2 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçirilib - FOTO
23 iyul 2012 18:23 (UTC +04:00)

2 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçirilib - FOTO

ATƏT-in maliyyə dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, ekspertlər Elçin Salmanov və Lamiyə Kərimova Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində baxış-monitorinq həyata keçiriblər. Fonddan Lent.az-a bildirilib ki, cəzaçəkmə müəssisəsində ümumi limit 1200 nəfər müəyyənləşdirilib. Hazırda isə müəssisədə 1138 məhkum cəza çəkir. Monitorinq zamanı qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baxış keçirilib.


Müəssisədə son bir il ərzində təmir-bərpa işləri aparılıb. Cərimə təcridxanası tam təmir edilib. Yeməkxana zalı, qab yuma və mətbəx bölmələri təmiz və səliqəli vəziyyətə gətirilib. Bütün yaşayış korpuslarında televizor otaqları ayrılıb. Bu otaqlar qızdırıcı və soyuducu avadanlıqlarla təmin edilib. Müəssisələrin ən böyük problemlərindən olan su məsələsi həll edilib. Bu problemin həll edilməsinə yeni qoyulmuş iritutumlu su çəninin böyük köməyi var.


Monitorinq zamanı 19 məhkumla konfidensial görüşlər keçirilib. Bunlardan 7 nəfəri İran, 1 nəfəri isə Türkiyə vətəndaşı olub. Onlar öz ölkələrinə ekstradisiya olunmaq üçün müraciət ediblər. Layihə ekspertləri onlara bu proseslə bağlı ətraflı məlumat veriblər. Müraciət edənlərdən 1 nəfəri psixoloji gərginlikdən əziyyət çəkdiyi üçün layihənin psixoloqu onunla psixoloji konsultasiya aparıb. Həmin məhkumda bu gərginliyi yaradan səbəblərin aradan qaldırılması üçün müəssisə əməkdaşlarına müvafiq tövsiyələr verilib.


Monitorinq zamanı müəssisənin kitabxana fonduna məhkumların hüquq və azadlıqlarına dair kitab bağışlanılıb.
# 1194

Oxşar yazılar