Hitlerin qibtə etdiyi general: Ənvər Paşa – ARAŞDIRMA - FOTO
15 iyul 2011 14:10 (UTC +04:00)

Hitlerin qibtə etdiyi general: Ənvər Paşa – ARAŞDIRMA - FOTO

Tarix - 1914-cü il 21 dekabr. Osmanlı İmperiyasının Qars əyaləti, “Allahu-Əkbər” dağı. İnsanın iliyini donduran şaxta...

Paşanın dağlarda əks-səda verən amiranə səsi gəlir: “Əsgərlər! Hamınızı gördüm, ayağınızda çarığınızın, əyninizdə paltarınızın olmadığını bilirəm. Lakin qarşınızdakı düşmən sizdən qorxur. Yaxın zamanda hücuma keçərək Qafqazlara girəcəyik. Orda siz hər cür nanü-nemətə qovuşacaqsınız”.

Az keçməmiş 90 minlik ordu qan donduran soyuqda “Allahu Əkbər” deyərək, qarlı dağın zirvəsinə doğru yol alır...

Osmanlı tarixinə “Sarı Qamış” faciəsi kimi yazılacaq bu olaydan illər ötəcək, 90 minlik orduya komandanlıq eləyən türk paşasının adı tarixdə müxtəlif cür anılacaq. Ancaq onun barəsində olan əsl gerçəklər bu gün də bəlli deyil. Bəlli olan odur ki, bir çox siyasi və əsgəri xətalara imza ataraq Osmanlıya böyük xidmətlər edən bu paşanın həyatında tək müzakirəsiz mövzu onun vətənsevərliyi idi. Bu adam Ənvər Paşa idi. Tək Osmanlı deyil, həm də dünya tarixinin gedişinə təsir göstərmiş Ənvər Paşa...

Hitlerin sevdiyi paşa

Almaniya diktatoru Adolf Hitlerin özünə qədərki siyasi və hərbi xadimlərdən heç kimi bəyənmədiyi sirr deyil. Təsadüfi deyil ki, alman faşistlərinin ana kitabı olan “Mənim savaşım”da da Hitler demək olar ki, bir-iki nəfər istisna olmaqla heç kimin adını çəkməyib. Çox maraqlıdır ki, bu istisnalar içərisində Ənvər Paşanın da adı keçir. Hitler Birinci Dünya müharibəsinin Almaniya üçün xəcalətli məğlubiyyətlə başa çatması ilə bağlı bildirir ki, bu məğlubiyyətin günahı Kayzer Almaniyasının generallarının üzərindədir. Sonra isə lovğa və heç kimi bəyənməyən diktator Ənvər paşaya heyranlığını gizlətməyərək yazır: “Əfsus ki, Almaniyanın o illərdə Ənvər paşa kimi generalları yox idi”.
Əslində, bir az əvvəl “o yalnız Osmanlı deyil, dünya tarixinin gedişatına təsir göstərmiş birisi idi” kimi ifadə etdiyimiz fikir yalnız Hitlerin məlum tərifi ilə bağlı deyil. Bu günümüzdə belə müxtəlif hərbi ədəbiyyatlarda Ənvər paşa ölümə yerikləyən əsgər, macəraçı zabit, hətta hərbi cinayətkar kimi xarakterizə olunur. Təbii ki, qəhrəmanımızın bu kimi dürlü adlarla xatırlanmasının başqa səbəbləri var. Doğrudur, Ənvər paşa həqiqətən siyasətdə və qarşısına qoyduğu məqsədlərdə müəyyən qədər romantik əhval-ruhiyyənin daşıyıcısı idi. Ancaq bu adamın adının ləkələnməsi, bütün xidmətlərinin üstündən xətt çəkilərək xain kimi damğalanması yalnız düşmənlərin işinə yarayar. Ənvər paşanın tərcümeyi-halına nəzər salmaqla buna bir daha əmin olmaq olar...

