100 minə ayaq, 200 minə əl  - Həyatı saniyələr içində dəyişənlərin “ÜMİD YERİ”NDƏN REPORTAJ
23 aprel 2024 16:10 (UTC +04:00)

100 minə ayaq, 200 minə əl - Həyatı saniyələr içində dəyişənlərin “ÜMİD YERİ”NDƏN REPORTAJ

Bura rəflərdə öz sahiblərini gözləyən “orqan”ların, insanların isə itirilmiş bədən üzvlərini az da olsa əvəzləmək üçün üz tutduqları yerdir. Burada ayağı olmayan ayaqla, qolu olmayan qolla, barmaqlarını itirən xüsusi ayaqqabılarla təmin olunur. 

Söhbət Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzindən gedir.

Lent.az komandası olaraq bu dəfə yolumuz Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzindən düşdü. 

Protez, ortez, korset, ortopedik ayaqqabı məhz burada istehsal olunur. Bu məkan hər yaşda fiziki məhdudiyyətli insanların ümid yeri, şəfa ocağıdır.

Yazımızda isə protezlərin istehsal prosesindən danışacağıq. 

Mərkəz əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir. Əlilliyi olan şəxslər üçün müasir texnologiya əsasında protez-ortopedik məhsulların və digər reabilitasiya məmulatlarının istehsalı, həmin şəxslərin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir. Müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir. Mərkəzdə əlillər protezlərlə yanaşı, velo və kreslo arabalar, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və s. ilə təmin edilirlər.

Mərkəzə daxil olduqda bizi qəribə sakitlik qarşılayır. 

Burada demək olar ki, hər yaşda insanlarla rastlaşmaq mümkündür. Uşaq, cavan, qoca...

Sakitlikdir... 

Protez almaq üçün müraciət edən insanlar həkimlə astadan söhbətləşir, protezi hazır olanlar texnikin köməyi ilə yeriməyə çalışır.

Kimisinin ayaq ölçüləri götürülür, kimisi də yeni texnologiya ilə hazırlanan arabasını götürmək üçün anbarın önündə gözləyir... 

Mərkəzin əsas fəaliyyəti əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı, eləcə də protez-ortopedik istehsalat sexində məmulatların hazırlanmasıdır.

Biz isə protezlərin hazırlanma proseslərini yaxından izləmək üçün bu 4 mərtəbəli binanın ən səs-küylü hissəsinə gedirik. 

Protez və ortezlərin hazırlanma sexinə…

Sexin rəisi Orxan Xancanov bizi qarşılayır. 

Orxan bəy bildirir ki, mərkəzə müraciət edən şəxs qeydiyyat bölməsində özünü təqdim etdikdən sonra həkim-ortoped protezçiyə yönləndirilir:

Protezin hazırlanması…

“Həkim bədənin amputasiya olan hissəsini müayinə etdikdən sonra pasiyent ölçü otağına üz tutur. Burada protez hazırlanan qəlib üçün amputasiya olunan bədən üzvünün ölçüləri götürülür. Gips otağında isə qəlibin ölçüsü götürüldükdən sonra qəlib əsasında protez hazırlanır. Hazırlanan gipslərin üzərinə xəstənin ağırlığına uyğun olaraq xüsusi corablar çəkilir. Daha sonra qəlib kimyəvi element və xüsusi maye halında olan materialla formaya gətirilir. Maye quruduqdan sonra kəsilir formaya salınır. Bundan soket əldə olunur".

Soketin əsası demək olar ki, corablardan ibarətdir. Reaksiyaya girəndə artıq bərkiyir. Soket müxtəlif rənglərdə olur. Bu isə xəstənin istəyinə uyğundur. Pasiyentlər daha çox dəri rənginə uyğun rəng tonu seçirlər. Rənglərə görə isə qiymət fərqi yoxdur. Hər soket individual olaraq xəstəyə uyğun hazırlanır”. 

100 minlik ayaq, 200 minlik əl…

Burada diqqətçəkən məqamlardan biri isə cürbəcür protezlərin olmasıdır. Fərqli iş prinsiplərinə malik olan bu protezlərin elə qiyməti də bir-birindən xeyli fərqlənir. Belə ki, adi passiv protezlərin qiyməti 1000-2000 azn-dən başlayırsa, elektron diz oynaqlı protezlərin qiyməti 35 min azn-dən başlayır.

Diz üstü protezlərdə xəstənin performanslı və ideal yürüyüşə sahib olması üçün diz oynağı seçimi doğru olmalıdır ki, xəstə güvənli və dinamik diz oynaqlı protezlə amputasiyadan öncəki dinamikliyini və yeriyərkən addımlarını balanslaşdıra bilsin. Aktivlik dərəcəsi yüksək olan adamda hidrovlik diz oynağı qoyulur.

