Baş nazirin müavini: “Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb”
28 iyul 2009 15:45 (UTC +04:00)

Baş nazirin müavini: “Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb”

Azərbaycan Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclası keçirilib.

APA-nın məlumatına görə, komissiyanın sədri, baş nazirin müavini Əli Həsənov bildirib ki, Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında olması regionda beynəlxalq narkomafiyanın fəaliyyətinə imkan yaradıb. Digər tərəfdən, Əfqanıstanda becərilən narkotiklər İpək Yolu vasitəsi ilə Avropaya və şimal istiqamətində daşınır. Narkotiklərlə mübarizə sahəsində görülən işlərə toxunan Ə. Həsənov bildirib ki, Azərbaycan bir çox beynəlxalq konvensiyalara qoşulub və qonşu ölkələrlə bu sahədə əməkdaşlıq edir.

«Son altı ayda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 1200 kq narkotik maddə dövriyyədən çıxarılıb, 1760 cinayət işi açılıb. Bu dövrdə narkoloji dispanserlərdə 860 nəfər müalicə alıb», - deyə komissiya sədri vurğulayıb.

Ə. Həsənov bildirib ki, hazırda Azərbaycanda 23 254 nəfər narkotik istifadəçisi var və onların sayı 12% artıb. Amma bu, real rəqəmlər deyil və istifadəçilərin sayının bundan çox olduğu güman olunur. Narkotik istifadəçilərinin 1504 nəfəri dispanser uçotunda, qalanları isə profilaktik uçotdadır.

Komissiya sədri əsas narkotik təhlükəsinin Azərbaycanın cənub sərhədlərində olduğunu və bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyinə toxunub. Ə. Həsənov onu da qeyd edib ki, narkotik istifadəçilərinin yarıya qədəri Bakıdadır.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə qeyd edib ki, Azərbaycanda QİÇS aşkar olunmuş 1815 nəfərin 1093 nəfəri narkotik vasitələrin istifadəçisidir. Son 6 ayda QİÇS-ə yoluxmuş 220 nəfərdən 145-nin inyeksiya yolu ilə bu xəstəliyə yoluxduğu aşkarlanıb.

İclasda Daxili İşlər, Təhsil nazirlikləri, Bakı şəhər və Lənkəran rayon İcra hakimiyyətləri nümayəndələrinin görülmüş işlərlə bağlı məruzələri dinlənilib. Müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
# 959

Oxşar yazılar