Paşalığa gedən yol

O, 1881-ci ildə İstanbulda dünyaya gəlib. Atası Hacı Əhməd Paşanın vəzifəsi səbəbilə uşaqlığı fərqli-fərqli şəhərlərdə keçib. İbtidai təhsilini İstanbulda aldıqdan sonra, 1894-ci ildə Manastr Əskəri Piyada, 1897-ci ildə isə İstanbuldakı Soyuqçeşmə hərbi məktəbini bitirir.

Bundan sonra 1899-cu ildə, bizim təbirimizcə desək, leytenant rütbəsi ilə hərb məktəbini bitirərək, 1902-ci ildə bir az daha üstün rütbəylə - kapitan dərəcəsiylə Hərb Akademiyasından məzun olur və Selanikdəki üçüncü ordunun əmrinə girir.

Manastr və Üsküpdə müxtəlif hərbi vəzifələrdə çalışdıqdan sonra, 1904-də mayor, 1905-də polkovnik, 1906-da isə general rütbəsinə yüksəlir.

1907-ci ilin oktyabrında Manastr yaxınlarında quldur təqibi ilə görəvləndirilir. Bu görəv Ənvər Paşanın həyatında ciddi iz buraxır. 1908-ci ilə qədər davam edən təqib əsnasında Bolqar silahlı birlikləri ilə apardığı savaşlar onda milliyyətçilik məfkurəsinin yaranmasına səbəb olur. Və bu ruh onu sonrakı adı “İttihat və Tərəqqi Cəmiyyəti” olacaq “Osmanlı Hürriyət Cəmiyyəti”nə qatılmağa qədər aparır. Çox keçməmiş cəmiyyətin Manastr şöbəsini qurmaq vəzifəsi ona həvalə olunur.

“İttihat və Tərəqqi”nin başlatdığı hərəkatlar içərisində yer alan Ənvər paşa, Selanik Mərkəz Komandanı Albay Nazim bəyin öldürülməsində təqsirləndirilir və Hərbi Tribunala göndərilir. Ancaq o, İstanbula getmək yerinə öz silahlı birlikləri ilə Makedoniyaya gedərək, dağa çıxır. Bu hərəkat II Padşah monarxiyasının elan edilməsində önəmli rol oynayır. Dağa çıxan əsgərlər arasında ən təcrübəlisi Ənvər bəy olduğu üçün bir anda “hürriyət qəhrəmanı” olaraq qəbul edilir.

Artıq “İttihat və Tərəqqi Cəmiyyəti”nin ən önəmli isimlərindən biri olan Ənvər bəy, 1909-cu ilin 5 martında Berlində Hərbi Attaşe vəzifəsində çalışmağa başlayır. 1911-ci ildə isə İstanbula dönərək Sultan Mehmet Rəşadın bacısı qızı olan Naciyə Sultanla nişanlanır. Bu illərdə “İttihat və Tərəqqi Cəmiyyəti” üzvlərinə italyanlara qarşı bir partizan savaşı yürüdülməsi fikrini qəbul elətdirir.

“Ədirnə fatehi”

O, həmin dövrdə Bingazi və Dərnədəki qüvvələrin başına keçərək, 20 min adamı səfərbər etməyi bacarır və bölgəyə hakim olur. Bir il davam edən bu mücadilənin sonunda Balkan Savaşının başlaması səbəbilə İstanbula çağırılır və 1902-ci ildə italyan qüvvələrinə qarşı apardığı uğurlu mübarizədən dolayı yarbaylık rütbəsinə sahiblənir.

Ənvər bəyin hörməti Balkan savaşı ilə birə beş artır.

22 iyul 1913-cü ildə Ədirnə birliklərinin başına keçərək qazandığı qələbələrə görə “Ədirnə fatehi” adını alır. Bundan sonra Ənvər istefaya göndərilən Əhmət İzzət Paşanın yerinə keçərək Hərbiyyə Naziri olur. “Padşah kürəkəni” Hərbiyyə Naziri olduğu dönəmdə orduda bir çox dəyişikliklərə imza atdı. O, fransız modeli yerinə alman üslubu tətbiq edərək Almaniyada çalışdığı zamanlardan yığdığı təcrübəsini türk ordusunun üzərində sınaqdan keçirdi: uniformaları dəyişdirdi, orduda savadsızlığın ləğvinə çalışdı, hətta “Ənvəriyə yazısı” adlanan bir əlifba da istifadəyə verdi.

