Etibar Əliyev
04 aprel 2024 16:05 (UTC +04:00)

Etibar Əliyev

“Cavanlığımda bir dəfə oğurluq etmişəm” – Etibar Əliyevlə QEYRİ-RƏSMİ SÖHBƏT

Lent.az-ın “Rəsmilərlə qeyri-rəsmi” layihəsində növbəti qonağımız deputat Etibar Əliyevdir.


- Etibar müəllim, alim olmaq çətindir, ya deputat? 

- İkisi də çətindir, hər ikisi məsuliyyət və çalışqanlıq tələb edir. Alim olmaq daha çətindir. Bundan ötrü çoxlu oxumalı, əmək sərf etməli, illərini verməlisən. Yaxşı alim olmaq üçün hər gün çalışmalısan. Adam var dissertasiyasını müdafiə edir, daha elmlə məşğul olmur. İnsan yaşlandıqca daha çox şey öyrənmək istəyir. Yəqin həyatın tələbi budur. Nə qədər ki, yaşayırsan bu sənə verilən fürsətdir, elə eləməlisən ki, səndən sonra nəsə qalsın. Mən mütaliə etmədiyim günü itirilmiş hesab edirəm. Aristotel “Metafizika” əsərini bu cümlə ilə başlayır: İnsan biliyə can atan yeganə varlıqdır. 

- Kimləri mütaliə etməyi sevirsiniz? 

- Məncə daha az şeyi dərindən bilmək, çox şeyi oxuyub heç nə bilməməkdən üstündür. Ayda 6-7 dəfə kitab mağazalarına gedirəm. 30 ildir kitab toplayıram. Evimdəki kitabxanada 2500-ə yaxın kitab var. Amma əsas say deyil, mahiyyət, keyfiyyətdir. Kitabxanamda kəmiyyətlə keyfiyyət bir-birini tamamlayır. Kimləri oxuyuram? Hər yaş dövrünün öz kitabları var. Adam hər yaşda oxuduqlarını fərqli şəkildə qavrayır. Cavan vaxtlarımızda detektiv əsərlər oxumağımıza xeyli vaxt sərf etmişik. S.Svayqın əsərləri çox gözəldir bizim gənclər onu oxumalıdırlar acınacaqlı həyatı olub, ömrünü intiharla başa vurub. Bioqrafiya janrının banilərindən biridir. İndi daha çox fəlsəfədən kitablar oxuyuram. Kantı, Yaspersi, Haydeggeri daha dərindən dərk etməyə çalışıram. Yeri gəlmişkən 250 səhifəlik “Məktəbli fəlsəfəsi” kitabımı çapa verdim. Uşaqların fəlsəfəni anlaması üçün yazılmış kitabdır.

 - Deyirlər Eynşteyn kitab oğrusu olub. Hətta evlərinə qonaq gələndə kitablarını gizlədirmiş. Pulunuz olmayan vaxtlarda kitab oğurlamısınız? 

- Cavanlığımda bir dəfə olub. 90-cı illərdə Ramiz adlı bir kitabçı var idi. Onun kitab mağazasında Fridrix fon Xayekin əsərini almağa pulum çatmadı. Atdım çantama. 3-4 gündən sonra vicdanım əl vermədi, oxuyandan sonra qaytardım və dostum Ramizə dedim ki, bağışla mən bunu oğurlamışdım. Kitab oğurluğu yeganə oğurluqdur ki, nəticə etibarı ilə xeyrə işləyir. Orda adam həyəcan keçirmir. 

- Sevgi romanları oxumusunuz?

- Oxumuşam, amma az, 30 yaşıma qədər. “Küləklə sovrulanlar”, “Kolluqda oxuyanlar”, “Madam Bovari” romanlarını xatırlayıram. Qadın yazıçıların məktubları çox maraqlıdır. 

- Ümumiyyətlə, sevgiyə inanırsınız? 

- Sevgi bütövlüyü ehtiva edir, onsuz həyat mümkün deyil. Sevgi metafizikadır. Onu Allah insanın ruhuna həkk edib və dünya sevgi üzərində qurulub. İnsana, təbiətə, vətənə, həyata sevgi olmadan nə rəngdə olardı bu dünya?

- İlk sevginizi xatırlayırsınız? 

- Orta məktəbdə kitablar oxuyanda, romantik musiqilərə qulaq asanda hiss edirsən ki, içində nəsə dəyişib, ürəyin başqa cür döyünür. Bizim gənclik illərimizdə, 80-ci illərdə bayağı musiqilər dəbə düşmüşdü. Qızların adına mahnılar oxuyurdular. Kasetlər əldən-ələ gəzirdi. Tələbə yataqxanalarında belə musiqilərə böyük üstünlük verilirdi. Bütün bunlar istər-istəməz gənc ruha bir coşğu verirdi. Milyonlarla gəncdən biri də mən. Zaman keçir hər şeyin sadəcə xoş xatirəsi qalır. Ancaq sosial fərqlər bəzi gənclərin ailə qurmalarına maneçilik törədirdi. 

