3 saylı Uşaq Evində qotur xəstəliyinin yayıldığı iddia olunur.
Lent.az Oxu.az-a istinadən xəbər verir ki, 8 uşağın Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq qeyd olunub ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub:
"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər".
Sosial Xidmətlər Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, qurumun balansındakı müəssisələrdə uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyəti səhiyyə qurumları ilə əməkdaşlıq edilir.