Həkim Seymur Kərimli
12 may 2021 16:40 (UTC +04:00)

Həkim Seymur Kərimli

“Başqa pandemiyalarda olduğu kimi, insan qalib gələcək” – Məşhur azərbaycanlı həkim

Seymur Kərimli 2001-ci ildə Tibb Universitetini bitirdikdən sonra bir il Onkoloji Mərkəzdə internatura keçib və 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi ordu briqadasında həkim işləyir. Sonra qısa zaman ərzində həkim-onkoloq kimi çalışır və 2005-ci ildən Almaniyada yaşayır.

Lent.az-ın müsahibi Almaniyanın Bavariya əyalətində yerləşən "Würzburg" Universitetinin 9 əsas ürək cərrahından biri olan Seymur Kərimlidi. O, Almaniyada ən çətin ürək əməliyyatlarından sayılan ürək transplantiyasını həyata keçirən həkimlərdən biridir. 

- Onkologiya və ürək. Müasir tibb hansı xəstəliyin tam sağalmasında hələ də acizdir?

- Müasir təbabətdə hər iki sahədə son illərdə böyük irəliləyiş var. Amma buna baxmayaraq, əksər hallarda onkoloji xəstəliklərin tam müalicəsi mümkün deyil. Kardiologiya və ürək cərrahiyyəsi sahəsində isə təbabət aciz deyil, geniş spektrli müalicə metodları mövcuddur. Amma ölüm səbəbinə görə ürək-damar xəstəlikləri dünyada birinci yerdə durur. İlkin mərhələdə olan ürək xəstəlikləri çox hallarda əlamətsiz keçdiyinə görə, xəstələr gecikmiş və ağırlaşmış formada həkimə müraciət edirlər.

- Azərbaycanda yaşından asılı olmayaraq, ürək xəstəliyindən əziyyət çəkənlər çoxdur. Almaniyada durum necədir? İnsanlar daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?

- Statistikaya görə, ürək-damar xəstəliklərindən ölənlərin sayı inkişaf etmiş ölkələrdə, o cümlədən də, Almaniyada birinci yerdədir. Məsələn, ötən il, Almaniyada təqribən 1 milyon insan dünyasını dəyişib, bunun böyük hissəsi, təqribən 300 000-dən çoxu (30%) ürək-damar xəstəliklərindən, 200.000 (20%) xərçəngdən vəfat edib. Təxminən 30.000 (3%) ölüm halı COVID-19 -la bağlı olub.

- Həkimdən, dərmanlardan çox türkəçarələrə inanırıq. Almaniyada yaşayan azərbaycanlılar bu “ənənəni” davam etdirir?

- Bunu onlardan soruşmaq lazımdır. Bəzi hallarda bizimkilərin tiblə bağlı başqa ənənəvi adətlərinə rast gəlirəm. Məsələn, bir azərbaycanlı mənə demişdi ki, həkim, mənim başımın ağrısını yalnız Azərbaycandan gətirdiyim “Analgin” kəsir. Baxmayaraq ki, Almaniyada elə “Analgin”in də analoqu və başqa keyfiyyətli ağrıkəsicilər kifayət qədərdir.

- Azərbaycanda çoxları açıq havada maska qadağasını qəbul etmir. Sizcə, haqlı iraddır? Almaniyada insanlar hansı qadağaya etiraz edir?

- Almaniyada son aylarda koronavirusa yoluxma çox sürətlə artır. Buna baxmayaraq, acıq havada maskaya ehtiyac görülmür. Mən, ümumiyyətlə, bu pandemiyanın bitməsinin yolunu kütləvi peyvəndlənmədə görürəm. Ümid edirəm və inanıram ki, bu pandemiyada da tarixdə baş vermiş başqa pandemiyalarda olduğu kimi, insan qalib gələcək və həyat gözəlləşəcək. Dünya yenə də müəyyən preventiv dəyişiklərlə öz əvvəlki vəziyyətinə qayıdacaq.

- COVID-19 virusuna yoluxan insanda ürək xəstəliyi yarana bilər?

- Bu haqda konkret danışmaq hələ tezdir və bu istiqamətdə aparılan araşdırmalar hələ də davam edir. İndiyə qədər məlum olan odur ki, COVID-19 xassələrində ürək əzələsinin iltihabı müşahidə olunur. Bu bəzən çox ağır fəsadlar verir və hatta ölumə səbəb ola bilir. Bundan başqa, koronavirusdan yaranan ağır gedişatlı pnevmaniyalarda qanda oksigenin azalması nəticəsində ürəyin də oksigenlə təchizatı pozula bilər.

Başqa məlum olan da odur ki, koronavirus insan orqanizminə daxil olmaq üçün Angiotenzim “Converting” enzimindən (ACE-2) funksional reseptor kimi istifadə edir. ACE-2 ürək və ağciyərlərdə güclü şəkildə ifadə olunur. COVID-19 xəstəliyinin ürək-damar xəstəlikləri olan xəstələrdə daha ağır keçməsi, ACE-2-nin artmasi ilə əlaqələndirilir. Bu səbəbdən, hipertoniya və COVID-19 olan xəstələrdə ACE-in hibitorlarının (qan təzyiqini salan dərman preparatı) istifadəsi diqqətlə nəzərdən keçirilməlidir.

- Almaniyada pandemiya və karantindən sonra ürək xəstələrinin sayında artım müşahidə olundu? Həkim kimi sizə müraciət edənlərdə bu fərqi hiss etdiniz?

- Gözə çarpacaq dərəcədə artım hiss olunmadı. Yuxarıda sadaladığım statiskada olduğu kimi, pandemiyadan asılı olmayaraq ürək-damar xəstəlikləri COVID-19-la nisbətdə dəfələrlə çox olduğu üçün bu hiss olunmur. CoV-2 mənşəli miokarditlər əsasən kardioloqların nəzarətində olurlar. Biz ürək cərrahı olaraq COVID-19 nəticəsində yaranmış kəskin ağciyər çatışmazlığı ilə müşayət olan çox ağır xəstələrə süni qan dövranı və oksigenləşdirmə aparatı (EKMO- ekstra-korporal membran-oksigenləndirmə) qoşmaqla yardım edirik.

- Hansı məşhur simalar ürəyini sizə etibar edib?

- Bu şəxsi məsələ olduğu üçün heç kimin adını deyə bilmərəm. Sadəcə, bunu deyə bilərəm ki, Azərbaycandan keçmiş icra başçısı, millət vəkili və bir neçə professor bizim klinikada müalicə alıb.

Lent.az həkim Seymur Kərimlinin ürək transplantiyası əməliyyatından görüntüləri təqdim edir: 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5490
avatar

Nigar Adil

Oxşar yazılar