Döşəmədən çıxan ilanlar, qəzalı bina: Zaqataladakı məktəbin QORXUNC GÖRÜNTÜLƏRİ
30 mart 2023 17:00 (UTC +04:00)

Döşəmədən çıxan ilanlar, qəzalı bina: Zaqataladakı məktəbin QORXUNC GÖRÜNTÜLƏRİ

Azərbaycanda təhsil sistemi müasir standartlara cavab versə də, təəssüflər olsun ki, 21-ci əsrdə hələ də sanki 10-15-ci əsrdən qalma məktəblər fəaliyyət göstərir. 

Elə məhz bu geridə qalmış, qıraqdan tarixi abidə kimi görünən məktəblərdən biri də Zaqatala rayonun Kəpənəkçi kəndində yerləşən şəhid Sərdar Kərimov adına tam orta məktəbdir.

Lent.az xəbər verir ki, hazırda sözügedən şəraitsiz, uçuq-sökük məktəbdə 165 şagird təhsil alır. 

İlk baxışda qorxu filmlərini xatırladan bu təhlükəli binada yayda böyük çatlardan və idman zalındakı torpaq döşəmədən ilanlar çıxır. 

Sakinlər iddia edirlər ki, isti havalarda ilanın qorxusundan, qışda isə qar-çovğunun əlindən uşaqlar dərsə gedə bilmirlər.

Dəhlizdə və bəzi sinif otaqlarında pəncərələr yoxdur. Yağan yağış da, qar da məktəbin içinə yağır.

Maraqlıdır, görəsən, hələ də bu məktəb niyə təmir olunmayıb?

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müraciət etdik.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təmir və ya məktəb inşası mərhələli şəkildə aparılır. 

Onun sözlərinə görə, ilk olaraq ən böyük və daha qəzalı vəziyyətdə olan məktəblərin bərpası plana salınır:

“Sözügedən kənd məktəbi isə sökülərək yenidən tikintisi nəzərdə tutulur”.

# 7968
avatar

Arzu Qurbanlı

Oxşar yazılar