"Azərbaycan korrupsiyaya qarşı mübarizədə qlobal mərkəzə çevrilir" – Heydər Məmmədov
15 may 2025 10:23 (UTC +04:00)

"Azərbaycan korrupsiyaya qarşı mübarizədə qlobal mərkəzə çevrilir" – Heydər Məmmədov

Azərbaycan Prokurorluğu beynəlxalq hüquqi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir və bu sahədə atılan ardıcıl addımlar ölkəmizin beynəlxalq hüquq məkanında nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Lent.az xəbər verir ki, bu barədə Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədovun rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirilir.

2025-ci ilin 19–23 may tarixlərində Bakı şəhəri BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa və İdarəetmə Komitəsinin Onuncu Görüşünə ev sahibliyi edəcək.

Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu – o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan – ümumilikdə 300-dən artıq nümayəndənin fiziki, 60-dan artıq iştirakçının isə onlayn formatda iştirakı nəzərdə tutulur. Panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış planlaşdırılır.

Baş prokurorun müavini, sözügedən tədbirin Təşkilat Komitəsinin rəhbəri Heydər Məmmədov məqaləsində qeyd edir:

“GlobE Şəbəkəsinin Bakıda keçiriləcək 6-cı Plenar İclası təkcə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi deyil, eyni zamanda ölkəmizin korrupsiyaya qarşı mübarizədə qlobal konsensusa verdiyi töhfənin parlaq təzahürüdür. Azərbaycan bu mühüm tədbir vasitəsilə hüquqi sistemindəki islahatları, rəqəmsallaşma təşəbbüslərini və beynəlxalq əməkdaşlıq sahəsindəki uğurlarını bir daha nümayiş etdirmək imkanı qazanır.”

Məqalədə həmçinin vurğulanır ki, tədbir çərçivəsində süni intellektin korrupsiyaya qarşı mübarizədə tətbiqi, aktivlərin müsadirəsi, bank hesablarının dondurulması, ictimai maarifləndirmə kimi aktual mövzularda plenar sessiyalar və paralel tədbirlər keçiriləcək, eyni zamanda ikitərəfli görüşlər və əməkdaşlıq memorandumlarının imzalanması da nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar