Kilo verərkən orqanizmdə baş verən inanılmaz PROSESLƏR  - ARAŞDIRMA
22 noyabr 2024 14:08 (UTC +04:00)

Kilo verərkən orqanizmdə baş verən inanılmaz PROSESLƏR - ARAŞDIRMA

Son illərin arıqlama trendi ilə bütün işi-gücü yağlarını əritməyə çalışmaq olanların hamısını yəqin bu sual düşündürür: Əriyən yağlar, piylər bədəndən necə xaric olur?

Lent.az sizi bu suallardan qurtarmaq üçün kiçik bir araşdırma aparıb. 

İlk növbədə piy qatının nə olduğunu və necə yarandığını bilib düzgün addımlar atsanız, bəlkə də heç qurtulmaq istəyəcəyiniz bir şey olmaz.

Piy – ifrat dərəcədə qəbul olunan və sərf edilmədiyi təqdirdə ehtiyat kimi saxlanılan enerjidir. 

Artıq piylərdən azad olmaq üçün onları, yəni enerji ehtiyyatını sərf etmək lazımdır. Bu sadəcə fizikadır. Əslində bu kimi yağların yanması prosesi birbaşa beyinlə əlaqəlidir. Yəni qarına polietilen kəmər bürüyüb tərliyərək və bu tərlə birlikdə yağın əriyib üzə çıxmasını zənn etmək kimi absurd fikirlər tamamilə yanlışdır.

Mütəxəssislər də deyirlər ki, piyin paylanması və itirilməsi genetika, cins, yaş və fiziki aktivlik səviyyəsi də daxil olmaqla bir çox amillərlə əlaqədardır.

Adətən kişilər əvvəlcə qarın nahiyəsində, qadınlar isə bud və sağrı nahiyəsində piyi itirirlər. Bununla belə, çox şey orqanizmin xüsusiyyətlərindən də asılıdır.


Doktor Vəfa Paşazadə bildirib ki, enerji qəbulu azaldıqda, bədənimiz enerji boşluğunu doldurmaq üçün yağ ehtiyatlarına çevrilir:

"Bununla belə, bədəndəki mürəkkəb metabolik hadisələr nəticəsində yağlar bədəndən çıxır. Adekvat kalorili defisit yağların hüceyrələrindən ayrılmasına və enerji kimi istifadəsinə səbəb olur.

Bəs yağlar bədənimizdən necə və hansı vasitələrlə xaric olur?

Həkimin sözlərinə görə, qidada olan yağlar bədəndəki adipositlər adlanan hüceyrələrdə triqliseridlər şəklində saxlanılır: 

“Triqliserid üç növ atomdan ibarətdir: Karbon, hidrogen və oksigen. Triqliserid parçalandıqda, təxminən 20 faizi suya, qalan hissəsi isə karbon qazına çevrilir. Su kimi dəridən tər və göz yaşı ilə, ifrazat sistemindən isə sidik və nəcislə xaric oluna bilər.
Karbon dioksid isə tənəffüs yolu ilə ağciyərlərdən çıxır”.

Avstraliyanın Yeni Cənub-Qərb Universitetində aparılan klinik araşdırmaya görə, yağın böyük hissəsi karbon dioksid kimi xaric olur. Tədqiqatçılar piy itirmə prosesi zamanı atomların keçdiyi yolların müşahidəsində müəyyən ediblər ki, 10 kq piy itkisi üçün onun 8,4 kq-ı karbon qazına çevrilərək ağciyərlər vasitəsilə nəfəsə buraxılır, qalan 1,6 kq isə bədəndən xaric olan mayelərə çevrilir. 

Ağciyərlərin sidik, nəcis, nəfəs və digər bədən mayeləri ilə oksidləşmə nəticəsində orqanizmdə əmələ gələn H2O ilə arıqlamaq üçün əsas ifrazat orqanı olduğu bildirilir. Yetkin bir insanın gündə 18 min dəfə nəfəs alması, ən azı 2 min qram karbonun ayrılması deməkdir. Bu, çəki itkisinin təxminən üçdə birinə uyğundur. 

Yanmış yağlar bədəndən karbon qazı və su şəklində xaric olur. Bu mənada yandırılmış yağların bədəndən çıxarıldığı əsas orqan ağciyərlərimizdir.

Nəticə etibarilə piydən azad olmaq üçün maksimum fiziki aktiv olmaq və ehtiyat piylərin yığılmaması üçün düzgün qidalanmaq mühüm əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4245
avatar

Ləman Sərraf

Oxşar yazılar