyük örnəkdir.

Ali Baş Komandanın xüsusi dəyər verdiyi general

Bu baxımdan 2 fevral - Gənclər Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə görüşü zamanı Polad Həşimovun qızı - Aybəniz Həşimova ilə dialoqu da kifayət qədər diqqət çəkən idi. Həmin görüşdə Polad Həşimovun qəhrəmanlığı haqqında ətraflı danışan ölkə başçısı da onun şəhidlik zirvəsinə ucalmasının Vətən müharibəsi zamanı əsgərlərin əhval-ruhiyyəsinə təsir etdiyini qeyd etdi: Prezident İlham Əliyev: “Milli Qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər var idi. Gördüm bir binanın üstündə onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim, onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm ümumiyyətlə gələcək haqqında öz sözlərimi dedim. Onun qanı yerdə qalmamalı idi və qalmadı. Biz onun qisasını aldıq və döyüş meydanında aldıq. Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Mən onun bir hərbçi kimi fəaliyyətini çox yüksək qiymətləndirirdim. Mən şəxsən onu yüksək mükafatlarla təltif edirdim. Mən sevinirdim ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir. Deyə bilərəm ki, onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda, onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı azad etməliyik… Polad Həşimovun qəhrəmancasına və onunla bərabər digər qəhrəmanlarımızın həlak olması bir daha bütün xalqı da, eyni zamanda, sarsıtdı və hərəkətə gətirdi. Çünki müharibəni aparmaq üçün bütün amillər olmalıdır, bütün amillər - güc, iradə, cəsarət, vətənpərvərlik və xalqın, necə deyərlər, birliyi və xalqın hazır olması… Polad Həşimov öz şəhadəti ilə, deyə bilərəm ki, xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı. Əgər bu olmasaydı, müharibəni belə aparmaq çətin olardı. Mən bu yaxınlarda Gəncədə ermənilər tərəfindən dağıdılmış evlərin önündə demişdim ki, hətta o dağıntılardan çıxanlar, öz yaxınlarını itirənlər deyirdilər ki, ancaq irəli getməliyik. Yadımdadır, mən müharibə zamanı bir çox müsahibələr vermişdim. Bir sual bu günə qədər yadımdadır. Bir jurnalist demişdi ki, ya Bərdədə, ya Tərtərdə dəfn mərasimində olub. Bu müsahibədən sonra söhbət əsnasında dedi ki, təəccüb etdim, gördüm ki, Sizə qarşı, iqtidara qarşı heç bir narazılıq yoxdur. Mən gözləyirdim ki, orada Sizi ittiham edəcəklər, deyəcəklər, nə üçün İlham Əliyev bu müharibəni başlayıb ki, biz yaxınlarımızı itirmişik. Dedi ki, mən bir çox yerlərdə, döyüş yerlərində olmuşam, belə ruh yüksəkliyi görməmişəm. Hamı deyirdi ki, Prezidentin arxasındayıq, hamı deyirdi ki, ancaq dayanmasın. Bilirsən, bax, budur, xalq. Xalq buna hazır olmalı idi və hazır oldu. Ona görə Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir. İlk növbədə, sənin üçün, sənin yaxınların üçün. Amma sən fəxr edə bilərsən ki, Polad kimi atan olub, var və xalqımızın qəlbində əbədi yaşayacaq”.

Polad Həşimov bir general,  hərbçi olmamışdan əvvəl, bir övlad, bir ailə başçısı idi. Vətənə sədaqət ruhunda böyüyən Polad Həşimov öz xalqını sevən, Azərbaycan xalqı var olduqca tarixdə əbədi olan qəhrəman oldu.

Baxmayaraq ki, 44 günlük Vətən müharibəsi artıq başa çatıb, qloballaşan dünyada ölkələrin ərazi bütövlüyü və müstəqilliklərinə hər zaman təhdidlər olub və indi də var. Ordusu olmayan və ya olan ölkələr üçün bu təhdidlər daha  böyükdür. Azərbaycanın da yüksəldiyi Cənubi Qafqaz bölgəsi hər zaman siyasi, iqtisadi baxımdan diqqət mərkəzində olduğundan Azərbaycan dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında Azərbaycan ordusunun üzərinə böyük məsuliyyət düşür. Güclü ordu isə təkcə güclü hərbi arsenaldan ibarət deyil. O ordu güclü ordudur ki, onun əsgəri hər an döyüşə hazırdır. Vətəni qorumaq üçün canından belə keçməyə qadirdr. Odur ki, general Polad Həşimov nümunəsinin Azərbaycan gənclərinin həyatında, maarifləndirilməsində, vətənpərvərliyin təbliğ olunmasında müstəsna rolu var.

 

Fuad Hüseynzadə

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öncə Vətəndir” layihəsi çərçivəsində hazırlanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3735
avatar

Oxşar yazılar