“Mən gözəl qadının nə olduğunu bilmirəm...” - REPORTAJ
05 fevral 2011 17:01 (UTC +04:00)

“Mən gözəl qadının nə olduğunu bilmirəm...” - REPORTAJ

Səhərin günortaya adlayan vaxtıdı. Gözdən Əlillər Cəmiyyətinin binasına çatıram və mənə elə gəlir ki, binanın qarşısında dayanıb siqaret çəkən bir neçə adam mənə baxır. İlk ağlıma gələn, “onların qohumlarıdı” fikri olur. Gəlib, düz yanlarından ötüb keçəndə, hamısının baxışlarının ora-bura oynadığını görürəm və anlayıram ki, “özləridi”. Ağlıma gələn ikinci fikir bundan ibarət olur: “Görəsən, onlar indi məni görür?”

Mərtəbələri, dəhlizləri dolanıb, dünəndən telefonda mənə görüş verən adamın kabinetini axtarıram. Qapısını açdığım otaqlarda kompüter qarşısında oturmuş qızların “bura deyil, dəhlizlə bir az da qabağa gedin” cavabları və masaların üstündə bir-iki dilim şokoladlı tortla qarşılaşıram – deyəsən, bu gün kiminsə doğum günüdü...

Qarşıma çıxan orta yaşlı bir adam məndən hara getmək istədiyimi soruşur. Məni dəvət edən adamın adını deyirəm.

- Hə, burda olmalıdı, gəlin, mən göstərərəm – deyə qarşıma keçir və yavaş-yavaş addımlayır. Əllərini arada divara toxundurduğunu görəndə, onun da görmədiyini anlayıram və bu vəziyyətin kədərli naqolaylığından üşənirəm: görən adamın görməyən bələdçisi...

Susub addımlayan adam isə bir-birindən heç nə ilə seçilməyən qapılara toxunub, axır ki, birini nişan verir:

- Budur...

Qapıları necə ayırd elədiyini soruşmaq istəyirəm, amma o dəqiqə də fikrimdən vaz keçirəm – mənə bacardığı yaxşılığı eləmiş adamı incidəcəyimdən çəkinirəm.

Qəbul otağında üzünü görəni kədərləndirəcək qədər arıq bir qız oturub, kompüterdə öz “Facebook” səhifəsinə baxır. Gözləmə otağında məndən başqa da bir adam var – kürsüdə oturmuş bəstəboy, boz bir adam. Qız gözləməyimi xahiş edir – otaqda məndən başqa da adamlar var... Şokoladlı tort diliminin biri də burdadı (dəqiq - kiminsə ad günüdü).

İçəri bir oğlan girib, qız ədaları ilə katibədən nəsə soruşur. Oğlanın hərəkətlərinə gülümsəməyə bilmirəm. Hətta bir az ürəklənib, oğlana işarə ilə qarşımdakı kürsüdə oturmuş bəstəboy, boz adama göz də vururam. Təbəssümüm də, göz vurmağım da cavabsız qalır. Onun göz bəbəkləri kənara, mənasız bir boşluğa baxır. Yenə pərt oluram...

Qapı açılır, içəridəki qonağını yola salan adam deyəsən, mənim dünəndən görüş alan qız olduğumu bilib:

- Xanım, siz keçin görək, - deyir.

İçəri keçirəm, adam sərrastca keçib, öz kürsüsündə oturur və rəhbər adamların ən ümumişlək ifadəsini deyir. (O da üzümə baxmır, amma mən bu hərəkətin göz qüsurundan deyil, yekəxanalıqdan gəldiyini düşünürəm):

- Eşidirəm sizi.

- Mən yazıçıyam. Sizin ittifaqdan yazı yazmaq istəyirəm. Amma işinizin rəsmi və ictimai tərəfi mənə maraqlı deyil. Mən o adamlardan yazmaq istəyirəm...

- Adınız nədi?

- Günel.

- Deyəsən, atanız da yazıçıdı.

- Yox, nəslimizdə birinci yazıçıyam.

