Casusluğun tarixi - ARAŞDIRMA - I yazı
14 fevral 2011 16:13 (UTC +04:00)

Casusluğun tarixi - ARAŞDIRMA - I yazı

Casusluğa dair hansı kitabdan oxumuşam, indi yadımda deyil, ancaq fikri olduğu kimi xatırlayıram: elmdə bəxti gətirməyənlər fəlsəfəyə, həyatda özlərinə gün ağlaya bilməyənlər isə kəşfiyyata baş vururlar. Təbii ki, xeyli mübahisəli mülahizədir. Hətta sağlam məntiqlə düşünərək azacıq vur-çıx eləyib «kökündən yanlış fikirdir» söyləmək olar. Yaşları dəqiqliyi ilə bilinməyən fəlsəfənin, kəşfiyyatın tarixlərinə, hər iki sahədə yaşayıb yaradanların, çalışanların həyatlarına nəzər salmaqla buna əmin olmaq asandır. Fəlsəfəylə işimiz yoxdur, bizim məqsədimiz guya «həyatda özlərinə gün ağlaya bilməyənlər»in üz tutduqları kəşfiyyat tarixinə baş vurmaqdır. Çalışacağıq ki, silsilə yazılarla bəşər övladının ən qədim peşələrindən biri olan casusluğun haradan və necə başladığını, cəmiyyət tərəqqi elədikcə hansı inkişaf yolu keçdiyini qısa şəkildə izləyək. Təbii ki, xronoloji ardıcıllığa riayət eləməklə bu sahədə çalışmış məşhurları, bu gün dünyanın bütün xüsusi xidmət orqanlarının tədris müəssisələrində incəliyinə qədər öyrənilən önəmli əməliyyatları, casusluqda istifadə olunan texniki, psixoloji vasitələri, metod və üsulları unutmamaq şərtiylə.

Lent.az-ın oxucularına təqdim olunacaq casusluq tarixinə dair bu oçerklər Azərbaycan türkcəsində ilk dəfə yazıldığı üçün gedişatda sizlərdən aldığımız hər bir təklifin, iradın işimizin xeyrinə olacağı qənaətindəyəm. Ancaq birinci yazımızda bir mühüm məqama aydınlıq gətirməyimiz vacibdir ki, sonradan anlaşılmazlıq olmasın. Çünki bu, birbaşa qısa tarixini yazmağa başladığımız mövzunun əsas anlayışları ilə bağlıdır. Diqqət etdinizsə, artıq iki anlayışla – «casusluq» və «kəşfiyyatçılıq»la qarşılaşdıq. Bəs biz bunlardan hansının tarixini təqdim etməyə hazırlaşırıq?

Qabaqdangəlmişlik olmasın, deməliyəm ki, bəndəniz bu iki anlayışın sərt şəkildə bir-birindən ayrılmasının tərəfdarı deyil. Ən azından bu gün sözügedən sahəyə dair ayrı-ayrı dillərdə olan bütün ədəbiyyatlarda kəşfiyyatın və casusluğun tarixləri haqlı olaraq birgə nəzərdən keçirilir. Düzdü, Sovet dövrünün kəşfiyyat tarixi haqda mövcud olan ədəbiyyatlarında məsələyə başqa cür yanaşılırdı. Bu kitablarda casusa birmənalı şəkildə «satqın», «xəbərçi», «xəyanətkar» damğası vurulur, kəşfiyyatçılıq isə nəcib peşə kimi qəbul edilirdi. Sovet dövründə Amerika imperializmini və Mərkəzi Kəşfiyyat İdarəsinin əməllərini «yıxıb sürüyən» kitabların birindən oxuyuruq: «Bu iki söz, iki məfhum arasında doğrudan da böyük fərq, dərin uçurum var, hərçənd bu peşələrin texnikası prinsip etibarilə eynidir. Casusluq harada qurtarır və kəşfiyyat haradan başlayır? Biz səhvə yol vermədən deyə bilərik ki, hər dəfə mütaliə eləyərkən və filmə baxarkən bunlardan iştirak eləyən iki şəxsin son dərəcə məxfi olan sənədləri ələ keçirməkdən ötrü risk edərək təqribən eyni alətlərlə dəmir seyfi açmasını oxuyanda, ya da görəndə bir qayda olaraq istər-istəməz həmin sual meydana çıxır. Ancaq bunu da nəzərə almaq lazımdır ki, burada bir halda cəsur kəşfiyyatçı, o biri halda isə rəzil casus iştirak edir. Deməli, iş heç də peşəkarlıq priyomlarında deyil, nəsə başqa şeydədir. Bəs nədədir? Bizim fikrimizcə, kəşfiyyat və casusluq, kəşfiyyatçı və casus arasında fərqi bu anlayışların ictimai və siyasi xarakterində axtarmaq lazımdır».

