Buraxılış imtahanına mobil telefonla, “ağıllı” saatla gələnlər olub
17 mart 2024 15:54 (UTC +04:00)

Buraxılış imtahanına mobil telefonla, “ağıllı” saatla gələnlər olub

17 mart 2024-cü il tarixində Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan binası, 3468 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 543 imtahan rəhbəri və ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış rejimi əməkdaşı (mühafizə) və 190 bina nümayəndəsi ayrılıb.

İmtahanda 46741 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 40 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

# 3156
avatar

Oxşar yazılar