Bakıda avtobus sürücüsü qadına "söz atdı" - Bəs BNA nə deyir?
28 iyul 2022 13:31 (UTC +04:00)

Bakıda avtobus sürücüsü qadına "söz atdı" - Bəs BNA nə deyir?

"Facebook" sosial şəbəkəsində paylaşılan status müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, söhbət "Ramila Aleskerova" adlı istifadəçinin avtobus sürücüsünün qeyri-etik davranış göstərdiyi iddia etməsindən gedir. Paylaşımda deyilir:

"14:05-də, 57 nömrəli marşrut avtobusu Bakıxanov rayonu, "Bizim market"in önündə dayandı (orada dayanmaq qadağandır) və həmin avtobusdan bir neçə nəfər xanım düşdü. Onların birinin ardınca tərbiyəsiz(!) sürücü hamının içində eşidiləcək şəkildə dedi ki, "Elə bil balaca bacısının paltarını geyinib!". Bunu 2 dəfə təkrar etdi. 
Avtobusda da bir qadın və mən buna etiraz etdik. Sürücü isə "yaxşı edirəm! Mənim bacım belə qeyinmir! Gedin kimə şikayət edirsinizsə, edin!" dedi.
Hər şey bu qədər rahatdır?! Kimin nə geyinib geyinməməyi sürücülərə nə dəxli var?! Kim bu haqqı onlara verib?".

 

Hadisə şahidi Ramilə Ələskərova ilə əlaqə saxladıq. Onun sözlərinə görə, ilk dəfədir sürücünün sərnişinə bu cür qeyri-etik hərəkəti ilə rastlaşır:

"Dünən hadisə baş verəndə yüküm var idi deyə, telefonla DQN-ın şəklini çəkə bilmədim. Ancaq sürücünün üzü yadımdadır. Bildiyimə görə isə bu cür köhnə avtobuslarda kameraların adı var, özü yox. Yəni, ya yoxdur, ya da var, amma işləmir. Kameraların işləməməsi belə hadisələrin işıqlandırılmamasına şərait yaradır".

Bu iddia ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev redaksiyamıza bildirdi ki, 57 nömrəli müntəzəm marşrut xətti "Azlənd-Plaza" MMC-nin istismarındadır:

"57 və Bakı şəhərində fəaliyyət göstərən bütün digər müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalarını ayrı-ayrı daşıyıcı şirkətlər yerinə yetirir. Sürücülər də daşıyıcılar tərəfindən işə götürülür və həmin şirkətin əməkdaşlarıdır. Məsələ nəzarətə götürülüb və müvafiq araşdırma aparılır. "Azlənd-Plaza"-nın məsul şəxsləri də Agentliyə dəvət olunublar".

Mais Ağayev qeyd edib ki, bu, hər bir halda düzgün hərəkət deyil:

"Sürücülərin bu cür hərəkətləri yolverilməzdir. Həm həmin xanıma, həm də digər xanım sərnişinlərə qarşı yanlış davranışdır. Həmin xanımdan xahişimiz budur ki, avtobusun dövlət qeydiyyat nişanı yadında qalıbsa, agentliyə bildirsəydi, daha tez müəyyən edilməyinə yardımçı olardı. Avtobusun DQN-nı müəyyən edildikdən sonra, kameralara baxılacaq və hadisə təsdiqini tapsa, sürücü barəsində müvafiq tədbirlər görüləcək". 

Belə... Ümid edirik ki, məsələ öz həllini tapacaq və digər şirkətlər də lazımi tədbirləri həyata keçirəcək. 

# 5034
avatar

Nigar Namiq

Oxşar yazılar