Almaniya ilə müttəfiqlik

1913-cü ilin yanvar ayında hakimiyyət çevrilişi eləyən Ənvər Paşa Tələt və Camal paşayla birgə qeyri-rəsmi üçlük təşkil eləyərək Osmanlıda bütün hakimiyyəti ələ alır. Bundan bir il sonra 1914-cü il avqust ayının 2-də Rusiyaya qarşı gizli bir “Türk-Alman ittifaq anlaşması” imzalanmasında önəmli rol oynayır. Və 14 noyabrda Fatih Məscidində oxunan “Cihadı Əkbər” elanı ilə dövlət rəsmən Birinci dünya müharibəsinə qatılmış olur. Almaniyanın müttəfiqi kimi bu müharibədə böyük itkilərlə üzləşən Osmanlı imperiyası müharibənin sonunda xeyli zəifləmiş durumdaydı. Məğlubiyyətlə başa çatan Birinci dünya müharibəsindən sonra isə təslim müqaviləsinə uyğun olaraq İstanbul da daxil olmaqla Osmanlı İmperiyası müttəfiq qoşunlar tərəfindən işğal edildi.
14 oktyabr 1918-ci ildə Tələt paşanın rəhbərliyi altında olan kabinə atəşkəs müqavilələrini asanlaşdırmaq üçün istefaya gedəndə, Ənvər Paşanın hərb naziri vəzifəsi də əlindən çıxmış oldu. Bu dönəmlərdə ingilislər də İttihat və Tərəqqi üzvləri haqqında tutulma əmri çıxarmışdılar. Həbs olunmaq təhlükəsindən qurtulmaq üçün Ənvər paşa partiya yoldaşları ilə birgə almanların köməyilə Osmanlını tərk eləyir, öncə Odessaya, sonra Berlinə, ordan da Rusiyaya gedir. Bu arada İstanbulda da Hərbi Məhkəmənin qərarı ilə onun barəsində ölüm cəzası çıxarılmış və rütbələri geri alınmışdı.

Azərbaycanın xilaskarı, bolşeviklərin dostu...

Ancaq məqsədlərinə doğru qətiyyətlə irəliləməyi və bu yolda qarşısına çıxan maneələri dəf etməkdən yorulmayan Ənvər paşa bütün çətinliklərə baxmayaraq yenə fəaliyyətindən qalmır. 1918-ci ilin mart-avqust ayları arasında tamamən müsəlmanlardan təşkil olunmuş “Qafqaz İslam Ordusu”nu yaradır. Ordu bolşevik-daşnak qoşunlarının işğalında olan Azərbaycan və Dağıstanı işğaldan qurtararaq, müstəqilliyini elan etmələrinə yardımçı olur. Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun ilk zəfəri də elə Azərbaycanda gerçəkləşir.

Nuru paşa o dövrdə tamamən rus-erməni birləşmələrinin basqınına və demək olar ki, hər bölgəsində kütləvi qırğınlara məruz qalan Azərbaycana girməsi ilə qətliamların qarşısını alır və 15 sentyabr 1918-ci ildə Bakını işğaldan azad edir. Ənvər paşa həmin dövrün bir çox hərbi və ictimai xadimləri kimi çox ziddiyyətli fikirlər və düşüncələr sahibi olub. 1918-ci ildə qardaşı Nuru paşa ilə birgə Azərbaycanın müstəqilliyinə böyük töhfələr vermiş paşa, vur-tut il yarım keçəndən sonra, artıq bu dəfə Azərbaycanın bolşevikləşdirilməsinə yardım etmiş olur. Onun Rusiyanın bolşevik rəhbərliyi ilə əlaqələri də 1920-ci ildən sonra daha geniş vüsət alır. Belə ki, həmin il Moskvaya gedən Ənvər paşa burada Leninlə və Sovet Xarici İşlər Naziri Çiçerinlə görüşür. Bolşeviklərin şərq xalqlarına, o cümlədən Qafqaz və Orta Asiya türklərinə xoşbəxtlik və firəvan həyat bəxş edəcəyinə inanan Ənvər paşa bir müddət onlarla əməkdaşlıq edir. Moskvada yaratdığı “İslamla inqilabın birliyi” cəmiyyətinin fəaliyyəti əslində ruslar üçün də əlverişli idi. Onun Bakıya gəlişi və “Şərq Xalqları Konfransı”nda iştirakı da birbaşa Rusiya rəhbərliyinin marağında idi. Deyilənə görə, Ənvər paşa Bakıda olanda yerli sakinlər tərəfindən hərarətlə qarşılanmasına baxmayaraq kütlədən bir ağsaqqal kişi ayrılaraq deyib: “Sənin ordun 1918-ci ildə Bakını azad etdi. O vaxtdan biz səni görmürdük. Sentyabrın 20-də isə bu ordu Sovetlərin tərəfinə keçdi. Sən indi yenə də onlarlasan və düşmənlərimizin qələbəsini qeyd eləyirsən. Bununla bağlı nə deyə bilərsən, Ənvər?”
Şahidlərin yazdıqlarına görə, ağsaqqalın bu sözlərindən tutulan Ənvər paşa yalnız bir fikirlə cavab verib: “Azərbaycan türklərə (azərbaycanlılara) məxsus olmalıdır”.

Türküstan fədaisi

Bundan sonra təbii ki, Ənvər paşanın Bakıda qalmasına bolşeviklər heç cür razı ola bilməzdilər. Beləliklə, Moskvaya qayıdan Ənvər paşa ali rəhbərliyin xüsusi tapşırığı ilə Türküstana yola düşür. Burda onun “basmacılarla” və onların əmiri ilə görüşü olmalı idi. Müasir tarixşünaslıq paşanın bu səfərinin əsl məqsədləri haqqında yalnız fərziyyələr irəli sürür. Ancaq əksər tədqiqatçılar gənc Sovet Rusiyasının “Basmacı hərəkatı”nın ingilislərin əleyhinə təşviq etmək məqsədi güddüyü fikrini irəli sürürlər. Məsələ burasındadır ki, Ənvər paşa yalnız Qafqazda deyil, Orta Asiyada da çox böyük nüfuz sahibi idi. Bu baxımdan məlum məqsədin həyata keçirilməsi üçün ondan uğurlu namizəd ola bilməzdi.

Ancaq basmacı rəhbərləri ilə ilk görüşlərdə və ruslardan aldığı təlimatlardan ona məlum olur ki, bolşevizmin türk xalqlarına xoşbəxtlik gətirəcəyi fikri xülyadan savayı bir şey deyil. Beləliklə, 1921-ci ilin oktyabr ayında Ənvər paşa Batumdan Buxaraya gedir. Doğrudur, Ənvər paşanın Buxara əmiri, basmacılar və Qırmızı Ordu rəhbərliyi arasında apardığı siyasi oyunların bütün incəliklərə qədər şərh eləmək mümkün deyil. Ancaq bilinəni odur ki, Ənvər paşa özünə islam qüvvələrinin ali baş komandanı və Buxara əmirinin müşaviri titulunu götürmüşdü.

Paşa qısa müddətə hətta bu titula layiq olduğunu da sübut eləyə bilir və bir sıra hərbi uğurlar qazanır. Belə ki, 1922-ci ilin fevralında Düşənbəni ələ keçirir və oradakı sovet garnizonunu əsir alır. Ardından Xorasana doğru yürüyərək Qırmızı Ordu birliklərinin Buxara və Xorasandan çəkilmələrini tələb edir.

