“Ev bazar”ının ağladan və güldürən üzü  -REPORTAJ
23 iyul 2009 14:00 (UTC +04:00)

“Ev bazar”ının ağladan və güldürən üzü -REPORTAJ

“Maklerlər” bazarın “ölməsindən”, kirayənişinlər mənzil sahiblərindən şikayətləndilər

Ev almaq istəyənlərin, kirayə axtaranların, eyni zamanda evini satmaq istəyənlərin, kirayə mənzil verənlərin üz tutduqları məkanlardan biri də “Neftçilər” metrostansiyası yaxınlığındakı “Ev bazar”ıdır. Bu bazar əvvəllər “Gənclik” metrosu yaxınlığında yerləşib. “AMAY” Ticarət Mərkəzi söküləndən sonra yerini dəyişib.

Bəs, bu bazarda vəziyyət necədir? Alıcının, satıcının, ev kirayə verənin, kirayə axtaranın üzü gülür, yoxsa...

Lent.az-ın müxbiri bu məqsədlə “Ev bazar”nda olub.

Hamamı göz bəbəyi kimi qoruyan “xozeykalar” var

“Neftçilər” metrostansiyasında bir oğlana yaxınlaşıb “Ev bazar”ına getmək üçün metronun hansı istiqamətindən çıxmaq lazım olduğunu soruşduq. Özünün də kirayə ilə əlaqədar ora getdiyini söyləyən oğlanla qısa yol yoldaşı olduq. Məlum oldu ki, özəl şirkətlərdən birində işləyən 25 yaşlı Ruslan hazırda “Gənclik” metrostansiyası yaxınlığında, İnqilab küçəsindəki həyət evlərinin birində kirayədə qalır. Ümumi həyətdəki otaqlardan birində qalan Ruslan son iki ildə aylıq 120 manat kirayə haqqı verib. Ancaq “xozeyka” indi 150 manat istəyir.

Ruslan deyir ki, həyət evində mətbəx belə ümumidir. Həm də otaq nəmlidir və sağlamlığını da nəzərə alıb, 150 manata belə yerdə qalmaq istəmir. O, ilk dəfə bazar günü bu “Ev bazar”ına gəlib. Evini kirayə verənlərdən biri ilə Yasamal rayonuna, “İnşaatçılar” metrostansiyası yaxınlığındakı ümumi həyət evinə baxıb. Ancaq 100 manata verilən ümumi həyətdəki otağın da şəraiti yaxşı olmayıb. Çox darısqal olub.

Bir gün əvvəl isə bazarda telefon nömrəsini götürdüyü maklerlərdən biri köhnə Günəşlidə 150 manata “xozeykasız”, yaxşı kommunal şəraiti olan bir həyət evi olduğunu bildirib. O da uzaqlığına baxmayaraq, şəraiti yaxşı olarsa, bu həyət evini kirayəyə götürməyə razıdır. İndi də Ruslan həmin evə baxmaq üçün maklerlə görüşməyə gəldiyini bildirdi. Ruslan kirayənin bahalığından, əksər ümumi həyət evlərindəki otaqların pis durumda olmasından şikayətləndi. Onu dedi ki, “xozeykalar” içərisində yaxşısına rast gəlmək özü də bir problemdir. O, hazırda kirayə qaldığı evdə “xozeyka”nın hamamı göz bəbəyi kimi kirayənişinlərdən qorumağa çalışdığını, bu isti yay günlərində belə həftədə bir dəfədən artıq çimməyə çox qısqanclıqla yanaşdığını gülə-gülə danışdı. “Ev bazar”nda zəngləşdiyi maklerlə görüşən Ruslanla burada ayrıldıq.


“Ailəli insanlara kirayə verirəm...”