Bəli, artıq burada, «xoruzun quyruğu görünür». Hörmətli müəllif açıq-aşkar Sovet ideologiyasına işləyənləri kəşfiyyatçı, qeyri ideologiyalara yan alanları isə casus hesab eləyərək bu iki anlayışı bir-birindən kəskin şəkildə fərqləndirir. Yoldaş hətta Vladimir Dalın lüğətinə müraciət eləyir və «casus» sözünün qarşısındakı «xəfiyyə, gizlicə pusan, xəlvəti kəşfiyyatçı, xəbər yayan, xəbərçi» məna açılımlarını əsas götürərək bu anlayışın nifrətəlayiq insanlara aid edildiyini yazır. Ancaq nəzərə almır ki, onun nəcib hesab elədiyi kəşfiyyatçılar da eynən casuslar kimi pusurlar, xəbər yayırlar, xəlvəti kəşfiyyatçılıq edirlər.

Məsələn, 1874-cü ildə Brüssel Konvensiyasında qəbul edilmiş «Müharibələrin aparılmasının qaydaları haqqında Deklarasiya»da yazılır: «Casus məxfi, yaxud aldatmaq yoluyla digər tərəfdə informasiya toplayan şəxsə deyilir». Bundan əlavə, deklarasiyada o da göstərilib ki, müharibələr dövründə casusluq qəbul edilən mübarizə vasitələrindən biridir.

Qısası, göründüyü kimi, sovet tədqiqatçısının yanaşmasında önəmli bir qələt var. Bu prinsiplə yanaşanda, sovet ideologiyasına görə İngiltərədən Moskvaya qaçmış Kim Filbi nəcib kəşfiyyatçı, Moskvadan dumanlı Albiona pənah aparmış Oleq Qordievski isə alçaq casusdur. Ancaq ingilislərin nöqteyi-nəzərindən baxanda kimin nəcib kəşfiyyatçı, kimin isə alçaq casus olduğu da bariz görünür. Amerika tədqiqatçısı Kurt Zinqerin təbirincə desək, «düşmənə işləyənlərin hamısı alçaq casus, bizə işləyənlərin hamısı şanlı kəşfiyyatçılardır».

Bu baxımdan, hesab edirəm ki, heç bir ictimai-siyasi tərəf tutmadan qəbul etməliyik ki, casusluğun tarixi elə kəşfiyyatın tarixidir. Ona görə də, biz «tariximiz» boyu heç birini aşağılamadan hər iki sözdən istifadə edəcəyik.

Kəşfiyyat özlüyündə bir tarixi hadisədir. Bir peşə kimi xeyli qədimdir və sosial xarakteri barədə müxtəlif baxışların bir ümumi cəhəti var ki, o da gizli xidmətin ən azı otuz üç əsrdən bəri mövcud olmasıdır. Bu baxımdan, casusluq, yaxud kəşfiyyat döyüşlərin, müharibələrin başlanması ilə bir vaxtda yaranıb. İstəyir ilk icma döyüşləri olsun, istəyir dünya müharibələri, qarşı tərəflər həmişə müəyyən dərəcədə düşməni aldatmağa, qalib gəlmək üçün informasiyalar toplamağa, rəqibinin qüvvəsindən, güclü və zəif tərəflərindən xəbərdar olmağa çalışıblar. Necə ki, qədim Çin hərb tarixçisi və filosofu Sun Szı «Hərb sənəti haqqında traktat»ında yazırdı ki, düşmənin haqqında əvvəlcədən informasiyaya sahiblənmək hərəkətlərində Tanrı qədər güclü olmaq deməkdir.
Napoloen Bonapart isə casuslara nə qədər həqarətlə baxsa da, qələbə və məğlubiyyətlərini təhlil eləyəndə onların xidmətlərini heç vaxt unutmurdu. İmperator deyirdi: «Mənə inanın, döyüşlərin nəticələrini təhlil eləyərkən o fikrə gəlirəm ki, bir çox döyüşlərin müqəddəratı piyada qoşunlarının cəsurluğundan, topçuların, süvarilərin igidliyindən daha çox, casusluq deyilən gözəgörünməz, lənətə gəlmiş silahdan asılıdır». Fikir verin, bu sözləri hansısa kabinet generalı deyil, bütün həyatında irili-xırdalı yüzlərlə döyüşlərdə iştirak eləmiş dünyanın ən böyük sərkərdələrindən biri deyir.

