MTRŞ televiziyaların dili ilə bağlı monitorinqin nəticələrini açıqladı
09 sentyabr 2011 19:02 (UTC +04:00)

MTRŞ televiziyaların dili ilə bağlı monitorinqin nəticələrini açıqladı

Lent.az-ın məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmov may ayının əvvəllərindən başlayan monitorinqin üç istiqamətdə aparıldığını deyib: “Bunlar telekanallarda xəbər-informasiya proqramının aparıcılarının nitqi, şou verilişi aparıcılarının nitqi və dublyaj olunmuş veriliş və filmlərin dilidir”.



Monitorinqin nəticələrinə əsasən İctimai Televiziyanın “Carçı” proqramının aparıcılarının nitqi normal, ədəbi normalara uyğun olduğu müəyyənləşib. ATV kanalında “Son xəbər” informasiya buraxılışının aparıcılarının və AzTV-nin “Xəbər” informasiya buraxılışı diktorlarının nitqi qənaətbəxş hesab olunub.


“Xəzər” televiziyasında informasiya proqramının aparıcılarının nitqi isə zəif, “Space”-də “Hər gün” informasiya buraxılışının aparıcısının nitqi çox sürətli kimi qiymətləndirilib.
“Lider” kanalında “Səda” informasiya proqramının aparıcılarının nitqi ədəbi normalara müvafiq olduğu açıqlanıb. ANS telekanalında “Xəbərçi”nin aparıcısının nitqi aydın olduğu bildirilsə də, müəyyən dil nöqsanları da müşahidə edildiyi açıqlanıb.

Şura sədri dublyaj filmlərində çox vaxt səslərinin qarışdığını deyib: “Telekanallardakı dublyajlar o qədər də pis təsir bağışlamır, tərcümələr normaldır, lakin aktyorların ifasında, səsləndirməsində qüsurlar çoxdur. Bəzən bir neçə obrazı nitqini eyni aktyor ifa edir, eyni səs səsləndirir. Bəzi hallarda isə səsləndirən aktyorlar tələsir. Bütün bunlara baxmayaraq, xarici filmlərin ana dilində səslənməsi böyük hadisədir. Qüsurlar isə tədricən aradan qaldırılmalıdır”.



N.Məhərrəmli telekanallarda iştirak edən qonaqların dilində daha çox kobud, vulqar ifadələrin yer aldığını bildirdi: “Telekanalların aparıcıların nitqində isə dialekt və şivələrdən istifadə edilməsi uzlaşma hallarının pozulması və ağır qrammatikləşməyə səbəb olur. Eyni zamanda proqramlarda müğənnilər və orta məktəbdə heç də yaxşı oxumayan şəxslərin bizim gənclərimizə müsbət nümunə kimi təqdim olunması yolverilməzdir”.


Sonda şura sədri təklifləri səsləndirərkən ilk növbədə televiziyaların özlərində dil normalarına nəzarət edəcək qurumun yaradılması zərurətini bildirib: “Bu işi kanalların adlarından başlamaq olar. Şou veriliş və xəbər aparıcılarının nitqinə xüsusilə diqqət olunmalıdır. Çünki qarışıq cümlələrdən istifadə tamaşaçıya anlaşıqlı gəlmir. Burada dialekt və şivələrdən istifadə etmək olmaz. Çünki televiziya bütün ölkəyə yayımlanır”.


N.Məhərrəmli televiziyalarda səslənən kobud ifadələr və vulqar sözlərin istifadəsinə qadağa qoyulmasını istədiyini bildirib: “Türk kanallarında balaca uşaqlar üçün hazırlanan keyfiyyətli proqramlardan yararlanaraq yerli televiziyalar onlara oxşar verilişləri yarada bilər. Bu, çox müsbət nəticə verəcək”.


Şura sədri reklamların dilində də ciddi qüsurların olduğunu bildirib: “İstəyirik ki, reklamların dili Azərbaycan ədəbi dilinə uyğunlaşdırılsın. Türk kanallarında göstərilən reklamlara baxınca dilin səlisliyini görürük. Niyə də biz dilimizi inkişaf etdirmək, onu ləkələrdən təmizləməyək?”


Nailə Rövşənqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar