Körpəyə təcili yardım çağırıldı, gəlmədilər... - "Həyati əhəmiyyətli deyil"
07 mart 2024 16:37 (UTC +04:00)

Körpəyə təcili yardım çağırıldı, gəlmədilər... - "Həyati əhəmiyyətli deyil"

Bakıda təcili tibbi yardımın işindən narazı qalan vətəndaş redaksiyamıza şikayət ünvanlayıb.

Lent.az xəbər verir ki, şikayətə əsasən, Xəzər rayonu Binə Sovxoz adlanan ərazidə yaşayan sakin fevral ayında 2 dəfə, mart ayında isə bir dəfə təcili tibbi yardıma müraciət edib.

Fevral ayında olan müraciətlərə 2 saatdan artıq müddətə həkim briqadası gəlsə də, mart ayında 2 yaşlı körpənin yüksək temperaturuna görə etdiyi çağırışa gələn olmayıb.

Nəticədə əlacsız qalan vətəndaş gecə saatlarında başqa həkimə müraciət edib və iynə vurulduğu üçün uşağın qızdırması düşüb.

Şikayətçinin sözlərinə görə, artıq yatandan sonra gecəyarı “təcili” tibbi yardım əməkdaşı zəng edərək gəlib-gəlməməli olduqlarını soruşub.

Qeyd edək ki, ərazidə təcili tibbi yardımın son zamanlar bərbad iş vəziyyəti və etinasızlıq sakinlərin narazılığına səbəb olub.

Problemin təcili yardım stansiyasında avtomobil yaxud həkim çatışmazlığı səbəbindən yarandığını məntiqə uyğun düşünsək də, TƏBİB-in araşdırması nəticəsində gələn cavab belə oldu:

“12.02.2024-cü il saat 22:59, 17 fevral saat 23:57 tarixlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə X.K (şərti adla) tərəfindən ... kəskin ağrı səbəbilə çağırış daxil olub.

12 fevral saat 22:59 tarixində daxil olan çağırış saat 00:56 -da, 17 fevral saat 23:57-də daxil olan müraciət 01:39-da icraya verilib.

Qeyd edək ki, 103 çağrı mərkəzinə daxil olan çağırışlar təcili və təxirəsalınmaz olaraq çeşidlənir.

İlk olaraq təcili və həyati əhəmiyyət kəsb edən müraciətlər icra olunur. Təxirəsalınmaz çağırışlar isə gözləməyə alınır.

Hər iki çağırış təxirəsalınmaz hal olduğu üçün gözləməyə alınıb.

05.03.2024-cü il saat 21:14 tarixində N.O(şərti adla) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə temperatur səbəbilə müraciət daxil olub.

Qeyd edək ki, təcili çağırışlar ilk olaraq icra olunduğu üçün və temperatur təxirəsalınmaz çağırış sırasına daxil olduğuna görə gözləməyə alınıb”.

Rəsmi cavabdan belə çıxır ki, xidmət yalnız ölüm ayağında olanlar üçün təcilidir. Çox gözəl, təbii ki, ölümlə çarpışanı xilas etmək lazımdır. Amma yəni ölüm vəziyyətində olanlar bu qədər çox olub ki, 3 saata ambulans gəlib çatdıra bilməyib? Bəlkə daha səmimi olub avtomobil yaxud həkim azlığını qeyd edəsiniz...

Vətəndaşın iddiasına görə, özü və körpə övladı üçün müraciət edilən zaman kəskin ağrı dözülməz olub və təcili tibbi yardıma ehtiyac yaranıb. Ancaq təəssüf ki, təcili tibbi yardım stansiyası 2 yaşlı körpə üçün edilən müraciəti də həyati əhəmiyyətli saymayıb və çağırışa gəlməyib.

# 3663
avatar

Mehman Nəbiyev

Oxşar yazılar