Bu gün Globalinfo.az saytının 1 yaşı tamam olur. Az zaman içində fərqlənməyi və adından söz etdirməyi bacarmış bu saytın əməkdaşları ilə görüşdük. Gənclərdən ibarət komandaya Əməkdar jurnalist Azər Ayxan rəhbərlik edir. Qapısından girər-girməz redaksiyada çox mehriban, isti mühitin şahidi olduq.
Azər Ayxan ilk növbədə saytın baş redaktoru, şair Aqşin Evrəni təqdim edib, “buranın müdiri odur, mən saytın digər məsələlərinə daha çox vaxt ayırmalı oluram. Elə deyilmi, sayın baş redaktorum?” deyərək zarafat edir, sonra bir-bir hamı ilə tanış oluruq. Söhbətimizə onun otağında davam edirik.
- Azər bəy, media bazarında yüzlərlə sayt var. Üstəlik, televiziya və peşəkar medianın sosial şəbəkələrlə ciddi rəqabət halında olduğu bu dövrdə bu saytı yaratmaq hansı tələbatdan irəli gəldi?
- Hər insan bacardığı işi görməlidir. Mən də bu sahənin adamıyam deyə düşündüm ki, bir qədər fərqli, seçilən sayt yaradım. Bəli, çətindir. Bu gün peşəkar sözlə sosial media rəqabətdədir. Biz sözü urvatdan düşməyə qoymamalıyıq. Ənənəvi media məhz bunun üçün var. Bəzən deyirlər ki, indi sosial şəbəkələrdə hərə özü bir qəzetdir, saytdır, televiziyadır. Düzdür, rəqabət böyükdür. Bazara yeni oyunçular daxil olub. Amma bizim işimiz də kollektiv oyun sərgiləyərək ənənəvi medianın mövqelərinin qorunub saxlanılmasına çalışmaqdır.
- Kənardan baxanda özünüz Azər Ayxanı necə bir rəhbər kimi görürsünüz? Sərt, yoxsa...
- Globalinfo-da ilk gündən səmimi ortam, sağlam mühit var. Gərginlik və qeyri-səmimi münasibət sistemi işi korlayan əsas faktordur. Hətta yanlış edəndə onu sakit qarşılayıb, çevik aradan qaldırırıq. Əslində biz çox nadir hallarda səhv buraxırıq.
Yaradıcı koordinasiya əsasən saytın baş redaktoru Aqşin Evrəndədir. Mən hər gün gündəmə uyğun mövzuları əməkdaşlara verirəm, onlardan gələn yazıların oxunması, təqdimata əsasən Aqşin bəyin üzərindədir. Aqşin Evrən yaxşı təşkilatçıdır, vicdanlı insandır, həm də çox yaxşı baş redaktordur. Xəbər siyasətimizə diqqət edirik. Orijinal və fərqli xəbər sistemi qurmuşuq. Yeknəsəklikdən qaçmağa çalışırıq. Müəyyən dərəcədə buna nail ola bilmişik.
Ümumiyyətlə, komanda olaraq ortaya çox uğurlu iş qoya bilirik. Redaksiyada stress yoxdur. İşimiz çoxdur, bəzən söhbət etməyə belə vaxt tapa bilmirik. Buna rəğmən sakitliyimizi, təmkinimizi qorumağı bacarırıq. Uşaqların bura bağlanmasının bir səbəbi stressiz iş şəraitidir. İlk gündən istəyim bu olub. Ona görə hamı özünü rahat hiss edir. Hamı buranı özünün şəxsi müəssisəsi kimi görür, can yandırır. Bəzən gecə 12-də səfərbər olub, işləyirik. Ölkədə, dünyada hər hansı hadisə baş verəndə vatsap qrupuna yazmağıma gərək qalmır. Anındaca səfərbərlik başlayır. Bu cür situasiyalarda ciddi fərqlənirik.
- Hədəfiniz nədir?
- Böyümək! Bu saytı “evə bir tikə çörək aparaq” ehtiyacından qurmamışıq. Media işi sistem, kommunikasiya, menecerlik bacarığı və təcrübə tələb edir. Sayt yalnız dolanışıq ehtiyacını qarşılamaq üçün açılırsa, heç vaxt uğurlu olmayacaq. Qarşıya hədəf qoymalısan və günbəgün o hədəfə doğru irəliləməlisən. İddiamız var. O iddianı reallaşdırmağa isə təcrübəmiz və potensialımız yetərincədir. Mən o sözü sevmirəm, kimsə deyir, iddiam yoxdur. İddiasız və hədəfsiz uğur qazanmaq olmaz. Amma sağlam iddiadan, real hədəfdən söhbət getməlidir. Hədəfimiz böyümək və ölkə mediasında çəkisi olan media quruma çevrilmək, ən güclü olmaqdır. Biz yoxdan yaranmış saytıq. Bu gün az-çox səsimiz duyulur, adımız tanınırsa, bu böyük əməyin nəticəsidir. Mən bu kollektivlə çox xoşbəxtəm. İş yeri üçün darıxmaq böyük xoşbəxtlikdir.
- Globalinfo.az-ın fərqi nədir? Oxucu onu niyə oxumalıdır?
- Qərəsziliyinə, obyektivliyinə, operativliyinə və sözlə, xəbərlə peşəkar davranışına görə oxucu Globalinfo-nu seçir və sevir. Biz sübut etdik ki şou, kriminal və hətta tənqid yazmadan belə media bazarında mövqe tutmaq, fərqlənmək mümkündür.
Biz daha çox araşdırma, təhlil saytıyıq. Proseslərin görünməyən tərəfini oxucuya təqdim etməyə çalışırıq. Bu gün əməkdaşlarımız sözün həqiqi mənasında peşəkarlıq və fədakarlıq göstərərək Globalinfo-nun böyüməsi yolunda böyük işlər görürlər.
- Gənc əməkdaşlarınızdan gələn təkliflərə açıqsınız?
- Əlbəttə. Burda hamıdan yaşlı mənəm. Amma oğlum yaşda gənclərin fikirlərini dinləyirəm, bir-birimizdən öyrənməli çox şey var. Mənəm-mənəmlik eqosu bizə yaddır.
- Redaktorluq asandır, yoxsa müxbirlik?
- Hər iksinin ayrı-ayrılıqda çətinliyi və məsuliyyəti var. Redaktorun işi daha çətindir. Çünki yazı onun redaktəsindən keçib, saytda yayımlanır. Gərək materiala maksimum diqqətlə və məsuliyyətlə yanaşsın. Bir cümlə bəzən böyük problemlər yaradır.
Özüm də hər gün yazıram. Həm də öz imzamla. Elə gün olur 2-3 məqalə, xəbər yazıram. İşim budur.
Bir dostum var, media aləmindən deyil. Həmişə yanıma gələndə deyirdi ki, ağacdələn ağacı döyəcləyən kimi, nə vaxt otağına gəlirəm, klaviaturanı döyəcləyirsən. Əslində özü də bilmədən haqqımızda çox gözəl bir söz işlətdi. Biz jurnalistlər cəmiyyətin ağacdələnləriyik. Onu parazitlərdən, çirkli fikir və informasiyalardan təmizləməyə çalışırıq. Bəzən buna nail oluruq, bəzən doğru sözün belə gücü çatmayan yalanlarla üzləşirik. Amma sonda həqiqət qalib gəlir.