“Valideynlərin yaxın zamanda ölməsi ilə bağlı gümanlar varsa, nikah yaşı azaldıla bilər”.
Bu sözləri Lent.az-a "Norma" hüquq mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev deyib.
O bildirib ki, Ailə Məcəlləsinə görə, nikah yaşı Azərbaycanda 18 müəyyən olunub:
“Amma yerli icra hakimiyyəti orqanları nikaha girmək istəyən şəxslərin xahişi ilə bağlı nikah yaşını 1 il azalda bilər. Bu o zaman olur ki, hamiləlik, uşağın dünyaya gəlməsi və yaxud da hər hansı yerli, dövlət əhəmiyyətli xüsusi bir hadisə baş versin”.
Şamil Paşayevin sözlərinə görə, valideynlər ağır xəstə olanda da nikah yaşı azaldıla bilər:
“Bundan başqa nikaha daxil olan şəxslərin valideynləri ağır xəstə olduqda, yaxın zamanlarda ölməsi ilə bağlı gümanlar olduqda da 17 yaşda evliliyə icazə verilə bilər”.
Qeyd edək ki, son günlər ölkəmizdə azyaşlı qızların evləndirilməsi və hamilə qalması ilə bağlı xəbərlər daha çox artıb.