Cəmiyyətimizdə çox populyarlaşıb e tez qaralamaq və özünü çox bilən müdrik kimi göstərərək ağzına gələni demək haqqını özündə görmək cəsarəti!
Əlisa Nicat Azərbaycanın tanınmış yazıçısı, filosofu və tərcüməçisidir! O, Azərbaycan ədəbiyyatı və mədəniyyətinə bir sıra dəyərli töhfələr verib.
Hamıya yaxşı məlumdur ki, ona səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilib.
Əlisa Nicat 50 cilddən ibarət külliyyatı ilə yanaşı, çox sayda tərcümələri, şeirləri, esseləri, povestləri vardır. Özü də o, indiki cızmaqaraçılardan da olmamışdır!
Əlisa Nicatın təkcə tərcümə fəaliyyəti nəyə desən dəyər!
Ölkəmizin tanınmış mətbu orqanlarında can qoymuş bu görkəmli şəxsiyyət Azərbaycan üçün misilsiz xidmətlər göstərdiyi vaxtlar indi onun şəxsiyyətinə hücum edib ağzına gələni deyənlər heç yox idi! Ayıbdı, belə şeylər!
Əlisa Nicatın fikirləri, xüsusilə Səməd Vurğun haqqında dedikləri, cəmiyyətin geniş bir hissəsi üçün gözlənilməz və təhrikedici ola bilər. Hamı bilir ki, O, özünəməxsus biridir və Azərbaycan oxucusu onun dəfələrlə qalmaqallı fikirlər səsləndirdiyinin şahidi olub.
Düzdür, sonuncu müsahibəsində çox sərt ittihamlar irəli sürdü. Lakin, bu heç kimə əsas vermir ki, həddini aşaraq böyük şəxsiyyətə çirkin və təhqir dolu sözlər dilə gətirsin!
Hər bir tarixi və ya ədəbi şəxsiyyət tənqid oluna bilər, çünki tarix və ədəbiyyat yalnız tərif üzərində qurulmamalıdır. Əlbəttə ki, bu tənqid əsaslandırılmış və ədalətli olmalıdır. Səməd Vurğunun sovet dövründəki fəaliyyətinə dair müxtəlif yanaşmalar yeni deyil və bu haqda birmənalı olmayan çoxsaylı fikirlər səsləndirən başqa tənqidçilər və mütəxəssislər də vardır. Bu, təkcə Əlisa Nicatın yox, tarixçilərin və ədəbiyyatşünasların da ayrıca şəkildə ciddi araşdırmalı olduğu başqa bir mövzudur.
Əgər Əlisa Nicatın fikirləri subyektiv, qərəzli və emosional hesab edilirsə, ona elmi və tarixi faktlarla cavab vermək daha düzgün yoldur! Ancaq ona qarşı təhqir dolu sözlər işlədilməsi, şəxsiyyətinə hücumlar edilməsi düzgün deyil.
Unudulmamalıdır ki, Əliasa Nicat da bu vətənin oğludur!
Onunla razılaşmaya bilərik, amma onu susdurmaq və ya ləkələmək heç ifadə azadlığının da ruhuna uyğun deyil!