- Təxəllüsünüz necədi?

- Mövlud.

- Dəqiq atanız yazıçı deyil?

- Yox, atam baytar həkimidi. Düşündüyünüz adam Mövlud Sülemanlıdı və o, mənim atam deyil.

- Eybi yox. Deməli, siz gözdən əlillər haqda yazı yazmaq istəyirsiniz...

- Hə. Bir-iki adamla söhbət eləmək istəyirəm. Hətta mümkünsə, bir yerdə oturmaq, çay içmək, şəhərdə gəzişmək, onu öyrənmək istəyirəm...

Onun gözləri inadla üzümə deyil, harasa başqa yerlərə baxır. Qəfildən başa düşürəm ki, yoox, bu yekəxanalıq-zad deyil, ittifaq rəhbərinin özünün görmə ilə ciddi problemi var. Yenə tutuluram. Yox, o kor deyil, amma danışanda inadla yayınan gözlərində nəsə ciddi bir qüsur var ki, mən bu qüsurun nədən ibarət olduğunu bilmirəm.

Əlini telefona atır:

- Qızım, ordan Mais müəllimi yanıma göndərin...

Mais müəllim gəlincə biz Misirdəki hadisələrdən, Hüsnü Mübarəkin istefaya getmək istəməməsinin səbəblərindən danışdıq. O, bir dəfə də olsun, üzümə baxmır. Bunun görmə ilə bağlı olduğunu artıq başa düşmüşəm, amma hələ də öyrəşə bilmirəm və bu hərəkəti özümə qarşı nəsə xoşagəlməz bir şey kimi qəbul eləyirəm.

Bir azdan içəri saçlarının hamısı ağarmış, bəstəboy, dəst kostyumlu, yaşlı bir adam girir. İrəli gəlmək istəyir və bir neçə addımdan sonra dəyirmi masanın kənarına ilişir. Direktor:

- Niyə özünü itirmisən, Mais müəllim, bura həmişə gəldiyin yer deyil?

İçəri girən adamın üzündə qəribə bir ifadə var. Elə bil nə vaxtsa, ruhunun şair çağında dalğı-dalğın uzaqlara baxdığı yerdə nəsə qəfil zərbə alıb və həmin ifadə birdəfəlik üzündə donub qalıb... Adamsa ilkin təəssüratlarım bir yana, burada olmağımdan da xəbərsizdi. Ya da mənə elə gəlir...

Adam bütün görməyən adamlar kimi danışanda baxışlarını ən müxtəlif yerlərdə gəzdirə-gəzdirə:

- Nə bilim...

- Mais müəllim, bu qız sizdən yazı yazmaq istəyir. Apar onu öz şöbənizə, nəylə maraqlanırsa, cavab verin. Gedin, xanım, mənə görə də nə qulluq olsa, xəbər eləyin.

Təşəkkür eləyib, Mais müəllimin arxasınca gedirəm. Qapıdan çıxıb, pilləkənlərə doğru gedirik. Qabaqda, yoxsa arxada yeriməli olduğumu bilmirəm – ilk dəfədi ki, gözləri görməyən adamla yol gedirəm. Pilləkənlərin başında özümdən asılı olmadan əlimi atıb, Mais müəllimin qolundan yapışmaq istəyirəm ki, yıxılmasın. Əlimi qoluna yavaşca toxundururam və yadıma düşür ki, axı bu yolu o tək gəlib, kabinetə girmişdi. İndi ona kömək eləmək əvəzinə, korluğunu üzünə vurmuş olurdum bu hərəkətimlə...əlim boşalır və ürəyimdə “bəlkə də qoluna girmək istədiyimi heç hiss eləmədi” deyə, özümə təskinlik verməyə çalışıram. Pərtlikdən qıpqırmızı qızarmışam...