“Müqəddəs şahın məqbərəsi”

Ancaq Böyük Turan ideyası uğrunda döyüşlərə atılan Ənvər paşa qüvvələr nisbətinin bolşeviklərin tərəfində olduğu bir şəraitdə məğlubiyyətə məhkum idi. Son döyüş Qırmızı Ordunun 8-ci süvari qoşunları ilə baş tutur. Bu hadisə 1922-ci il avqust ayının 4-də Tacikistanın Çaqan qışlağı həndəvərində olur və Ənvər paşanın şəhidliyi ilə nəticələnir. Bu gün bir sıra türk mətbu orqanlarında Ənvər paşanın erməni tərəfindən öldürülməsi haqqında məlumatlar gedir. Əslindəsə, bu o qədər də səhih informasiya deyil. Məsələ burasındadır ki, bu gün Ənvər paşanın son döyüşü və ölümü haqqında ən məşhur mənbələrdən biri erməni millətindən olan çekist Georgi Ağabəyovun memuarıdır. Bəli, Ənvər paşa həqiqətən Georgi Ağabəyovun casusluğu nəticəsində məhv edilib. Ağabəyov özü memuarında yazır ki, 1922-ci ilin avqustunda o öz dəstəsi ilə Tacikistanın Balcuan əyalətinə daxil olub və tacir sifəti ilə yerli əhalidən Ənvər paşanın qərargahının dislokasiya yerini öyrənib. Memuarda daha sonra yazılır: “Ənvər paşanın başçılığı ilə qeyri-bərabər döyüşdə məğlub olan basmacılar dağlara çəkildilər. Bir neçə saat çəkən döyüş nəticəsində dəstədən yalnız 3 nəfər xilas ola bilib. Qırmızı Ordunun zabitləri döyüş meydanında 28 cəsəd sayıblar. Bu cəsədlər arasında Ənvər paşanın bir neçə yerdən güllə dəymiş və qılıncla doğranmış meyiti tapılmışdı. Paşanın cəsədinin yanında hər zaman üzərində gəzdirdiyi Quran da var imiş”.

Çox maraqlıdır ki, Sovet hakimiyyətinin bütün qadağalarına baxmayaraq, Ənvər paşanın məzarı 1930-cu illərin ortalarına qədər insanların kütləvi şəkildə ziyarət elədiyi müqəddəs məkana çevrilibmiş. Yerli əhali bura “Həzrəti Şah” - yəni “müqəddəs şahın məqbərəsi” adını veriblərmiş. Ənvər paşanın yandırılmış cəsədinin külü 1996-cı il avqust ayının 4-də - ölümündən düz 74 il keçəndən sonra Orta Asiyada səfərdə olan Türkiyə Prezidenti Süleyman Dəmirələ təqdim olunub.

Sarıqamış faciəsi

Ənvər paşanın Türkiyə və dünya tarixşünaslığında bir-birindən fərqli şəkildə anılması həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır. Biz bu araşdırmada bunlardan üçünə toxunacağıq. Paşanın Sarıqamışda 90 min türk əsgərinin məhvinə səbəb olan döyüşü haqqında bir qədər geniş danışmağımız lazımdır. Bir şey həqiqətdir ki, 1877-1878-ci illərdə Osmanlı-Rus savaşında Şərqi Anadoluda itirilən, Qars, Batum, Artvin və Ərdahan torpaqlarının geri alınması məqsədilə düzənlənən bu hərbi yürüş yalnız və yalnız qış dövrünə təsadüf etməsilə yanlış hesab oluna bilər. Belə ki, Yəməndən hərbi yürüşdən yeni qayıtmış əsgərlərin geyimləri qətiyyən havalara uyğun deyildi. Bütün bunlara rəğmən Ənvər paşa “dərhal hərəkətə keçib, rus ordusunu Sarıqamışda yox edəcəksiniz!” əmrini verir. Cəbhələrin və hərb məktəbinin əməkdar komandanı Həsən İzzət Paşa çəkinmədən Ənvər Paşanın bu əmrinə qarşı çıxır: “Olmaz! Havaları görürsünüz. Qara qış başlayıb. Bu hava şərtləri altında hərəkat bir faciəyə dönüşə bilər. Qış şiddətini itirsin, yollar açılsın, düşmənə həddini bildirərik”.