Bu diz oynağının qatlanma prinsipi heç nədən asılı deyil. Elektronik diz oynaqları süni intellektlə işləyir. O biri ayaq necə addım atırsa, elektron diz oynağı da ona uyğun addım atır. Bədən sürəti artırdıqda elektronik diz oynağı bunu başa düşür və sürətini artırır. Sürüşmə varsa avtomatik özünü kilitləyir, insanı yıxılmağa və ya sürüşməyə qoymur.

“Ən çətin hazırlanan protez isə çanaq protezidir. Yəni həmin şəxs demək olar ki çanaqdan amputasiya olunub. Çanaqdan olmayan sistemə çanaq mexanizmi belə qoyulur”. 

Sex rəisinin sözlərinə görə, protezlər köhnəldikdə dəyişdirilir:

“Köhnə protez isə xəstələrdə qalır”. 

Şəkildə gördüyünüz isə aktiv əldir.

Bu şinlər vasitəsilə bədənə geyindirilir. Əzələ sayəsində əl açılıb və bağlana bilir. Bəzi pasiyentlər protezi aktiv işlətmir. Sadəcə kosmetik görüntü üçün alırlar.

Daha çox iki əli olmayanlar elektron ələ üstünlük verirlər. Elektron protezin soket hissəsi bir qədər qabaritlidir. Çünki buraya əlavə maddə və batareya yerləşdirilir.

Elektron protezin xüsusi əlcəkləri var. Elektron protezin həm kompüterdən, həm də telefondan istifadə etmək üçün xüsusi əlcəkləri var. 

Əlilliyi olan insanlara pulsuz şəkildə xidmət göstərilir. Həmçinin istehsalat zədələri də dövlət tərəfindən qarşılanır. 

Müharibə veteranlarına ayrı, ümumi xəstələrə ayrı, istehsalat zədələrinə isə tamam ayrı konstruksiya yığılır. Dizaltı protez tətbiqi müxtəlif səbəblərdən dizdən başlayaraq ayaqlarını itirən xəstələr üçün istifadə olunur. Ayaq funksiyasını yerinə yetirən və funksionallığı yüksək olan dizaltı protezlərlə fərdlər çox daha rahat bir həyata sahib ola bilərlər.

Burada protezlərlə yanaşı, həmçinin ortezlər də hazırlanır. Ortezlər fəaliyyətini qismən və ya tamamilə itirən bədən üzvlərinin işini artırmaq və funksiyasını yerinə yetirmək qabiliyyətini bərpa etmək məqsədi ilə taxılan cihazlardır.

Son olaraq reabilitasiya otağına yollanırıq. 

Reabilitasiya otağında isə pasiyentlər hazır protezlərdən istifadə edərək, onlara adaptasiya olmaq üçün məşq edirlər. Protezlərin sınaq otağında pasiyentə protezlə davranış qaydalarını öyrədirlər. Ayağa qaldırmadan öncə təlimatlar verirlər ki, birinci hansı ayağı atmaq lazımdır, necə davranmaq lazımdır və s. Bundan sonra onların da köməyi ilə pasiyent ilk addımlarını atır. Protezə alışma isə pasiyentin yaşı və aktivlik dərəcəsindən asılıdır. Bəzən bu, bir günə də baş verir, bəzi hallarda isə 10-15 günə qədər çəkə bilir. Pasiyent protezlə bir neçə gün gəzdikdən sonra bununla bağlı heç bir narahatlıq müşahidə edilmirsə, artıq onu evə buraxırlar ki, gedib sərbəst həyatına davam etsin. Protezlər əsasən, 20 iş gününə təhvil verilir.

Bütün hazır olan protezlər anbara yığılır pasiyentlər protezlərini, arabalarını oradan götürürlər. Hər bir protezin üzərində ad soyad, sifariş nömrələri yazılır. 

Vitrində hərəkətsiz görünən bu protezlər, bir müddət sonra kimilərini yenidən ayağa qaldıracaq, kimilərinə isə qol-qanad olacaq. 

Kənardan baxdıqda kimyəvi maddələrdən hazırlanmış bu cisimlər həyatları saniyələr içində dəyişən insanlara qol-qanad olur. 

Protezini götürməyə gələnlərin gözlərində isə qəribə bir işıq var. Onlar buradan həyatda ona dayaq olacaq bədən hissəsini götürməyi səbirsizliklə gözləyir... 

Göründüyü kimi hər şey insanın özündən asılıdır. İnsan əgər istəsə, özünə əl də hazırlayar, qol da, ayaq da...

FOTOLAR: İlkin Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6264
avatar

Arzu Qurbanlı

Oxşar yazılar