Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu Lizinq müqaviləsi ilə bağlıdır.
Lizinq müqaviləsi nədir və digər mülki müqavilələrdən nəyə görə fərqlənir?
Lizinq münasibətləri, əsasən, üçtərəfli münasibətlər olmaqla lizinq verən, lizinq alan və satıcı (mal verən) arasındakı hüquqi münasibətləri tənzimləyir. Belə ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş qaydada satıcıdan satın alaraq onu müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə müəyyənləşdirilmiş dövriliklə lizinq verənə muzd ödəməyi öhdəsinə götürür.
Burdan da aydın olduğu kimi lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bağlanılmış üçtərəfli müqavilədir.
Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.
Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.
Satıcı alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir.
Lizinq əməliyyatlarında satıcının iştirakı məcburidirmi?
Xüsusilə vurğulanmalıdır ki, lizinq əməliyyatlarında satıcının iştirak etməsi qanunvericilik tərəfindən məcburi şərt kimi qoyulmamışdır, yəni bu əməliyyatların birbaşa lizinq alanla lizinq verən arasında baş verməsi halları da mümkündür. Belə olduqda lizinq verən özlüyündə həm də satıcı qismində çıxış etmiş olur.
Lizinq müqaviləsinin obyektinə nələr daxildir?
Lizinq müqaviləsinin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Əsas vəsaitlər dedikdə isə istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan amortizasiya edilməli olan maddi aktivlər başa düşülür (Vergi Məcəlləsi, 13.2.17-ci maddə).
Lizinq müqaviləsi hansı formada bağlanılır?
Lizinq müqaviləsi xüsusi prosedur tələb edən müqavilə növlərindən biri olduğu üçün yalnız yazılı formada bağlanılmış müqavilə hüquqi qüvvəyə malikdir. Belə ki, lizinq müqaviləsi yazılı formada bağlanmalıdır.
Lizinq müqaviləsinin məzmununa tərəflərin hüquq və öhdəlikləri daxildir:
Belə ki, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.
Həmçinin lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər.
Halbuki lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
Lizinq alan lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir və lizinq müqaviləsinə xitam verildikdən sonra o lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə qaytarmalıdır.
Lizinq alanın lizinq obyektini qaytarmadığı və ya vaxtında qaytarmadığı hallarda lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.
Qanunvericilik lizinq alanın mümkün sui-istifadə hallarını məhdudlaşdırmaq məqsədi ilə lizinq verən üçün bir sıra hüquqlar nəzərdə tutmuşdur:
Belə ki, Mülki Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:
lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;
lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə;
lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə;
lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
Əmlak hansı halda lizinq alanın mülkiyyətinə keçir?
Göstərilən müddəaların mahiyyətindən də aydın olduğu kimi lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir.
Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır.
Bu zaman lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
Lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır.
Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir.
Beləliklə, lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır.
Lizinq müqaviləsini digər bir sıra müqavilələrdən fərqləndirən əsas xüsusiyyətləri:
Lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alğı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar.
Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir.