"İstərdim ki, analıq hissini duyum…" - Cinsini dəyişən Səmra LENT.AZ -a DANIŞDI
08 iyun 2021 14:50 (UTC +04:00)

"İstərdim ki, analıq hissini duyum…" - Cinsini dəyişən Səmra LENT.AZ-a DANIŞDI

Onu müsahibəyə razı salmaq asan olmadı. “Onsuz da heç kim məni anlamayacaq”, deyirdi. Son ana kimi bu fikrində qaldı. Hazırlanıb müsahibəyə gedəndə, “gəlməyin, danışmaq istəmirəm”, dedi. Uzun cəhddən sonra yenidən razı sala bildik.

Dediyi ünvana, mənzilinə çatdıq. Qonaq otağına daxil olan zaman diqqətimi ilk olaraq oxuduğu kitab çəkdi. “Hayatı yeniden keşf edin”.

Lent.az onunla söhbətə də elə bu kitabdan başlayır

- Deyəsən, kitab oxuyurdun?

- Hə, bir dənə belə kitab oxuyub, bitirmişəm. Siz gələnə qədər də oxuyurdum. Özümü inkişaf etdirmək, insanları anlamaq, psixoloji olaraq onların təzyiqlərinə davam gətirmək üçün düşündüm ki, oxusam yaxşı olar.

- Kimlərin səni anlamasını istərdin?

- Anamın. Elə istərdim ki, anam məni anlasın.

- Fərqli olduğunu nə zaman hiss elədin?

- Uşaqlığımdan, özümü dərk edəndə oğlan olsam da, hərəkətlərim, hisslərim, davranışlarım digərlərindən fərqli idi. Evdə anam acı, kobud söz deyir, məktəbdə uşaqlar lağ edirdi. “Qızbibi” deyib, ələ salırdılar. Təsəvvür edin, əlaçı, dərslərini yaxşı oxuyan və heç vaxt dərsdən qalmayan uşaq məktəbə getməyə qorxur. Hətta özümdən zəiflərdən belə qorxurdum.

- Anan necə cəzalandırırdı?

Sualımı eşidən kimi hönkürür. Unutmaq istədiyi, amma unuda bilmədiyi uşaqlığını xatırlamaq istəmir. Bu fərqliliyin üzərinə bir də anasının yaşatdığı “travma” var. Təsəvvür edin, “ana” sözünü eşidən kimi üzündə qəzəb, hirs yaranır...

- Anam həmişə qapını üzümə bağlayırdı ki, çıx get buradan. Axırıncı dəfə anama dedim ki, qalsam, ya sən öləcəksən, ya da mən. O qədər incidirdi ki, artıq anama qarşı şiddət göstərmək istəyirdim. Bir ana balasını o qədər necə incidə bilər? Anam istəsəydi zamanında qardaşımın, atamın, qohumların yanında məni müdafiə edə, qoruya bilərdi. Amma hər dəfə mənim təhqir olunmağıma şərait yaratdı. Qohumlardan kimsə bizə gələndə bütün günüm ağlamaqla keçirdi. Anamın məni bu cür incitməyə haqqı yox idi, axı. Məni o doğub. Ən çox incidən sözlər cinsiyyətimi mühakimə edən fikirlərdir. Ona dözə bilmirəm.

Səmra Şamilova

- Məktəbdə müəllimlər necə davranırdı?

- Hamısına nifrət edirəm, keçmişimdə olan hər kəsə. Hamı uşaqlığını arzulayır, xoş xatırlayır. Amma mən uşaqlığımı arzulamıram, o illərdə həyatımda olan insanlara da nifrət edirəm. Allah onların mənə yaşatdıqlarının yüz qatını yaşatsın.

- Qardaşın, bacın ailəlidir. Onların həyat yoldaşlarının sənə qarşı münasibəti necədir?

- Yeznə də bilir, gəlin də. Yeznəmiz məni “gey” vaxtı görmüşdü. Normal yanaşırlar. Həm də o vaxt anam demişdi ki, bunun qardaşı belədir. Sabah qızımın başına çaxma. Əslində bilmirəm, onun nə aidiyyəti var, məntiqsiz bir şeydir. Yeznə bacımla ailə qurur. Düz deyilmi?

- Neçə il “gey” kimi yaşadın?

- Universitet, əsgərlikdə “gey” idim. Qrup yoldaşlarım məni çox incidirdi. Harasa gedəndə mənə demirdilər, kiminsə evində ad günü, bayram qeyd edəndə məndən gizli yığışırdılar. Ona görə heç birini xatırlamaq istəmirəm.

