Dünyada bu gün
11 dekabr 2020 09:04 (UTC +04:00)

Dünyada bu gün

Dünyada bu gün - VİDEO

UNICEF

(1946)

1946-cı il dekabrın 11-də BMT-nin Uşaq Fondu – UNICEF yaradılıb. BMT Baş Məclisi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan edib. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edilib. BMT Baş Məclisi 1989-cu ilin dekabrında "Ümumdünya Uşaq Hüquqları haqqında" Konvensiyanı qəbul və təsdiq edib. UNICEF tamamilə könüllü yardımlar hesabına fəaliyyət göstərir. Bütün yardımların 30%-dən çoxu uşaq sağlamlığının qorunmasına sərf olunur.

ALEKSANDR SOLJENİTSIN

(1918-2008)

Məşhur rus yazıçısı, publisist, tarixçi, şair, ictimai və siyasi xadim Aleksandr İsayeviç Soljenitsın 11 dekabr 1918-ci ildə Rusiyanın Kislovodsk şəhərində anadan olub. Rostov Universitetinin Riyaziyyat fakültəsini, Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunu bitirib. İkinci Dünya müharibəsində sovet ordusunda xidmət edib, kapitan rütbəsi alıb. Ancaq cəbhədə yazdığı məktublardakı anti-Stalin baxışlarına görə 8 il həbs cəzası alıb. 1950-ci ildə üç il müddətinə Qazaxıstanın Ekibastus şəhərindəki siyasi məhbuslar üçün xüsusi düşərgəyə göndərilib, sonra isə düşərgədən deportasiya edilib. 1970-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb, 1974-cü ildə sovet hökuməti tərəfindən vətəndaşlıqdan məhrum edilib. İllərlə İsveçrədə və ABŞ-da sürgündə yaşayıb. 1991-ci ildə sürgünə dair qərar ləğv olunub, 1994-cü ildə Rusiyaya qayıdıb. Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Aleksandr Soljenitsın 3 avqust 2008-ci ildə Moskvada vəfat edib.

BAYRAM BAYRAMOV

(1918-1994)

Azərbaycanın xalq yazıçısı Bayram Salman oğlu Bayramov 1918-ci il dekabrın 11-də Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Yeddi illik kənd məktəbində, Ağdam Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Orta məktəbdə müəllim, tədris hissə müdiri və müdir vəzifələrində çalışıb. İkinci Dünya müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak edib, ağır yaralanıb. Bədii yaradıcılığa 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Körpü" adlı ilk hekayəsi ilə başlayıb. Kitabxanaçılıq texnikumunda müəllim, Azərbaycan radiosunun Ədəbi dram verilişləri redaksiyasında məsul redaktor, "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyib. 1988-ci ildə Qarabağ hadisələri başlayanda Qarabağa Xalq Yardımı Komitəsinin sədri olub. Bir neçə romanın, eləcə də “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenari müəllifidir. "Şərəf nişanı", "Xalqlar dostluğu", "Böyük Vətən müharibəsi", "Qırmızı Əmək Bayrağı" ordenləri və medallarla təltif edilib. Bayram Bayramov 1994-cü il noyabrın 9-da Bakıda vəfat edib.

ƏMRAH RƏCƏBOV

(2000-2020)

Şəhid Əmrah Rəcəbov 2000-ci ilin bu günü Gəncə şəhərində anadan olub. Anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilib. Orta təhsilini Gəncədə Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alıb. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağırılıb. Beyləqan rayonundakı N saylı hərbi hissədə xidmət edib. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak edib. Əmrah Rəcəbov 2020-ci il oktyabrın 8-də Füzulidə yaralanmış əsgər yoldaşını döyüş mövqeyindən çıxarmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olub.

ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV

(1870-1933)

Görkəmli Azərbaycan yazıçısı Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyevin anım günüdür. O, 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. 1890-cı ildə Şuşadakı altı illik realnı məktəbi başa vurduqdan sonra bir il Tiflis realnı məktəbində oxuyub. 1891-ci ildə Peterburq Yol Mühəndisləri İnstitutuna daxil olub. 1908-ci ildən "Nicat" mədəni-maarif cəmiyyətində, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsində işləyib. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndəsi kimi Dağıstana göndərilib. 1920-ci ildə Bakıda yenicə yaranan Şura Teatrının komissarı, 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib. "Molla Nəsrəddin" jurnalında felyeton, hekayə və publisist yazılar dərc etdirib. Tarixə həm də Azərbaycanın ilk dirijoru kimi düşən Əbdürrəhim bəy Haqverdiyev 11 dekabr 1933-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

HÜSEYN NİHAL ATSIZ

(1905-1975)

Görkəmli türk yazıçısı, şair, tarixçi və ideoloq Hüseyn Nihal Atsızın xatirə günüdür. O, 12 yanvar 1905-ci ildə İstanbulda anadan olub. İlk təhsilini başa vurduqdan sonra Hərbi Tibbiyyəyə, daha sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinə daxil olub. 1930-cu ildən Türkologiya İnstitutunda müəllimi Fuad Köprülüzadənin köməkçisi olub. Daha sonra Ədirnə Liseyinə ədəbiyyat müəllimi təyin edilib. Bir çox kitabça, eyni zamanda “Türk tarixi haqqında toplular” və “Türk ədəbiyyatı tarixi” adlı elmi kitablar nəşr etdirib. Siyasi baxışlarına görə bir neçə dəfə həbsdə olub. 17 il Süleymaniyyə Kitabxanasında işlədikdən sonra 1969-cu ildə təqaüdə çıxıb. Hüseyn Nihal Atsız 1975-ci il dekabrın 11-də İstanbulda vəfat edib.

MİKAYIL GÖZƏLOV

(1948-1991)

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Mikayıl Qoca oğlu Gözəlov da bu gün xatırlanır. O, 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsində təhsil alıb. Təyinatla Şuşa şəhərinə göndərilib, 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı vəzifələrdə çalışıb və daha sonra həmin idarənin rəisi olub. Erməni separatçılarının "Krunk" təşkilatına və "Qarabağ" komitəsinə qarşı mərdliklə, çəkinmədən mübarizə aparıb. Şuşada yeni su kəmərinin çəkilməsi, Şuşa-Xəlfəli-Qaybalı-Kərkicahan yolunun salınması, Şuşa-Xankəndi yolunun sağ tərəfində Xankəndindən qovulmuş azərbaycanlılar üçün Yeni Xankəndi qəsəbəsinin istifadəyə verilməsi onun adı ilə bağlı olub. Torpaqlarımızın işğalçı erməni yaraqlılarından təmizlənməsi üçün keçirilən bir çox uğurlu hücum və döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub. Mikayıl Gözəlov 11 dekabr 1991-ci ildə iş başında vəzifə borcunu yerinə yetirərkən sui-qəsd nəticəsində qətlə yetirilib.

ELŞAD ƏHƏDOV

(1968-1993)

Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədovun anım günüdür. O, 4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlib. Orta məktəbi burada oxuyub, daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbini bitirdikdən sonra 1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilib. Bakının Güzdək qəsəbəsində və Lənkəranda da rota komandiri kimi fəaliyyət göstərib. Elşad Əhədov 1993-cü il dekabrın 11-də Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə həlak olub. Ölümündən sonra Azərbaycan Prezidentinin fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib və "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942
avatar

Oxşar yazılar