Misir Mərdanov Bərdə və Ağdama səfərə çıxıb
12 noyabr 2009 13:00 (UTC +04:00)

Misir Mərdanov Bərdə və Ağdama səfərə çıxıb

Nazir məcburi köçkünlərin sıx məskunlaşdığı bir neçə kənd və qəsəbələrdə olacaq


Təhsil naziri Misir Mərdanov regionlardakı təhsil müəssisələrindəki vəziyyətlə tanış olmaq məqsədilə Bərdə-Ağdam zonasına səfərə çıxıb. Nazir hər iki rayonda yerli icra hakimiyyətinin nümayəndələri ilə birlikdə təhsil şöbələrinə baş çəkəcək.


Lent.az-ın məlumatına Misir Mərdanov artıq Bərdədədir. Onun bu gün Bərdə şəhərindəki internat məktəbinin açılışında iştirak etdiyi deyilir. Açılışdan sonra Misir Mərdanov Bərdə Rayon Təhsil Şöbəsinin rəhbər işçilərinin və müəllimlərin iştirakı ilə keçirilən müşavirədə iştirak edib.


Sabah isə Misir Mərdanovun Ağdama gedəcəyi bildirilir. Nazir Ağdamda bir neçə ümumtəhsil müəssisəsində, o cümlədən Sultanbud kənd məktəbində, məcburi köçkünlər üçün salınmış Bənövşələr qəsəbəsində yeni tikilmiş məktəbdə və Quzanlı qəsəbəsindəki uşaq bağçasına da baş çəkəcək.


Təhsil Nazirliyindən Misir Mərdanovun rəhbərliyi ilə bir neçə nəfərdən ibarət rəhbər heyətin Aran rayonlarına səfər etdiyini təsdiqləyiblər. Nazirlikdən Lent.az-a bildiriblər ki, səfərin məqsədi bu rayonlarda təhsil üçün yaradılmış şəraitlə tanış olmaqdır. Səfər çərçivəsində nazir məcburi köçkünlərin sıx məskunlaşdığı bir neçə kənd və qəsəbələrdə olacaq.

Elxan SALAHOV
# 366

Oxşar yazılar