- Əsgərlikdə səni necə qəbul edirdilər?

- Əsgərlikdə söz sahibi olan əsgərlər yemək qarşılığında mənə münasibət təklif edirdi. Qaçışa qoymayacaqlarını, tam qadın kimi həyat yaşayacağıma söz verirdilər. O qədər tərbiyəli idim ki, ona da razı olmurdum. Fikirləşdirdim ki, anamgil yanıma gələndə haqqımda nəsə eşitməsinlər.

Səmra Şamilova

- “Yox” dediyin əsgərlər sənə hansı cəzanı verirdilər?

- Qorxurdular məndən. Həyasız idim. Əsgərlik pulumu belə onlara vermirdim. Haqqımı müdafiə etməyə əsgərlikdən başladım. Həmişə yazıq, qorxaq olmuşam. Bu həyat məni özümə qazandırdı.

- İndi ananla əlaqən var. Elədiklərini üzünə vurursan?

- Yox, qardaşımla oturanda deyirəm ki, heç olmasa ana dərk edirmi mənə elədiklərini. Deyir, hə, niyə eləmir. Amma tam qızı kimi də qəbul etmir. Keçən dəfə gedəndə deyirəm ki, mən sənin balanam. Dünya dağılsa da, bu bir həqiqətdir. Məni bu xarakter, bu genetikada siz doğmusunuz, burada mənim nə günahım ola bilər? Gəlin mənə anamdan daha çox hörmət edir. Bəlkə, içində istəyir. Amma mənə üzdə sevgisini göstərməyəndən sonra, içdə məhəbbəti lazım deyil...

- Anan əməliyyata mane olmaq üçün nəsə etdi?

- Təklif etmişdi ki, mən gizli “gey” həyatı yaşayım, ailəm olsun. Etiraz etdim. Kiminsə təmiz qızını gətirib, bədbəxt edə bilmərəm. Bu cür insanlara da nifrət edirəm. Niyə kiminsə balasını bədbəxt edirsən? Sosial şəbəkələrdə canlı yayımlarda da bunu deyirdim. İnsanlar, qadınlar məni anlayıb, qəbul edirdilər. Amma bəziləri profillərimi şikayət etdi, bağlandı. Bu insanların bizə olan bu nifrətini anlaya bilmirəm. Axı biz heç kimi heç nəyə məcbur etmirik. Bu, Allahın işidir. O bizi belə, məni “gey”, səni qadın, onu kişi yaradıb. Guya, sən, o və ya mən öz xahişinizə qadın, kişi, “gey” doğulmuşuq? Təbii ki, yox.

Küçədə bizə “üzdəniraq” deyən insanlar şou-biznesin 40-50 yaşlı üzdəniraqlarını ailə məclislərinə dəvət edirlər. Amma mən və digərlərini küçədə görəndə söz atırlar, kobud sözlər deyib, incidirlər. Bu riyakarlıq nəyə lazımdır?

- Nə vaxtsa sənə elədiklərini bağışlayarsan?

- Anamın? Mən kinsiz insanam. Əlbəttə, o məni tam “qızım”, deyib qucaqlasa, hər şeyi unudaram. Mənim beynim uşaqlıqdan qadın kimi düşünüb, özümü qadın kimi hiss etmişəm. Cisim hər şey deyil, axı. İnsan var çox eybəcərdir, tanımaq istəmirsən. Amma ünsiyyət qurduqda xarakterini görürsən. Fikirləşirsən ki, bunun içində nə gözəlliklər yatırmış. Yəni, hər şey görünüş deyil. Gözəl olub, içi qurd bağlayan o qədər insan var ki.

- Əməliyyatla cinsini dəyişdirmək qərarını necə verdin?

Tərəddüd edir. Danışıb-danışmamaq arasında qərarsızdır. Sonra adları, bəzi yerləri yazmamağımı xahiş edir…

- Əslində sevgilim var idi. O səbəb oldu. Əsgər yoldaşım idi. Münasibət qurandan sonra bizə gəlirdi, mən onlara gedirdim. Mənim istədiyim, arzuladığım biri idi. Özüm də təəccüblənirdim ki, nə yaxşı məni anlayan, sevən var. Anam hiss etmişdi ki, aramızda nəsə var. Çünki ona çox mehriban, diqqətcil davranırdım. Məsələn, bizə qonaq gələndə çay qoyurdum, yemək hazırlayırdım, nə bilim, başını sığallayırdım. O, ağır təbiətli, sakit insan idi. Elə olurdu ki, onlara gedirdim, iki-üç gün qalırdım. Anam şübhələnmişdi, deyirdi ki, niyə onlarda qalırsan. Sonra ayrıldıq.

Həmin gün çox pis idim. Evə gələndə anam hiss elədi. Nə olduğunu soruşan kimi dedim ki, artıq rahat ol, ayrıldım. Anamla böyük mübahisəmiz oldu. Ona T. ilə ayrıldığımı dedim. Cavabında, necə yəni, ikiniz də axı oğlansız deyəndə, susa bilmədim. Dedim sevgilim idi. “Necə yəni, sən kişi deyilsən? Dedim, xeyr. Mən “gey”əm. Sən bunu həmişə bilirdin, amma qəbul etməmisən. Bunu da bilirdin. Bir az dalaşdı, ağladı, sonra atama dedi. Həmin ayrılıq və mübahisə bizim qopma nöqtəmiz oldu. Evdən çıxdım. Ondan sonra küçələrdə, dostlarımın evində qaldım və bir il müddətinə əməliyyat pulumu yığdım.

Onu da deyim ki, mən əsil sevgi həyatımı onunla yaşadım, T -ilə…

Səmra Şamilova

- İlk əməliyyatın hansı oldu?

- İlk dəfə tələbə olanda burun əməliyyatı elətdirmişdim. Evdən ayrılandan sonra sinə əməliyyatı elətdirdim. Cinsiyyət dəyişmə əməliyyatım Türkiyədə oldu. 8 saat əməliyyatda qaldım. Bundan sonra 40 min manata Taylandda ağır əməliyyat keçirdim.

- Bu illər ərzində səni ən yaxşı kim anladı?

- Ancaq özüm. Özümdən başqa heç kim mənə kömək etmədi, anlamadı. Hər çətin günümdə özüm öz yanımda oldum. Keçirdiyim ağır əməliyyatlara belə ağlaya-ağlaya təkcə getmişəm.

- Ailə qurmağı düşünmüsənmi, bu cür təklif olub?

- Hə, olub. Yaşlı ingilis idi. Çox israr etdi, qəbul etmədim.

-Peşmansan?

- Peşman deyiləm. Bilirsiniz niyə? 50 yaşında insan idi. Açıq deyim ki, mən temperamentliyəm, onu aldadacaqdım. Həyatda bumeranqa çox inanaram. Nə pislik, yaxşılıq ediriksə, qarşımıza çıxır. İnsanlardan fərqli olaraq, həyat əslində ədalətlidir. Mən onu aldatsaydım, bu mənə başqa cür qayıdacaqdı.

- Əməliyyatdan sonra qohumlarınla münasibətin necə oldu, görüşürsən?

- Ana tərəfi ilə görüşmək istəmirəm. Uşaqlığımda mənə ən ağır travma yaşadanlardan biri də onlar olub. Amma ata tərəfi həmişə məni anlayıb. Əməliyyatdan sonra bibim, bibim qızı ilə görüşmüşəm. Normal qarşılayırlar. Bəlkə də “İnstagram”da başqa qohum-qonşu görüb. Heç vecimə də deyil. Hərdən canlıda soruşurlar ki, qohumların sənə nə deyir. Deyirəm qohum kimdir ki, o məni mühakimə eləsin. Bu həyat mənim həyatımdı. Allahdan başqa məni heç kim mühakimə edə bilməz. Hətta anam, atam belə.

- Hisslərində hansı dəyişikliyin fərqinə vardın?

- Cinsiyyət əməliyyatı olanda sonra bir müddət depressiyada oldum. Bakıya gələndə ana ola bilmədiyim üçün çox ağladım. İstərdim ki, analıq hissini duyum… Əməliyyatdan sonra çox kövrək oldum, eyni qadınların yaşadığı hissi yaşayırdım. Əməliyyatdan öncə çox istəyirdim ki, cinsiyyətimi dəyişdirim. Arzuma çatdım, amma indi həyatım bir dərmandan asılıdır. Ömrümün sonuna qədər onu qəbul etməliyəm. İçməsəm, ölərəm.

Səmra Şamilova

- Övladlığa uşaq götürmək istəyərsən?