- Özünüz sevib ailə qurmuşdunuz? 

- Xanımım öz sinif yoldaşım olub. Müəllimədir.

- Övladlarınız ailə qurub? 

- Bəli. 3 nəvəm var.

- Onlar ailə qurarkən sevdiklərini seçmələrinə icazə verdiniz? Yoxsa artıq yaşın sizə gətirdiyi məntiqlə hərəkət etdiniz? 

- Özləri sevib ailə qurdular, seçimlərinə hörmət etdim.

- Deputat baba nəvələrinə zaman tapır? 

- Əlbəttə…İstəyirəm onların təhsil prosesində daha yaxından iştirak edim. Məndən çox şey öyrənirlər və buna özləri də can atırlar. Sevə-sevə söhbətləşirik. İnsan övladını böyüdərkən təcrübəsizlikdən yol verdiyi səhvləri nəvəsinin təlim-tərbiyə, təhsil prosesində düzəltmək istəyir.

- Özünüz necə uşaq olmusunuz? Dəcəl, yoxsa sakit? 

- Həmişə birinciliyə can atmışam. Hər işdə birinci olmalıydım, bilmirəm bu nədən irəli gəlirdi. Yaxşı oxuyurdum. Voleybol və yüngül atletika ilə məşğul olurdum. Uşaqlığıma dair tək təəssüfüm o oldu ki, gərək başqalarının məsləhətinə uymayaydım. Məni ruhdan saldılar. Niyyətim həkim olmaq idi. Fizika fakültəsini bitirdim. Həkim olsam, çox yaxşı mütəxəssis olardım. O vaxtlar ali təhsilə baxış fərqli idi. Deyirdilər tarixi oxu, raykom katibi ol, hüququ oxu prokuror ol, həkimliyi oxu, pulun çox olsun, baş həkim ol, iqtisadiyyatı bitir, müfəttiş ol və s. 

- Tələbə yataqxanası dediniz bayaq. Tələbəlik oğlanlara yaxşı vərdişlər qazandırır. Ev işlərini bacarırsınız? 

- Siz bu sualla məni keçmişə apardınız, kövrəltdiniz. Bir anlıq qaldığımız o balaca otaq yadıma düşdü. Biz əslən Qərbi Azərbaycandanıq. Biz tərəflərdə qışa ehtiyat saxlamaq üçün əti qovurub qablarda saxlayardılar. Hazır yemək idi. Yataqxanada hamı bilirdi ki, Qərbi Azərbaycan və Naxçıvan bölgəsindən gələn tələbələrdə mütləq qovurma olur. Üstünə yumurta, kartof, pomidor vurub bişirirdik. O əl vərdişim qalıb. Qovurma, kabab, sous kimi yeməklər hazırlaya bilirəm. Öz paltarımızı da yumuşuq, dostlarımızınkını da. Bir də görürdün kimsə paltarını yuyanda, biri gəlirdi ki, mənim köynəyimi də yu. 72 faizlik sabunla, əllə yuyurduq, indiki kimi paltaryuyan maşın yox idi. Yəni mən özüm-özümə yaxşı qulluq edə bilmişəm, indi də bunları bilirəm.

- Tələbə yoldaşlarınız, bir otaqda qaldığınız insanlarla münasibətləriniz davam edir? 

- Rəhmətə gedənlər var, əlaqə saxladıqlarım çoxdur. Bir vaxtlar məzun olanlar hər il görüşərdilər. Maraqlı xatirələri yada salardılar. Son dövrlər belə görüşlərə az rast gəlirəm.

- Deputat seçiləndən sonra sizə olan münasibətlərdə dəyişiklik oldu? 

- Əvvəl məni tutaq ki 10 nəfər tanıyırdı, indi 100 nəfər tanıyır. Fikrimcə, məşhurlaşan, bir pillə önə çıxan adam geridə qoyduqlarını itirib axtarmalıdır. Çevrəm çox genişdir, akademiyadan həmkarlarım, pedaqoq dostlarım, qohumlar, qonşular… Bir çox hallarda onları özüm zəng edib arayıram. Zəng etmədiklərimdən inciyənlər də olub. Seçicilərlə görüşdə onların qaldırdıqları problemlər həllini tapmayanda üzülürəm. 