Pilləkənləri enib, binadan çıxırıq. Mais müəllimin çalışdığı şöbə o biri binadadır və buradan ora iki-üç yüz metrə yaxın yoldur. O mənə yolu göstərir, biz bərabər addımlayırıq və bayaqkı, mənə dünyadakı ən naqolay iş kimi görünən vəziyyət təkrarlanır: gözləri görməyən bələdçi... Mən gözlərimi geniş açıb, ətrafa baxa bilsəm də devikə-devikə, o isə əlləri ilə məhəccərləri, ağacları yoxlaya-yoxlaya getsə də inamlı addımlarla yeriyir.

Şöbəyə yığışmış gözdən əlil adamların arasına düşəcəyimi güman edirəm və bərk yanılıram. İçəri girən kimi qəfildən bütün işıqların keçdiyini eşidirik və qəhrəmanım görüb-görmədiyin müəyyən edə bilmədiyim birini çağırıb, işıq məsələsini tez həll etməyi tapşırır. Yenə özlüyümdə “göz görməyəndə işıq nəyə lazımdır ki?” deyə fikirləşəndə, o elə bil fikirlərimi oxuyur:

- Mən onsuz da görmürəm, işıq yanmayanda pilətə işləmir, otaqlar da soyuqdu. Sizə də soyuq olar...

İçəri keçirik. Dəhlizdəki bir neçə qara eynəkli, qara paltarlı adam siqaret çəkir. Birinin gözlərində eynək yoxdur. Üzünə diqqətlə baxanda əllərim əsir – adamın gözləri yerli-dibli yerində yoxdu. Göz yerindəki dəri tarıma çəkilib, boşluğun üstünü qapayıb. Yenə də “bizə maraqla baxdılar” yazmaq istəyirdim, bir də yadıma düşdü ki, onlar bizə baxa bilməzdilər... bizi hiss elədilər – və çəkilib, yol verdilər.

Yazımın qəhrəmanı olacaq adam məni olduqca qaranlıq dəhlizlə harasa aparırdı. Az qala “bu qaranlıqda necə işləyirsiniz” – deyəcəkdim, söz dilimin ucundan qayıtdı.

Otaqlardan birinin qapısını açıb, birinci mənim keçməyimi gözlədi. İçəri keçdim.

- Siz əyləşin, mən indi gəlirəm - deyib, harasa getdi və mən balaca, olduqca soyuq və səliqəsiz otaqda tək qaldım. Bura deyəsən, onun kabineti idi. Yazı masası, kürsülər, kitab şkafı. Qəhrəmanım gələnə qədər qeyd üçün qələm-kağız çıxarmaq istədim. Mən adətən qeydlər eləmirəm, amma indi narahat idim, eşitdiklərim yadımdan çıxa bilərdi. Həmişəki kimi, qeyd dəftərim yox idi və mən əlimi atıb, onun masasının üstündəki bir dəstə ağ kağızdan birini götürdüm. Amma kağıza toxunan kimi pərt oldum – kağızın üstü çıxıntılı nöqtələrlə doluydu. Bu, ağappaq kağızlar onun oxuduğu kitab imiş.

Qayıdıb, gəldi. Məni tək buraxdığına görə üzr istəyib, oturdu. Susub, ərz-halımı eşitməyə hazır olduğunu göstərdi. Adətən elədiyim kimi gülümsəyib, sözümə başlasam da, özlüyümdə indi təbəssümümün lazımsız olduğunun fərqinə vardım.

- Həyatınızı yazmaq istəyirəm...

Bu vaxt içəri girən qız:

- Mais müəllim, nəsə lazımdır? – deyə soruşdu.

Yavaş-yavaş qəhrəmanımın burada rəhbər işçi olduğunu anlamağa başlayırdım və bu hal yenə məni sıxırdı. Bura köməksiz, yaxınlarının əlindən əlindən tutub gəzdirdikləri, bir işə-gücə yaramAyan əlil adamlar görməyə gəlmişdim. Nə qədər ürəksiz, ruhsuz məqsəd olsa da, korlardan yazmağa gəlmişdim axı. Amma indi qarşımda vəzifəsi, kabineti, katibəsi olan görməyən adam vardı, bu binadakı müxtəlif otaqlarda, mahiyyətindən baş çıxarmadığım müxtəlif işlərdə çalışan, cəmiyyətə faydalı adamlar vardı və mən indi nə edəcəyimi bilmirdim.