- Yox, istəmirəm. Uşaq məsuliyyətdir. O qədər qayğılarım var. Mən özüm nə yaşamışam ki... Ömrümün uşaq, yeniyetmə vaxtı murdar anlarla keçib. Elə bilirdim dünyada yeganə “gey” mənəm. Birdən birə ayıldım. Tərbiyəli olduğuma görə peşmanam. Tərbiyəli olub anamın pis sözlərini, kasıbçılıq, aclıq qazandım. Öz evimdə rahat nəfəs ala bilmirdim. Anam deyirdi ki, sən bu işi görürsənsə yediyin yemək burnundan gəlsin. Nə yeyirdim ki? Kartof qızartması yeyirdim də. Ayda, ildə bir dəfə ət yeyərdim, ya yox.

- Hansı halda bu həyatdan qurtularsan, çıxış yolunu nədə görürsən?

- Həyatımda biri olarsa, məni hər halımla qəbul edən olarsa. Kasıb olsun, ayda 300-400 manat maaş alsın, eybi yox, qane olaram. Amma bu işlə, bu həyatı bir də yaşamaram. Pul adamı bir yerə qədər xoşbəxt edir. Məni təhqir edən insanlar bilmir ki, incitməklə, söyməklə deyil. Həyata on sıfır geridən başlamışam. Dərmandan asılı bir insanam.

Başqa sahədə işləmək istəyərdim. Amma heç kim mənə iş verməz. İnanmıram ki, nə vaxtsa düşüncələr dəyişər.

- Əvvəldən əməliyyat olmadığın üçün necə, peşmansan?

- Hə, çox peşmanam. Universitet, əsgərlik illəri ömrümdən getdi. 5 ilim heç oldu. Anama görə universitet oxudum, əsgərə getdim. Heyf o illərimdən. Hətta əsgərlikdə ağıllı, tərbiyəli olduğum üçün çox peşmanam. Bu illərimi anama görə qurban verdim.

Səmra Şamilova

- Əməliyyatdan sonra xarakterində dəyişiklik oldu?

- Xasiyyətim çox dəyişdi. Heç kimdən qorxmuram artıq. Hər şeyin ölümünə kimi gedərəm. Əməliyyat mənə özümə inam qazandırdı.

- Buralardan çıxıb getmək istəmisən?

- Getmək istəmişəm, amma… Bəlkə də ailəmə görə qalmışam. O vaxtı karantindən əvvəl yaxşı işləyirdim, qazanırdım. Bəlkə başım işimə qarışmışdı, deyə getmək ağlıma gəlmirdi. İnsan harada yaxşı pul qazanırsa, oranı tərk edər? Yox. Mən də deyirdim ki, işləyirəm də, cəhənnəmə insanlardı da. Karantin başlayanda cəmiyyətlə daha çox ünsiyyətdə oldum. Nə bilim, onların o yersiz ironiyalı gülüşləri, söz atmaları artıq mənən yorur. Yolla gedəndə keçən dəfə biri ilə dalaşdım. Polis olmasaydı, ya o məni vuracaqdı, ya da mən onu.

- Qadın olmaq səni xoşbəxt etdi?

- Özümə baxanda deyirəm ki, içimdə nəyəmsə, çölümdə də oyam. Oğlan görünüşündə qalsaydım, indi bu dəqiqə bəzi məşhurlar kimi olardım. Kişilərin diqqəti mənə təsəlli verir.

- Niyə Səmra?

- Bir dəfə rayona gedirdim, oğlan vaxtım idim. Arxada ana ilə qızı əsgər oğlunun yanına gedirdi. Danışıqlarını eşidirdim. O qədər gözəl idilər. Mən də gözəllik dəlisiyəm. Oğlanları haqqında danışırdılar və adı Səmral idi. Birdən bu oğlanı gözümün qarşısında canlandırdım. O vaxtı heç qaşımın ortasını belə götürə bilmirdim, nəinki əməliyyat haqqında fikirləşmək. Bir anlıq özümü qadın kimi təsəvvür etdim və adımı Səmra qoydum. Heç bilmirdim ki, Səmra türk adıdır.

- Şəxsiyyət vəsiqəndə hazırda necə qeyd olunursan?

- Şamilova Səmra kimi gedirəm. Türkiyədə cinsiyyət əməliyyatı edən həkim sənəd verdi. O sənədin əsasında burada qadın olmağımı təsdiq edən şəxsiyyət vəsiqəsi aldım. Sənəddə qeyd olunur ki, bu insan zehni olaraq qadındır və biz bunu tamamlamaq üçün cinsiyyət dəyişmə əməliyyatı elədik.

- Olub ki, yanına gələn insanı sevmisən?

- Olub...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 38817
avatar

Nigar Adil

Oxşar yazılar