29 ildən sonra çalınan həmin zəng: Dünən bu "Avropa" kəndi tarix yaşadı...
16 sentyabr 2022 15:26 (UTC +04:00)

29 ildən sonra çalınan həmin zəng: Dünən bu "Avropa" kəndi tarix yaşadı...

Ağalı həmin gün sanki bəzənmişdi. Yox, əslində bu “ağıllı kənd” doğrudan da bəzəklidi, səliqəlidi, gözəldi. Zəngəzurdasan, amma adama elə gəlir ki, sanki İsveçrənin Sürix kantonunun bir kəndinə gəlib çıxmısan. Mən oraları gördüyümdən deyirəm. Oraları xatırladım, Ağalını ilk görəndə. 

Ağalı bir tarixi günü yaşayıb artıq. 29 ildən sonra məhz bu kəndin insanları azad olunmuş torpaqlarda ilk məskunlaşan olublar. Dünən bir tarixi günü yaşadı bu kənd. Qarabağda “ilk zəng” də bu kənddə çalındı... 

***

Bir gün əvvəl nazir Emin Əmrullayev məlum hadisələrə görə Azərbaycanda ilk zəngin təmtəraqsız keçirilməsi barədə əmr imzalamışdı. Anlaşılan, başa düşülən idi. Elə nazirin özünün Ağalıdakı “ilk zəng” törəninə qatılması da. Özünün də sonradan dediyi kimi. “30 illik fasilədən sonra Azərbaycanın işğaldan azad olunan bölgələrində ilk zəng çalındı. Bu, çox qürurverici və tarixi hadisədir”.

Sentyabrın 15-i bir qrup media işçisi, nazir və nazirlik əməkdaşları, digər rəsmilər məhz bu tarixi hadisəyə şahidlik etmək üçün Ağalıdaydılar.

***
Açığını deyirəm, Bakının ən müasir məktəbləri Ağalı məktəbinə həsəd apara bilər. Təkcə ona görə yox ki, təzədir. Qətiyyən! Məktəb bildiyiniz, bilmədiyiniz bütün standartlara cavab verir. Bu, birmənalıdır.

Səhər 9-a qalmışdan uşaqlar və müəllimlər artıq sıra düzülüşündəydilər. Həyəcan vardı təbii. Amma gözlərdə bir işıq, sevinc da vardı. “Biz bu məktəbi bitirəcək ilk şagirdlər kimi tarixə düşəcəyik” sevinci.

***

Əvvəl himnimiz oxundu, sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İlk söz isə Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə verildi.

“Yeni məktəbimiz 360 nəfərlikdir. Bu gün 65 şagird məktəbdə dərs keçəcək. Növbəti mərhələlərdə kəndə köçürülən ailələrin sayı çoxaldıqca, şagirdlərimizin də sayı artacaq”.

Aağalıda , Zəngilanda ümumən Zəngəzurda görülən və görüləcək işlərdən də danışdı nümayəndə.

Amma sonda elə bir məqama toxundu ki? “Bu gün Ağalı kənd məktəbində çalınan zəng 29 il əvvəl orada çalınandır, məktəb həmin zəngi qoruyub saxlayıb. Və bu gün məhz o zəng çalınacaq”.

Söz Elm və Təhsil naziri Emin Əmrullayevə verildi.

Şəhidlərimizi yad etdi əvvəlcə nazir.

“Bu il bilik günü ərəfəsində təəssüf ki, Ermənistanın təxribatı ilə üz-üzə qaldıq, şəhidlərimizin olması bizi üzdü. Ancaq istənilən halda hadisələr göstərir ki, Azərbaycanın güclü olması, daim öz təhlükəsizliyini, gələcəyini düşünməsi olduqca vacibdir. Bu isə birmənalı olaraq elm və təhsildən keçir. Əbəs yerə deyil ki, bu gün Bilik günü ilk dərsimiz də məhz “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz” devizi ilə başlayacaq”.

Qarabağın ilk fəaliyyət başlayan məktəblə bağlı maraqlı bir fakt də açıqladı. Sən demə, məktəbdə 14 müəllim işlə təmin olunub. Və əksəriyyəti də Azərbaycanın müxtəlif bölgələrindən. “Gənc müəllimlərimizin Azərbaycanın işğaldan azad olunan torpaqlarında təhsil prosesində həvəslə iştirak etmələri qürurlu və sevindirici haldır. Bakıdan, Zaqataladan, Gədəbəydən, Yevlaxdan, Gəncədən, Hacıqabuldan gələn müəllimlərimizlə tanış olduq. Hər kəs başa düşür ki, bu, bir ilkdir, tarixi hadisədir”.
Nazir onu da bildirdi ki, artıq Qarabağın müxtəlif bölgələrində məktəb tikintisi vüsət alıb. Şuşa və Ağdam məktəbi bu tədris ilinin sonuna, hətta daha tez hazır olacaq. Cəbrayıl və Füzulidə məktəblərin tikintisi son mərhələdədir. Şuşa real məktəbinin də artıq layihələndirilməsi başa çatıb.  

Daha sora məktəbin xanım fizika müəllimi çıxış etdi. Daha doğrusu, edə bilmədi. O qədər həyəcanlıydı ki, qəhərini boğa bilmədi. 

Sonda Ağalı sakini Fərmayıl İsmayılov danışdı. “Baş verənlər sanki yuxudur” dedi. Şəhidlərimizi andı, bu torpaqları azad edən hər kəsə - əsgərdən dövlət başçısına qədər hamıya təşəkkürünü bildirdi.

Və aparıcı xanımın titrək səsi eşidilir. “İlk zəng çalınsın” deyir.  Hə, o tarixi an yetişir. Birinci sinif şagirdi nur üzlü bir qızcığaz ilk zəngi çalır. 

29 ildən sonra, həmin o zəngi…

 Bakı-Ağalı

# 3696
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar