Koronavirus  gözə necə təsir edir?   - Həkim AÇIQLADI
26 sentyabr 2022 18:49 (UTC +04:00)

Koronavirus gözə necə təsir edir? - Həkim AÇIQLADI

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə koronavirusun gözə təsiri ilə bağlı müsahibə verib. 

Lent.az həmin müsahibəni təqdim edir:

- Koronavirus gözə necə təsir edir? Bu, hansı əlamətlərlə özünü büruzə verə bilər?

- Bildiyiniz kimi, yeni virusun təhlükəsi barədə ilk məlumatı epidemiya başlamamışdan əvvəl Çinin Uhan şəhərindən olan oftalmoloq Li Venlianq verib. İddia olunur ki, o, virusa asimptomatik qlaukoma olan bir xəstədən yoluxub.

COVID-19 insanın bütün orqanlarına, həmçinin gözlərə də təsir edir. 20 faiz hallarda gözdə qaşınma ilə ağrı və işığa həssaslıq pasiyentlərdə koronavirusun yeganə əlamətləri ola bilər. Statistikaya görə, COVID-19-la əlaqədar reanimasiya şöbələrində yatan pasiyentlərin təxminən üçdə birində göz patologiyaları müşahidə edilir. Onların arasında konyunktivit, gözdə hiperemiya və hemoz daha çox rast gəlinirdi.

Müşahidələr göstərib ki, COVID-19 keçirmiş xəstələr 1-3 ay sonra oftalmoloqa müraciət etdikləri zaman xəstəlikdən sonra yaranan və uzun müddət davam edən gözdə quruluq, yandırma, göz qapaqlarının qızarmasından şikayət edirlər.

Həmçinin bərpa dövrünə diqqət yetirməyən pasiyentlərdə görməni zəifləməsi müşahidə oluna biliər. Buna səbəb göz sinirlərinin atrofiyası, görmə sahəsinin daralması və ən son halda tam korluğa gətirib çıxaran gözün torlu qişasının trombozudur.

- Müxtəlif göz əməliyyatları keçirmiş şəxslərdə COVID-19 virus hansı fəsadları yarada bilər?

- Koronavirusun sürətlə yayıldığı dövrdə cərrahi əməliyyatların aparılması virusun yayılma riskini dəfələrlə artırırdı. Bu səbəbdən pandemiya zamanı istənilən əməliyyatlar, o cümlədən göz əməliyyatı, xüsusi sanitar qaydalara riayət edilməklə aparılmalıdır.

Oftalmoloji əməliyyat keçirmiş insanlarda COVID-19-un daha çox fəsad və ağırlaşma törətdiyi barədə heç bir tədqiqat yoxdur. Lakin pasiyent əməliyyatdan sonra bərpa dövründə COVID-19-a yoluxubsa, xəstəlik müddəti oftalmoloq nəzarəti də olmalıdır, çünki COVID-19 əlamətləri əməliyyatın nəticəsinə mənfi təsir göstərə bilər.

- Araşdırmalar gözlərin COVID-19-a yüksək həssaslığını təsdiqlədi. Xəstəliyin qarşısının alınmasında eynək və optik linzalar nə dərəcədə effektivdir?

- Qoruyucu eynəklərin və tam üz qoruyucu plastik maskaların effektivliyini yoxlamaq üçün ABŞ, Böyük Britaniya, Hindistan, və Kolumbiyada tədqiqat aparılıb.

Tədqiqatlarda 7567 məhz yüksək risk qrupuna daxil olan tibb işçisi iştirak edib. Nəticələr qoruyucu vasitələrinin effektivliyini təsdiqlədi: SARS-CoV-2 xəstələnmənin səviyyəsi 96%-dən 40%-dək azaldı.

Kontakt linzalara gəlincə isə əksinə, pandemiya dövründə onlardan imtina etmək tövsiyə olunur. Düzdür, kontakt linzaların taxılması viruslara yoluxma ilə birbaşa əlaqəli deyil. Bununla belə, linzaları olan xəstələr gözlərinə daha tez-tez toxunur, bu da infeksiya riskini əhəmiyyətli dərəcədə artırır.

- Gözlərimizi koronavirusdan necə qoruyaq?

- COVID-19 pandemiyası dövründə göz gigiyenasına xüsusi diqqət yetirilməlidir. İnfeksiyanın qarşısını almaq üçün əllərinizi tez-tez yuyun, şəxsi gigiyena qaydalarına əməl edin, mümkün olduğu qədər əlinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.

Bundan əlavə, şəxsi gigiyena qaydalarına əməl etməyənlərlə təması məhdudlaşdırmaq, xəstəliyin ilk əlamətləri aşkar edildikdə dərhal həkimə müraciət etmək məsləhətdir.

Əgər yoluxmuş şəxslə təmasda olmaq məcburiyyətindəsinizsə, o zaman xüsusi qoruyucu eynəklərə üstünlük verilməlidir. Ümumiyyətlə, eynək yalnız günəşli havalarda deyil, soyuq havalarda da istifadə edilməlidi.

# 1863
avatar

Aytəkin Cəlali

Oxşar yazılar