Özü məni vəziyyətdən çıxartdı. Qıza:

- Esmira, işıqlar yananda bizə çay gətirərsən – deyəndən (işıqlar artıq yanmışdı – o bilmirdi) sonra, mənə tərəf döndü. Amma yenə başqa yerə baxırdı və onun görmədiyini anlasam da, danışanda üzümə baxmamasına alışa bilmirdim.

- Mən anadangəlmə beləyəm. Elə bu qüsurla doğulmuşam. 1953-cü ildə, Lerik rayonunda. Atam müəllim idi. Valideynlərimin dediyinə görə, hələ lap balaca olanda, az da olsa görmə qabiliyyətim varmış. Sonradan onu da itirmişəm. Amma nə vaxtsa görmüşəmsə də, bu yadıma gəlmir. Sizə təəccüblü gələ bilər, amma mən uşaq vaxtı görmədiyimin fərqində deyildim. Heç vaxt görməmişdim deyə, görməyin nə olduğunu bilmirdim axı. Bütün normal uşaqlar kimi, yaşıdlarımla oynayırdım, deyib-gülürdüm. Uşaqların arasında qəribə bir dostluq, həmrəylik olur. O biri uşaqlar mənim görmədiyimi hiss elətdirmirdilər. Amma bir gün uşaqlara qoşulub qaçanda qəfildən qonşunun çəpərinə çırpıldım. O vaxt başa düşdüm ki, mən görmürəm.

- Bu sizin üçün şok idi?

- Yox, çünki görməyin, yəni məhrum olduğum şeyin nə olduğunu bilmirdim. Sadəcə, o vaxtdan ehtiyatlanmağa başladım. Yeriyəndə, hərəkət eləyəndə daha ehtiyatlı oldum, vəssalam.
Valideynlərim məni həkimbəhəkim gəzdirirdilər. Bilirdim ki, çox dərd eləyirlər, mən nədən məhrum olduğumu bilməyə bilərdim, amma onlar üçün bu, əzab idi. Həkimlərinsə köməyi dəymirdi, əksinə, vurulan iynə-dərmandan daha da pis olurdum. Bu arada mənim artıq məktəbə getmək vaxtım çatmışdı.
Yaxın bir qohumumuz vardı. Atama dedi ki, Bakıda belə uşaqlar üçün bir internat məktəb var. Atam çox istəyirdi ki, o biri uşaqlardan heç nə ilə fərqlənməyim. Bunun əsas tərəfi də təhsil almağım idi. Amma biz kənd adamlarıydıq axı. Kənddə uşağı aparıb internat məktəbə qoymağa pis baxa bilərdilər. Fikirləşərdilər ki, uşaq qüsurludur deyə, onu başlarından eləyiblər, taleyin ümidinə buraxıblar.
Atam çıxış yolu tapdı. Özü pedaqoji instituta imtahan verdi. Qiyabi şöbəyə qəbul olundu ki, ildə bir neçə dəfə həm mənim qayğıma qalsın, həm təhsilini alsın.
Məktəbdə müəlliməm hamıdan çox məni danlayırdı. Amma bir gün sinfimizdəki uşaqların oxumağından danışanda dedi ki, bu məktəbi ən yaxşı bitirən uşaq Mais olacaq. Görmədən necə oxumağımı soruşacaqsınızsa, bu çox sadədi. Yəqin ki, görməyən uşaqlar üçün xüsusi dərsliklərin olduğunu bilirsiniz.
Məktəbdə də görmədiyimi hiss eləmirdim. Dedim axı, gözdən əlillik heç vaxt görməyən adam üçün çətin deyil. Siz görürsünüz, gözlərinizlə nəyi eləyə bilirsinizsə, biz onu əllərimizlə eləyirik. Bizim əllərimiz gözlərimizi əvəz eləyir, biz əllərimizlə görürük. Hətta elə şeylər var ki, siz onu əllərinizlə hiss eləyə bilməzsiniz, amma biz əllərimizlə duyuruq. Təkcə rənglərdən başqa...mənim rənglər haqqında heç bir təsəvvürüm yoxdur...

