İflic olan əl belə canlandı  – Ümidlərin cücərdiyi məkandan REPORTAJ
20 fevral 2025 16:04 (UTC +04:00)

İflic olan əl belə canlandı – Ümidlərin cücərdiyi məkandan REPORTAJ

Belə deyim var: “Toxum torpağa, əlil cəmiyyətə əmanətdir”. Lakin bir çox hallarda fiziki məhdudiyyətli insanlar cəmiyyətdən qaçır, komplekslərinə məğlub olur, özlərini yararsız hiss edirlər. Onların məhdudiyyətlərinin həyatın ritmini tutmağa mane olmadığını göstərmək, dünyalarına daxil olmaq üçün yola düşdük Şağan Reabilitasiya Pansionatına.

Yol bir qədər uzun çəksə də, avtomobildən düşən kimi hiss etdiyim təmiz hava xəstələrin boş vaxtlarında dincəlib əylənməsi üçün hər şərait yaradılıb və sakitlik mənim üçün mərkəzin niyə Şağanda yerləşdiyinin cavabı oldu.

Doğrusu, içəri daxil olmadan öncə özümü bir qədər soyuqqanlı olub, orada olan insanlara qarşı üzgün baxışlardan çəkinməyi təlqin etmişdim. Lakin içəridəki ab-hava mənə bunları tamamilə boş yerə etdiyimi düşündürdü.

Bizi qarşılayan və müşahidə edən mərkəzin direktoru Təranə Quliyeva demək olar ki, bütün otaqları gəzdirdi.

İndi isə mən mərkəzdə gördüklərimi danışacam...

İlk olaraq onu qeyd edim ki, mərkəzdə pasiyentlərin bəziləri yaxınları ilə birlikdə, bəziləri isə tək qalır. Deyə bilərsiniz ki, bəs yaxını ilə qalmayan şəxslər çətinlik çəkmirmi? Əmin olun ki, xeyr. Müəssisənin həkim və tibb işçiləri onların hər birinə son dərəcə diqqətlə yanaşır və usanmadan onların qayğılarını yüngülləşdirməyə, onlar üçün ən doğma insan rolu oynamağa, özlərini evdə olduğu kimi rahat hiss etdirməyə çalışırlar. Mən də bu yaxınlığı gördüyüm üçün elə ilk girdiyimiz otaqda hansı ki burada fizioterapiya ilə məşğul olunur, bir dayıya yaxınlaşıb ondan vəziyyətinin necə olduğu barədə maraqlandım. Dayı o qədər pozitiv idi ki, elə bilərsiniz oyun parkında bir uşağa yaxınlaşmışam. Gülərüzlə məni salamlayan dayı mərkəzdə onlara çox yaxşı baxıldığını, heç nədən korluq çəkmədiyini, fürsətdən istifadə bütün işçilərə təşəkkürünü də bildirdi. İnanırsınız, özünü elə aydın bir şəkildə ifadə etdi ki, əlavə bir sual verməyimə ehtiyac qalmadı.

Məni maraqlandıran suallardan biri də xəstələrin müəssisəyə necə qəbul olunduğu, hansı yoxlanışlardan keçdiyi idi. Aldığım məlumatlara görə, müəssisədə reabilitasiyanın biopsixososial modelinə uyğun olaraq ambulator, stasionar, səyyar və telereabilitasiya formasında xidmətlər göstərilir. Müəssisəyə qəbul zamanı əlilliyi olan şəxslərin multidissiplinar komanda tərəfindən ilkin qiymətləndirilməsi aparılır, laborator, ultrasəs və exokardioqrafiya müayinələri həyata keçirilir. Həkim və psixoloqlar tərəfindən əlilliyi olan şəxslərin funksional vəziyyəti müəyyənləşdirildikdən sonra fərdi reabilitasiya planı tərtib edilir.

Müəssisə əlilliyi olan şəxslərin tibbi və psixososial reabilitasiyasını həyata keçirir. Tibbi reabilitasiya fizioterapiya, müalicəvi bədən tərbiyəsi, robotik terapiya, hidroterapiya, masaj və sair xidmətləri əhatə edir. Burada psixoloji diaqnostika, psixoloji korreksiya, loqoped qəbulu, əmək terapiya həyata keçirilir. Pansionatda sinir sistemi xəstəlikləri - insult, serebral iflic, miodistrofiya və sair əlilliyi olan şəxslərə ixtisaslaşdırılmış nevroloji reabilitasiya xidmətləri də göstərilir.

Biz mərkəzi gəzdiyimiz zaman otaqların birində iflic olmuş bir şəxslə qarşılaşdıq. İşləmədiyi əlini tibb bacısının köməkliyi və robotik əlcək vasitəsilə hərəkət etdirməyə çalışırdı.

Yeri gəlmişkən robot əlcək haqqında məlumat vermək istəyirəm ki, insult və müxtəlif travmalardan sonra əl hərəkət məhdudiyyətinin bərpasında bu cihazın  faydası əvəzedilməzdir. Hər iki ələ geyinilən əlcəklərdə sağlam əli yığıb-açdıqda digər əl sinxron hərəkətə gəlir və əzələlərin "məcburi" işləməsi baş verir. Bu hal hərəkət məhdudluğu olan əldə sinir - əzələ ötürücülüyünü sürətləndirir və tədricən barmaqların sərbəst işləməsinə kömək edir.