- Etibar müəllim, sizi qalmaqallı deputat kimi tanıdıq. Bir aralar adınız gah Təhsil Nazirliyinə qohumunuzla bağlı etdiyiniz xahişlə hallandı, mesajlarınız yayıldı, gah üzündən oxuya bilmədiyinizi dedilər, gah da “göydəndüşmə deputat” adı qoydular sizə… 

- Qalmaqallı deputat? Düz danışanda, haqqı deyəndə qalmaqallı olursan. Mən danışıram, münasibət bildirirəm, troll dəstələri tökülür səhifəmə. “Qanuni oğru” haqqında mahnı oxuyan tələbələrdən yazmışdım və ali məktəb rektorunu tənqid etmişdim. Deyirəm bu ali məktəbdə tələbələrə “qanuni oğru”lar barədə öyrədirlər? Düşürəm qalmaqala. Mən əslində parlamentin danışan deputatlarındanam. Aktual məsələlərə münasibət bildirməyə çalışıram, hesab edirəm ki, hələ az danışıram. Arada həyasızcasına fikirlərimi kontekstdən çıxarırlar, montaj edirlər. İnsanın dili çaşa bilər, kompüterdə problem yarana bilər. Götürüb yazırlar deputat üzündən oxuya bilmir, onlarla kitabın, yüzlərlə çıxışların və yüzlərlə elmi məqalənin müəllifi necə üzündən oxuya bilməsin? Ölkənin problemləri ilə bağlı qaldırdığım məsələlər, etdiyim çıxışlar qalır qıraqda, bir cümləmin ucundan tutub şou düzəldirlər. İranlı politoloq Ehsan Movehhediyan davamlı olaraq Azərbaycan əleyhinə mövqe nümayiş etdirir, parlamentdə bu barədə danışdım, Ehsan və onun kimilərini fəlsəfədə tez-tez işlədilən “Buridanın eşşəyi”nə bənzətdim. Sözümün iranlı ekspertlə bağlı hissəsini kəsib verdilər ki, Etibar Əliyev eşşəkdən danışır. Haqqımda təhqiramiz şeylər danışılanda buna cavab vermişəm, adımı qalmaqallı qoyublar. Tənqid və təhqir fərqli məsələlərdir. Təhsil Nazirliyi ilə olan problemə gəlincə, yazmışdım, amma bunu sosial şəbəkədə paylaşmaq etikadan kənardır. Təcrübəli bir müəllim barədə etdiyim xahişi götürüb sosial şəbəkədə paylaşmışdılar. Deputat yüzlərlə seçicisi barədə xahişlər edir. Bu bizim fəaliyyətimizin tərkib hissəsidir. Məktəblərimizlə bağlı problemləri dilə gətirirəm, repetitoruq sistemi məktəb sistemini, onun funksiyalarını məhv edib. Sözü deyirəm, kimə sərf eləmirsə dərhal trollarını işə salır. Göydəndüşmə deputat saymıram özümü. Mən illərdir təhsil eksperti kimi mediada müntəzəm çıxışlar etmişəm. Yüzlərlə elmi məqalələrim var, milli azadlıq hərəkatında fəal iştirak etmişəm. Siyasi mövzulara münasibət bildirmişəm. Ölkədə elmin populyarlaşdırılması kimi vacib bir işlə məşğul oluram. Bunlar göydəndüşmə mövzular deyillər. Deputat olmaq üçün başqa nə özəllik olmalıdır ki, insanlar qane olsun? 

- Yenidən deputat seçilmək istəyərsiniz? 

- Bir az çətin sual oldu. Növbəti seçkidə namizədliyimi verəcəyəm. Yenidən seçilməyim seçicilərin iradəsindən asılıdır. Məndən daha layiqli bir namizəd olarsa, geri də çəkilə bilərəm. Faciə deyil. 

- Çətin vəziyyətə düşsəniz, parlamentdə hansı deputata ağız açarsınız?

- Allah heç kimi çətin vəziyyətə salmasın. Parlamentdə yaxın dostlarım, məsləhətləşdiyim insanlar var. Ən çox dəyərli dostum Fazil Mustafa ilə söhbətlərim alınır. Bizim mentalitetdə bir-birinə dəstək durmaq cizgisi var. Bu yaxşıdır. Parlamentin intellektual səviyyəsi yüksəkdir. 

- Nədənsə son illərdə bir çox məmurlar arasında akademik ad almaq dəbi yarandı. Bilirsən ki, o əsəri yazmağa fiziki olaraq zamanı yoxdur, elmi əsərinin bir mahiyyəti də yoxdur. Amma doktordur, akademikdir və s. Nədən yaranıb bu həvəs?

