Azərbaycanda ev heyvanlarından da yaxma götürülür: Koronovirus təhlükəsinə görə
07 aprel 2021 10:40 (UTC +04:00)

Azərbaycanda ev heyvanlarından da yaxma götürülür: Koronovirus təhlükəsinə görə

COVID-19 xəstəliyinin ev heyvanları arasında yayılmasının araşdırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi-tədqiqat işlərinə başlanılıb. 

İnstitutdan Lent.az-a verilən məlumat görə, layihə COVID-19 törədicisinin heyvanlar arasında yayılması səbəblərinin aşkarlanması və törədicinin ətraf mühitdə dövr etməsinin qarşısının alınması məqsədilə həyata keçiriləcək profilaktik tədbirlər baxımından böyük elmi əhəmiyyət kəsb edir.

Tədqiqat işlərinin gedişatına əsasən, COVID-19 testi pozitiv və ya şübhəli olan insanlarla sıx təmasda olan, temperatur və kəskin respirator əlamətlər aşkar edilən, eləcə də son bir ay ərzində bu kimi əlamətlərin müşahidə olunduğu ev heyvanlarından nümunələr götürülür.

Mərhələli şəkildə həyata keçiriləcək layihə hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən baytarlıq klinikalarında müayinə olunan, həmçinin  heyvan sığınacaqlarında saxlanılan it və pişiklərdən müvafiq nümunələrin (qan və yaxma) götürülməsi ilə davam etdirilir.

COVID-19 xəstəliyinin törədicisi olan SARS-CoV-2 koronaviruslar ailəsinə mənsub zoonoz və yüksək patogen virus olmaqla, insanlarla yanaşı, heyvanlar üçün də riskli sayılır. Artıq dünyanın müxtəlif ölkələrində zoopark və ev heyvanları arasında  COVID-19 xəstəliyi ilə yoluxma faktları qeydə alınıb.

Qeyd edək ki, insanlardan ev heyvanlarına COVID-19 virusunun ötürülmə ehtimalı və ev heyvanları arasında virusun dövr etməsi barədə məlumatlar artmaqdadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2577
avatar

Nigar Adil

Oxşar yazılar