“Dönərxanalar qida zəncirində iştirak edən mühüm obyektlərdən biridir. Eyni zamanda, ölkədə əhalini tədricən zəhərləyən və təhlükəli məhsulların satıldığı bir şəbəkədir”.
Bu fikirləri Lent.az açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov bildirib.
Azad İstehlakçılar Birliyinin sədri, Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov
O, 2006-cı ildən "quş qripi"nə görə ölkədə toyuq ətindən dönərlərin satışına qadağa qoyulduğunu bildirib:
“Buna baxmayaraq, iki müəsssisədə təhlükəsiz quş və mal ətindən olan dönərlərin hazırlanması üçün dövlət icazə verir. Burada ətləri 40 dərəcə şok dondurmadan keçirən xüsusi aparatlar var. Bu zaman bütün bakteriyalar, təhlükəli maddələr öldürülür. Sonra xüssusi avtomobillərlə ətlər dönərxanalara daşınır. Nəticədə təhlükəsiz dönər hazırlanır. Təəssüf ki, Azərbaycanda olan dönərxanaların heç bir faizi də həmin müəssisələrdən dönər almır. Biz hansı dönərxanaya getsək, orada ətin mənşəyi, hazırlanması ilə bağlı kağızlar asıldığını görəcəyik. Orada yazılanlar isə yalandır”.
Eyyub Hüseynov qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinə əsasən fəaliyyət göstərən bütün dönərxanalar agentliyin reystrlərinə daxil olmalıdır: “Əks halda onların fəaliyyəti qanunsuz hesab olunur. Bəlkə də dönərxanaların 50 faizi bu qanuna riayət eləmir. Dönərxanalar ən təhlükəli ətlərin reallaşdığı yerdir. Təəssüf ki, leş mafiyasının işi hələ də davam edir. Onların fəaliyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət etməlidir”.
Qida texnoloqu Ağa Salamov sağlamlıq baxımından küçədə hazırlanan qızardılmış ətlərdən istifadə etməməyi məsləhət görür:
Qida texnoloqu Ağa Salamov
“Nəzərə almaq lazımdır ki, bəzi dönərxanalarda ət saatlarla dönər aparatında fırlanır. Yanmasın deyə, məcbur qızaran hissəni kəsib, dəmir qabın üzərində saxlayırlar. Bu isə insan sağlamlığı üçün təhlükəlidir. İnsanlar dönərxanalardakı ətin mənşəyini bilə bilməzlər. Bunun məsuliyyəti müəssisə rəhbərinin öhdəsinə düşür. Dönərin qiyməti nə qədər ucuzdursa, keyfiyyət o qədər aşağıdır. Nəzərə alaq ki, ətin kilosu 10 manatdan az deyil. Bu zaman dönər bir manat ola bilməz. Ən yaxşı halda qiymət iki manat olmalıdır”.
Qida texnoloqu qeyd edib ki, havalar isti oldu-olmadı, dönərxanalar soyuducu ilə təmin olunmurlar:
“Amma əti kəsilən yerlərindən alıb, məkana gətirirlər və axşama qədər qalır. Ön hazırlıq görmək üçün ət dinlənməlidir. Hazırlıq iki saatdan çox olmamılı və əti otaq temperaturunda saxlamaq təhlükəlidir. Elə yerlər var ki, mal əti və toyuq dönərləri üçün əti soyducuda eyni rəfdə saxlayırlar. Əslində məhsulun müxtəlifliyinə görə soyuducu və rəflər ayrı-ayrı olmalıdır”.
Ağa Salamov müştəriləri ət və tərəvəzin eyni taxta üzərində doğranmamasına diqqət etməyə çağırır: “Bu onların müştəri hüquqlarıdır. Əgər, dönərxanada bütün məhsullar bir taxtanın üzərində doğranırsa, o zaman bakteriya olacaq. Mal və toyuq ətini, tərəvəzləri doğramaq üçün ayrı-ayrı taxta və bıçaqdan istifadə edilməlidir. Bir doğrama taxtası varsa, o zaman hər doğranılan məhsuldan sonra istifadə olunan əşya yuyulmalıdır. Çarpaz çirklənmə nəticəsində zəhərlənmə halları qaçılmazdır.
Dönərin hazırlanması üçün istifadə olunan riskli qida olan mayonez, pomidor saatlarla günəş şüalarının altında qalır. Bu zaman onların keyfiyyəti itir. Tərəvəz və digər istifadə olunan məhsullar rəf soyducuda üzəri bağlı şəkildə saxlanılmalıdır”.