- Çoxu elmi işini başqasına yazdırır, sanki bəhsə giriblər. Birinin yekə maşını var, qonşu ona baxır, borca düşüb lap yekəsini alır. Elmin məsuliyyətini dərk etmək vacib məsələdir. XX əsrin ən böyük mütəfəkkirlərindən olan Jan Pol Sart Nobel mükafatından imtina eləməsini belə əsaslandırmışdı. Demişdi: “Bir var Venesueladakı partizan hərəkatını Jan Pol Sartr adı müdafiə edə, bir də var bunun qarşısına Nobel mükafatı laureatı sözü yazıla. Mən öz məsuliyyətimə Nobel Komitəsini də qoşuram.” Əgər şəxsin adının qarşısında elmlər doktoru, professor sözləri yazılırsa o şəxs məsuliyyəti dərk etməlidir. Elmi tətbiq etməyəndən sonra nəyə gərəkdir. Böyük alimlərin əsərləri ilə tanış olanda məmnunluq duyursan və elmə həvəsin artır. Mən bir institutda 6 il elmi seminarın üzvü oldum. Seminarı keçənlər elmi işlərini müdafiə edirlər. Müdafiəyə gələn namizədlərin 95 faizi elmi işini üzündən oxuya bilmirdi, amma alim olurdu. Bunlar bizim elmimizə nə verə bilər? 

- Şou aləminin nümayəndələrinin alimlərdən daha çox tanındığı, varlı olduğu və hörmət gördüyü cəmiyyətdə yaşayırıq. Tanınmışlarla münasibətiniz var? Məclisinizdə hansı məşhuru görmək istəyərdiniz? 

- Övladlarımın toyuna heç bir məşhuru çağırmamışdım. Elə restoranın oxuyanları kimlər idisə məclisi onlar idarə elədilər. Muğam ustalarımıza münasibətim çox yaxşıdır. Televiziyalarda artistlərin evindən verilişlər hazırlayırlar, indiyə qədər bir alimin evindən, kitabxanasından verilişə rast gəlibsinizmi? 

- Çətin, eyni zamanda çox maraqlı bir dövrü yaşadı orta nəsin insanları. İnandığımız çox şey puç oldu, yeni dəyərlər yarandı, texnologiyalar sürətlə inkiaşf edir, insan o həddə çatdı ki, cinsini belə dəyişdi. Müharibələr, dünyanın ərzaq qıtlığı ilə, nüvə müharibələri ilə təhdidi... Bu mənada yaşamaq sizi qorxudur? Nəvələrinizi çətin bir gələcəyin gözlədiyini düşünürsünüz heç? 

- Dövr dəyişdikcə insan psixologiyası və münasibətlər dəyişir. Dəyişən dünya tək məni yox, elə hamını qorxudur. Asan deyil və gələcək nəsillərə də asan olmayacaq. Dövlətlər bir-birilərini nüvə silahı ilə təhdid edirlər, iqlim fəlakətləri qapımızın astanasındandır. Azərbaycan Prezidenti İlham Əliyevə minnətdar olmalıyıq. Belə çətin və xaotik dünyada dövlətimizi təhdidlərdən xilas edib. Dünyanın bir ucunda kiçik bir hadisə olanda bu anında dünyanın hər yerinə yayılır. Ekzistensial risk  (Ekzistensializm latınca exsistensia — mövcudluq, varlıq deməkdir, insanın mövcudluğu problemini araşdıran və subyektiv təfəkkür, hiss və hərəkət təcrübəsinə əsaslanan fəlsəfi araşdırma formasıdır – red.) qarşısındayıq. Hərənin öz qəzeti var, feysbuku nəzərdə tuturam. Buyur, qabiliyyətini və intellektini göstər. Zaman sürətlənib sanki. Telefonlarımız zamanımızı oğurlayır. Cəmiyyət də, insanlıq da dəyişib. İnsanlar bəzən telefona çəkinərək baxırlar, görəsən məndən nə yazıblar, yaxud yazılarıma münasibət necədir? Bu suallar şüurumuzu başqa məkana daşıyır. Sosial şəbəkələr narsistliyi (özünəvurğunluq) artırıb. Ruminin bir məşhur kəlamı var, iki bir-birinə oxşayan günün biri gün deyil. Çoxfunksiyalı telefonlar və sosial şəbəkələr günlərimizi bir-birinə bənzədir. Yeganə çıxış yolu gəncləri mütaliəyə alışdırmaqdır. 

- Ən böyük peşmanlığınız nədir? 

- Zaman. Elə insan olmaz ki, zamanın xiffətini çəkməsin. Düşünürəm ki, kaş mən gəncliyimdən daha faydalı istifadə edəydim. Daha çox iş görərdim, daha çox öyrənəydim. Zamanımı daha fərqli xərcləyərdim. Zaman mənim ən böyük peşmançılığımdır.

 

FOTOLAR: Rüfət Mustafayev

# 7335
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar