Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müraciət etdi
23 iyul 2009 17:30 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müraciət etdi

“Havaların isti və quraq keçməsi ilə əlaqədar yanğınların baş vermə təhlükəsi artıb”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan müraciətdə qeyd olunub ki, ölkə ərazisində havaların isti və quraq keçməsi ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artıb.


Nazirlik tərəfindən ölkənin meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə “Yanğın təhlükəsizliyi haqqında” qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.


Lakin bununla belə, bəzi fermer və digər torpaq mülkiyyətçilərinin məsuliyyətsizliyi və bir sıra bələdiyyə rəhbərlərinin bu vacib problemə laqeyd münasibəti üzündən yanğın hadisəsi baş verib. Belə ki, iyulun 20-si saat 16:30 radələrində Kürdəmir rayonun Sığırlı kənd sakinlərinin pay torpaqlarında, kövşənlərdə baş vermiş yanğın Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisənin Sığırlı meşəbəyiliyinin ərazisinə keçib və 4,2 hektar meşə ilə örtülü sahəni əhatə edib. Yanğın Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizəsi xidməti işçilərinin və yerli əhalinin köməkliyi ilə 21 iyul 2009-cu il saat 01:05 radələrində tamamilə söndürülüb. Yanğın vaxtında və operativ qaydada söndürüldüyündən meşə fonduna ciddi ziyan dəyməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Pərvin ABBASOV
# 461

Oxşar yazılar