Verdiyi hər əmrin dərhal yerinə yetirilməsinə vərdiş eləmiş padşah kürəkəni, 34 yaşlı Ənvər Paşa, əsəbiləşərək “əgər müəllimim olmasaydınız, sizi edam etdirərdim” deyərək Həsən İzzət Paşanı vəzifəsindən uzaqlaşdırır və 3-cü Ordu Komandanlığını da öz öhdəsinə götürür.

Nəzərdə tutulan “Sarı Qamış” hərəkatını icra edəcək 3-cü ordu 9, 10, 11-ci Kolordular və 2-ci Süvari Dəstəsindən təşkil olunmuşdu. Ruslar 100 min, 3-cü ordunun sayı isə 120 min əsgər idi. Türk ordusunun sayca çox olmasına rəğmən ruslar ağır silah, topçu və təchizat baxımından ciddi bir üstünlüyə sahibiydilər.

Tamamən qarla qapalı, çox yüksək dağlıq və yolsuz bir ərazidə, o günün şərtləri ilə qış təchizatından məhrum piyada və atlı birliklərlə gerçəkləşəcək bu yürüş çox riskli idi. Amma Ənvər Paşanın ruslara olan sonsuz nifrəti onun bu böyük riski nəzərə almasına mane oldu.

Beləcə, həm silah-sursat, həm də təchizat və qida baxımından mövcud problemlərə baxmayaraq Ənvər paşa 90 min əsgərə “irəli” əmri verir... Və 21 dekabrda başlanan yürüş bir güllə belə atılmadan məğlubiyyətlə sonuclanır. Mənfi 40 dərəcə şaxta türklərə düşməndən daha betər qənim kəsilir.
Gündüz başlayan yürüşdə əsgərlərin yumşalan çarıqları gecə donmağa, bir qəlib kimi ayaqlarını sıxmağa başlayır. Addım atmaq imkansız hala gəlir. Əsgərlər donmamaq üçün olduqları yerdə hoppanıb-düşməyə başlayırlar, ancaq şaxta bütün vücudlarını sarır. Ənvər paşanın növbəti əmri gəlir: “Yıxılıb qalan əsgər qaldırılmayacaq”.

Zatən, heç kimdə də başqa birini qaldırmağa taqət qalmamışdı. Hündürlüyü 1 metri keçən qar, iliyi donduran soyuq yetməzmiş kimi, əsgərlər bir də aclıqla mücadilə aparır. On beş saatlıq yürüşün sonunda 90 min civarında olan ordudan geriyə 1.400 əsgər dönə bilir.

Ənvər Paşa yenə inadından dönmür. Bu dəfəki əmrində “hücum əsnasında bir addım geri atan əsgər dərhal öz tapançası ilə öldürüləcək” deyir. Bu vəziyyət qarşısında əsgərlər dillərində kəlmeyi-şəhadət ölümə doğru yürüməyə başlayırlar. Nəticədə Sarıqamışa ancaq bir ovuc əsgər çata bilir. O da müəyyən müddət üçün.

Rus komandanı Petroviç öz xatirələrində Sarıqamışı belə anladır: “Allahu-Əkbər dağlarındakı türk taburunu əsir ala bilmədim. Bizdən çox əvvəl Allahlarına təslim olmuşlardı”.

Ənvər paşa bu olaydan sonra İstanbula dönür və qatı bir senzura tətbiq edərək xalqın Sarıqamış cəbhəsində baş verənləri öyrənməsinə əngəl olur. Faciəylə bağlı xəbərlər ruslar vasitəsiylə Avropaya və dünyaya yayılır. Türklər ancaq bundan sonra Sarıqamış gerçəklərini öyrənə bilirlər.