O hekayətini danışmaqda davam eləyirdi mənsə masanın üstündəki əlvan sarı kağızlı konfetlərə, qıpqırmızı qəndqabına, qapqara telefona, ağappaq boş fincana, qəhvəyi masaya baxırdım və indi, bu otaqda adi rənglərin həmişəkindən daha çox görünən əlvanlığı, parlaqlığı mənə elə ədalətsiz bir şey kimi görünürdü ki...elə bil, bu adamın acığına qırmızı daha qırmızı idi, sarı da sarı, ağ daha ağappaq idi.

Əlindən bir kömək gəlməyən adamlarda adətən, bir günah hissi olur – heç nə edə bilməməyin, bacarmamağın günahı – pərtliyimin ardınca indi də bunu yaşayırdım. O isə tarixçəsini danışırdı:

- Bir dəfə dərsimiz Rəsul Rzanın yaradıcılığı idi. Mən ədəbiyyata çox maraq göstərirdim, əsərlərin təhlilini də hamıdan yaxşı eləyirdim. Onun əsərlərini təhlil edəndə müəllimə dedim ki, hansı əsərini istəyirsiniz, təhlil eləyim, amma məndən “rənglər silsilə”sinin təhlilini istəməyin. Mən rənglər barədə şeh nə bilmirəm.
Məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olundum. Universitetdə əla dostlarım vardı. Normal, heç bir qüsuru olmayan uşaqlar idilər. Mənimlə elə rahat dostluq eləyirdilər ki, görməməyim yadıma da düşmürdü. Universiteti də bitirdim. Sonra Naxçıvana köçdüm. Bir il orada axşam məktəbində müəllim işlədim. Fikirləşirdim ki, buradan ev alım, Naxçıvan pedaqoji İnstitutuna imtahan verib, orada müəllim işləyim. Bəxtimdən təzə rektor gəldi və qərar verdi ki, beş ildən az iş təcrübəsi olan adamlar müsabiqəyə buraxılmasın.

Qayıtdım Bakıya. Bu arada evlənmişdim də. Qohumların tövsiyəsi ilə. Uzaq qohumlardan bir qız vardı, məni ona, onu da mənə məsləhət gördülər və evləndik. İki uşağımız oldu – bir qız və bir oğlan.

Bilirsiniz, mən gözəl qadının da nə olduğunu bilmirəm. Hərdən yanımızdan bir qız, qadın keçəndə dostlarım “gözəldi!” deyəndə, maraqla soruşurdum ki, qadın necə olanda ona gözəl deyirsiniz? Sonra gözəllik haqqında təsəvvürüm kitablardan, əsərlərdən formalaşdı. Kitabdan oxuyanda ki, qadın boy-buxunludu, saçları uzundu, bədən ölçüləri incədi, öz-özümə düşünərəm ki, həəə, deməli gözəl qadındı.

Bakıya qayıdandan sonra bu cəmiyyətə gəldim. O vaxt cəmiyyətin görməyənlər üçün qəzeti vardı – orada bir müddət məsul katib, bir müddət də redaktor işlədim.

...qapının döyülməsi söhbətimizi yarımçıq kəsir. İçəri girən qadın “yan otaqda təmir gedir, səs-küydən işləyə bilmirik” deyə şikayətlənir. Qəhrəmanım yenə məndən üzr istəyib, mobil telefonunu götürdü. Onun barmaqlarını telefonun düymələrində gəzdirib, nömrə yığmasını, ilk cəhddəncə nömrəni yığıb, danışmasını görəndə heyrətdən açıq qalmış ağzımı nəzakət xətrinə yummaq ağlıma gəlsə də, boş verdim – həmsöhbətimin artıq görmədiyinə öyrəşməyə başlayırdım.