Casusluq müxtəlif ictimai-siyasi formasiyalarda dövrünün tələblərinə uyğun şəkildə dəyişən, inkişaf eləyən xüsusi bir hadisədir. Cəmiyyət inkişaf elədikcə, müharibələrin forması dəyişdikcə, dövlətlərarası münasibətlər mürəkkəbləşdikcə, casusluq da bunlara uyğun şəkildə inkişaf eləyib, dəyişib, mürəkkəbləşib. Qərinələr, əsrlər bir-birini əvəz elədikcə kəşfiyyatçıların, casusların da tipləri dəyişib. Vaxt vardı kəşfiyyat işinə əsasən zadəgan dairələrdən olan şəxslər cəlb edilirdilər. Tarix boyu insanları kəşfiyyata gətirib çıxaran bir çox amillər olub. Biriləri casusluğa avantürist meyllərinin təsiri ilə, macərapərəstliyi ucbatından gəlirdisə, digərləri bu peşənin qeyri-adiliyinə, gizli xarakterinə görə ona bağlanırdılar. Təbii ki, bu sırada ideoloji bağlılığı, hər hansı ideyaya, məfkurəyə sədaqəti, vətənpərvərliyi, zorən cəlbedilməni, ən nəhayət, Adəm övladının nəfsindən törəyən maddi marağı, varlanmaq ehtirasını da unutmaq olmaz. Məsələn, Fransa burjua inqilabı və Amerikada istiqlaliyyət müharibəsi dövründə kəşfiyyatçı-vətənpərvərlərin böyük rolu olub.

Ümumiyyətlə, gizli xidmətlər tarixin gərdişinə həmişə təsir göstəriblər. Ancaq çox nadir hallarda bu fakt hansısa dövlət, yaxud gizli xidmət orqanı tərəfindən etiraf olunub. Maraqlıdır ki, memuarlarını yazmış böyük sərkərdələrin və dövlət xadimlərinin demək olar ki, heç biri gizli casusların onlara göstərdiyi yardımlardan yazmırlar. Məxfi kəşfiyyat xidmətlərinin sənədləri bir qayda olaraq müddətsiz şəkildə arxivlərdə saxlanılır. Ümumiyyətlə, özünə hörmət eləyən, təhlükəsizliyini qorumaq istəyən hər bir dövlət üçün bu sənədlərin məxfiliyinin qorunması mühüm əhəmiyyət kəsb edir. Bu məsələdə ingilislərə həqiqətən qibtə eləmək olar. İngilislərin xüsusi xidmət orqanı olan SİS-in arxivlərində, hətta bu ölkənin XVI-XVII əsrə aid sənədləri belə «Tam məxfi» qrifi altında saxlanılır. İngilis tarixçiləri özləri də etiraf edirlər ki, bu sənədlərin açıqlanması Böyük Britaniyanın orta əsr tarixinin öyrənilməsinə önəmli töhfələr verə bilər. Ancaq mühafizəkar ingilislər üçün tarix yalnız dünən deyil, həm də bu gün və gələcək olduğundan sözügedən sənədlər müddətsiz şəkildə qorunur.

Bütün bunlarla belə, artıq müasir dünyada yalnız klassik formada «yapıncı və xəncər cəngavərləri»ndən söhbət getmir. İndi cəmiyyətin ən müxtəlif sahələrinin özünün casusluğu formalaşıb. Bu gün bazarını əldə saxlamaq, yaxud daha geniş imkanlara sahiblənmək istəyən hansısa iri bir şirkət rəqibi olduğu digər şirkət barədə informasiyalar toplamağa çalışır ki, bu da iqtisadi, maliyyə casuslarının əməlləri hesabına həyata keçirilir. Yəni, casusluq artıq təkcə müharibələrdə, dövlətlərarası münasibətlərdə deyil, belə demək mümkünsə, texniki tərəqqinin müasir inkişaf mərhələsində cəmiyyətdə baş verən bütün gizli, yaxud aşkar proseslərə birbaşa nüfuz və təsir eləyən mühüm amilə çevrilib.

Beləliklə, çalışacağıq qədimdən üzübəri bəşər övladının kəşfiyyatçılıq bacarığının ən gözəl nümunələrinə nəzər salaq, ən parlaq casusları yad eləyək, məşhur əməliyyatlarda biz də «iştirak eləyək». Bu yolda ən əsası odur ki, kəşfiyyatçılar demişkən, «quyruq» olmasın. İkinci yazımız Tövrat rəvayətlərindən başlayaraq qədim sivilizasiyalara qədər uzanacaq. Arxaya baxın, «quyruq» yoxdursa, getdik…

İlham Tumas
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420

Oxşar yazılar