Atatürk və Ənvər paşa

Ənvər paşanın Atatürkə, Atatürkün də ona münasibəti heç kimə sirr deyil. Mustafa Kamal Paşa həmişə onu avantürist və Türkiyəni uçuruma aparmaq istəyən macəraçı hesab edib. Ənvər Paşanın Rusiyada olarkən bəzi köhnə ittihatçılarla əlaqəyə girərək Atatürkə qarşı çıxış planladığı da məlumdur. Hətta mənbələrə inansaq, yunanların Ankaraya hücumu başlayanda Ənvər paşa da o biri tərəfdən Anadoluya girməyi düşünürmüş. Ancaq Sakarya zəfəri ilə bu ümidi də boşa çıxır. Qısaca şərh verməli olsaq, belə aydın olur ki, Ənvər paşa nəyin bahasına olursa-olsun, hətta yunanların Ankaranı işğal eləməsindən belə yararlanaraq yenidən Osmanlının başına keçmək istəyirmiş. Sarıqamış faciəsi və paşanın Atatürkə olan nifrətindən doğan hərəkətləri təbii ki, illər ötdükdən sonra belə anlaşılmazlıqla qarşılanır.

Erməni köçünün banisi

Ənvər paşanın adı bir də 1915-ci il qondarma “erməni soyqırımı” məsələsində də hallanır. Ermənilər və ermənipərəst alimlər Ənvər paşanı ermənilərə qarşı kütləvi surətdə qətliam törətməkdə ittiham edirlər. Əslindəsə bu məsələdə Ənvər paşaya haqq qazandırmaq lazımdır. Dünyanın “erməni soyqırımı” deyib barəsində danışdığı olaylar heç də danışılan və yazılan kimi baş verməyib. 1915-ci ildə ermənilərin Osmanlıya qarşı rus ordularına yardım etdiyi və cəbhə arxasında üsyanlar çıxardığını bilən Ənvər Paşa Tələt Paşa ilə birlikdə “Erməni köçü” qərarını qəbul edərək Şərqi Anadoludakı ermənilərin başqa vilayətlərə köçürülməsinə əmr vermişdi. Bu qərar vaxtında verilmiş və Osmanlıya həmin dövrdə fayda gətirmiş ağıllı bir qərar idi və Anadoluda yaşayan ermənilərin ruslarla işbirliyinə girərək bölgədə öz siyasi məqsədlərini yürütmək, ərazi iddia etmək bahasına çıxaracaqları üsyanın qarşısını almaq üçün düşünülmüşdü. Məlum köç 24 aprel 1915-ci ildə həyata keçirilir. Daha sonra ermənilər bu köç məsələsinə “soyrıqım” donu geyindirərək dünyaya bəyan edəcəkdilər.

İblismi, mələkmi ?..

Qəhrəmanlıq bir anım məsələsidir. Və tarix kütlələrin deyil, şəxsiyyətlərin məhsuludur. Yəqin ki, Homerin “İlliada”sı yadınızdadır. Nə qədər ki, Axilles döyüşə qatılmamışdı, yunanlar Troya qoşunları qarşısında əsir-yesir qalmışdılar. Ancaq Axillesin savaşa girməsiylə yunanlar böyük qələbələr əldə elədilər. Məhz bu baxımdan doğrudan da, ölkələr fəth edən, imperiyalar quranlar və aşıranlar, mədəniyyət yaradanlar kütlə deyil, şəxsiyyətlərdir. Bu gün tarixdə adı keçmiş böyük şəxsiyyətlərin əksəriyyəti haqqında ziddiyyətli fikirlər mövcuddur. Ancaq fakt faktlığında qalır ki, hər bir tarixi şəxsiyyətin əməllərinə onun yaşadığı dövrün şərtləri və tələbləri əsasında qiymət vermək mümkündür. Bu gün kimisə lənətləmək, kiməsə “iblis”, kiməsə “mələk” yarlığı yapışdırmaq olar. Ancaq bizim verdiyimiz hər bir qiymət subyektivlikdən uzağa gedə bilməyəcək. Ənvər paşa ilə bağlı da eyni fikirləri söyləmək olar. Onun vətəninə və xalqına bağlı insan, qəhrəman bir əsgər olduğu heç kimdə şübhə doğurmur. Əməllərində müəyyən yanlışlıqlar olsa belə o, bəşər tarixinə adını şərəflə yazdırmış şəxsiyyətlərdəndir. Ən azından əqidəsindən dönmədiyinə görə...

Aysel Əli

İlham Tumas
# 2965

Oxşar yazılar