Telefonu yerə qoyub, yenə üzr istədi (onun bu nəzakəti artıq gözlərimi yaşardırdı) və mən istəyimin onu incidə biləcəyini düşünə-düşünə soruşdum:

- Qarşınızdakı kitabdır, hə?

- Hə. Bura nəşriyyatdır axı. Biz burada görməyənlər üçün kitablar hazırlayırıq. Bu da o kitablardan biridir. İndi baxıb, çapa imzalamalıyam.

- Bu hansı kitabdır?

- Bu Nizami Gəncəvinin “İsgəndərnamə”sidir.

- Bir şey xahiş eləsəm, xətrinizə dəyməz.

- Yox, xanım, niyə xətrimə dəysin?

- Bu kitabdan mənə bir neçə sətir oxuya bilərsiniz...

Gülümsəyir:

- Niyə oxumuram. Bu dəqiqə...

Barmaqlarını çıxıntılı nöqtələrin üzərində sürüşdürə-sürüşdürə oxuyur:

- Gələnlər meyvəni dərmiş hər zaman.
Keçənlər bir çox şey əkmişdir bizə
Biz də əkməliyik gənc nəslimizə
Dünya bir tarladır – diqqətlə baxsan... Bax, belə...

- Əsasən hansı kitabları nəşr eləyirsiniz görməyənlər üçün?

- İndi çalışıram ki, əsasən Azərbaycan klassiklərinin əsərlərini nəşr edək. Bir dəfə, cəmiyyətimizin yubileyində bura xaricdən qonaqlar gəlmişdi. O vaxt bir litvalı xanım biləndə ki, bizdə görməyənlər üçün olan ədəbiyyat ancaq dərsliklərdən ibarətdir heyrətlə demişdi: “Boje moy, tak vıxodit, çto vı daje svoyu klassiku ne çitali?!”
Bu söz mənə çox təsir elədi. Çalışacam ki, heç bir klassikimizin əsəri kənarda qalmasın.

Esmira dediyi qız bizə çay gətirir və bayaqdan əlvanlığı ürəyimi sıxan konfetlərdən birini götürüb, kağızını açıram. Konfeti götürüb, qabığını bükürəm və parlaq sarısı adamın gözlərini deşən kağızı gizlətmək istəyirmiş kimi, bərk-bərk ovcumda saxlayıram. Rəngləri görməyimdən utanıram...

O isə nəşriyyatlarla əməkdaşlıqlarından, işlərindən, işçilərindən, binada gedən təmirdən danışır və inadla çayını içmirdi...

Söhbətimizi bitirdik. İndi durub, nəşriyyat olduğunu öyrəndiyim bu yerin otaqlarını gəzmək, buradakı başqa adamlarla söhbət eləmək vaxtı idi. Hələ qarşıda məni qədər tale, əla yazı materialı olacaq vəziyyətlər, təsadüflər gözləyirdi. Görməyən, amma görən adamların heç nə oxuya bilmədiyi ağ kağızlardan əsər oxuya bilən adamların işıqla dünyası idi bura. Və onların işıqları bizim “işıq” dediyimiz şeydən fərqli idi. Mən o işığın, görməyənlərin işığının nə olduğunu tapacaqdım...

Amma davam gətirə bilmədim. Üzümə bir dəfə də olsun baxmayan gözlərə, boş göz yerlərində tarıma çəkilmiş dərilərə, divarları “oxuyan” əllərə daha dözə bilmədim. Mən yazıçı-zad deyildim, mən yazıçı olduğuna inanan qadın idim. Mənim qələmdən əvvəl ürəyim vardı...və bu ürəkdən dünyanın ən məsum təskinlikləri keçirdi indi: “İlahi, demək bu dünyada hələ görməyən kişiyə ərə gedib, ömrünü kor adama həsr eləyən yaxşı qadınlar var...”

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009

Oxşar yazılar