Qayıdaq söhbətimizə... Xəstəni proses zamanı narahat etmək istəmədiyim üçün kənarda dayanıb qürur dolu baxışlarla onu izləyən xanıma yaxınlaşdım. Xəstənin həyat yoldaşı olduğunu bildirdi. Nə qədər müddətdir pansionata gəldiklərini və yoldaşının vəziyyətində irəliləyiş olub-olmadığını ən yaxın şahidin dilindən eşitmək istədim. Xanım mərkəzdə 3 kurs müalicə aldıqlarını və hətta yataqda belə stabil qala bilməyib yerə yıxılan yoldaşının vəziyyətinin çox irəlilədiyini deyib, Allaha şükürlər oxudu. Təbii ki, bu razılıqdan sonra biz də onlara daha çox şəfa diləyib, oradan xoş təəssüratlarla ayrıldıq.

Digər maraqlı bir cihaz fonofarez haqqında topladığım məlumatı da sizinlə paylaşmasam olmaz. Bu aparat fizioterapiyanın müasir metodlarından biri olub, bədənə ultrasəs dalğa vasitəsilə aktiv maddələrin orqanizmin müxtəlif nahiyələrinə yeridilməsi prosedurudur.

Fonofarez dayaq-hərəkət aparatında (onurğa, boyun, bel, ayaq, diz və s.) olan problemlərdə, eləcə də kosmetoloji məqsədlə təyin edilir. Bu prosedur zamanı orqanizmin probleminə uyğun seçilmiş dərmanlar ultrasəs vasitəsilə epidermisin daha dərin qatlarına yeridilir.

Daha sonra mərkəzdə müasir texnoloji aparat olan neuroformanın varlığından xəbər tutduq və onun nə olduğunu, necə istifadə edildiyini görmək üçün göstərilən kabinetə yaxınlaşdıq. Mütəxəssisin verdiyi məlumata görə, neuroforma, neyroreabilitasiya və neyropsixologiya mütəxəssisləri tərəfindən yaradılmış müstəqil motor və koqnitiv məşqlər üçün kompüter proqramıdır. Neuroforma nevroloji xəstəlikləri və zədələri olan xəstələr üçün nəzərdə tutulub. Xüsusilə dağınıq sklerozlu, eyni zamanda beyin insultlarından və beyin xəsarətlərindən sağalan xəstələrin reabilitasiyası üçün uyğundur. Məlumatlarımızı aldıqdan sonra otağı tərk etdik.

Elə foyeyə yaxınlaşanda bir neçə kişinin gülüşlə qarışıq edilən söhbətlərini eşitdim. Maraqlı gəldi və bir neçə addım irəliləyib səslərin gəldiyi tərəfə nəzər yetirdikdə gördüyüm mənzərə məni öz məhəlləmizə apardı. Qarşılıqlı oturan 50 yaş üstü dayılar, bir neçəsinin qarşısında nərd, digərlərinin əlində isə domino daşları var idi. O anda reabilitasiya mərkəzində olduğumu unutdum və 1-2 dəqiqə səssizcə onları izlədim. Domino oynayan dayılardan biri digərinə “yaman bağladım ha səni” deyib qəhqəhə çəkirdi. Kim deyər ki, onlar canlarının bir parçası uğrunda mübarizə aparanlardandır? Həqiqətən də həyat eşqi insanın içindən gəlməlidir, deyə düşündüm.

Bunlardan əlavə mərkəzdə müalicə alan əlillər üçün bir sıra məşğuliyyətlər, onları həyatın axışından kənarda qoymamaq üçün müxtəlif fəaliyyətlər təşkil olunur. Xəstələrin boş vaxtlarında dincəlib əylənməsi üçün hər şərait yaradılıb. Əlillərin tam bərpa prosesini keçib sağalması üçün ipoterapiya, zooterapiya, qardenoterapiya vasitəsilə müalicə olunması da müəssisənin üstünlüklərindən biridir. Əlillərə və Vətən Müharibəsi qazilərinə burada ebru sənəti öyrədilir və bu sənətin müalicəvi gücündən bərpa prosesində istifadə edilir. Rəqs terapiyası da əlillərin çox sevdiyi və maraq göstərdiyi müalicə üsullarından biridir.

Bundan başqa onlar müalicə müəssisələri arasında keçirilən voleybol, tennis və atıcılıq yarışlarında iştirak edirlər. Asudə vaxtlarda stolüstü oyunlar, müxtəlif idman tədbirləri, konsert proqramları təşkil edilir. Müalicə kursu keçən əlillər teatr və tamaşalara aparılır, onların asudə vaxtının mənalı və səmərəli keçirilməsi təmin edilir. Pansionatda indiyədək müalicə almış şəxslərin əl işlərinin nümayiş olunduğu otağa da göz gəzdirdik. Gördüklərimin hər birindən əmək, zəhmət, ümid axırdı.

Mərkəzi gəzərkən binanın keyfiyyətli təmiri də gözümdən qaçmadı. Təsadüfən bir xəstə otağının qarşısından keçərkən icazə istəyərək daxil olub otaqdakı şəraitə də baxmaq istədim. Otaqlar kondisioner, soyuducu, televizor ilə təmin olunub. Təmiz yataq dəstləri ilə təminat da yüksək səviyyədədir.

Mərkəzin sahəsi isə çox böyük və əhatəlidir. Xəstələrin gəzib dincəlməsi üçün hər şərait yaradılır. Otaqların mənzərəsinə isə söz ola bilməz.

Cəmiyyətə əmanət olan vətəndaşlarımız üçün yaradılan belə şəraitin şahidi olduqdan sonra içimiz rahat bir şəkildə Şağan Reabilitasiya Pansionatı ilə sağollaşdıq. Hər birimizə canımızın, canımız qədər sevdiklərimizin dəyərini bilməyi arzu edirəm. Çünki heç kim heç nədən sığortalanmayıb.

Foto - Rüfət Mustafayev © APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9842

Oxşar yazılar