“Ev bazar”ı metronun yaxınlığındakı ensiz, ancaq uzun bir parkda yerləşir. Müşahidələrimiz göstərdi ki, parkdakı oturacaqlarda, ağacların kölgəsində duranlar, əsasən maklerlərdir. Çox az sayda mənzilini kirayə verənlərə rast gəlmək olardı. Həm də bazarda olanlar yalnız kişilər idilər, xanım gözə dəymədi. Kənardan bir az izləyib kirayə verənlərdən birinə yaxınlaşdım. Özümü kirayə mənzil gəzən kimi təqdim etdim. Məlum oldu ki, 50 yaşlı bu şəxs Həzi Aslanov metrosu yaxınlığında üçüncü mərtəbədə olan bir otaqlı mənzilini kirayə verir. Özü də ancaq ailəli, uşağı da 3 yaşdan böyük olmayan insanlara. Bu mənzili kirayələmək üçün ayda 200 manat vermək lazımdır. Onu da dedi ki, mənzildə nə mebel, nə soyuducu, nə televizor var. Pulu isə ayın başında ödəmək lazımdır. 100 manatdan yuxarı kirayə ödəmək imkanımın olmadığını dedim və razılaşa bilmədik.

Mənimlə bu nəticəsiz söhbətdən sonra o, oturacaqlardan birindəki maklerə yaxınlaşdı və mənzili barədə məlumatdan sonra telefonunu maklerə verərək bazardan uzaqlaşdı.
Elə mən də bu maklerə yaxınlaşdım və özümün jurnalist olduğumu bildirdim. 27 il dövlət orqanlarında işlədiyini, pensiyaya çıxandan sonra makler sənətiylə məşğul olduğunu deyən Əli müəllim danışmağa razılaşdı.

Maklerin gözüylə

Əvvəlcə nədən az əvvəl söhbət etdiyim şəxsin ailəli, həm də 3 yaşdan böyük uşağı olmayana ev verə biləcəyini deməsinin səbəbiylə maraqlandım. Əli müəllim mənzil kirayə verənlərin əksəriyyətinin belələrini gəzdiyini qeyd etdi. Dedi ki, subay, cavan oğlanların əksəriyyəti həm mənzili təmiz saxlamırlar, həm də istənilən halda cavandırlar, evdə nə işlə məşğul olacaqlarını proqnozlaşdırmaq çətindir. O, mənzil kirayə verənlərin bir qisminin qızlara kirayə verməyə üstünlük verdiyini, ancaq bəzilərinin cavan qızlara ev verməkdən də çəkindiklərini söylədi : “Ona görə də kirayə verən mənzil sahiblərini də başa düşmək olar. Ancaq ailəli insanlarla bağlı elə də narahatçılıq olmur. Ailəli insanlar kirayə yaşadıqları mənzilləri həm təmiz saxlayırlar, həm də ev sahibi mənzilində hər hansı arzuolunmaz bir hadisənin baş verəcəyindən narahat olmur. Uşaq məsələsinə gəlincə, 3 yaşdan böyük uşaqlar adətən, dəcəl olurlar. Tutaq ki, divardan “oboylar”ı sökürlər. Bəzi ev sahibləri buna görə belə şərt qoyurlar. Ancaq əksər hallarda ailəli insanlar qarşısında kirayə sahibləri uşaqla bağlı belə şərtlər qoymurlar ”.

Əli müəllim onu da dedi ki, kirayə verənlər “Ev bazar”ında əsasən maklerlərlə işləyirlər. Onun sözlərinə görə, çoxmərtəbəli binalarda mənzillərini kirayə verənlərin demək olar ki, hamısı maklerə üz tutur, mənzil barədə məlumat verir, əlaqə telefonlarını qoyurlar. Ümumi həyət evlərindəki otaqlarını kirayə verənlərin bir qismi isə kirayənişin axtarışını özləri aparırlar.

Əli müəllimdən kirayə axtaranların necə evlərlə və hansı qiymətlərlə maraqlandıqlarını soruşduq. Söhbətimizdən məlum oldu ki, 150 manat civarında kirayə haqqı vermək istəyənlərin əsasən metro stansiyalarına yaxın həyət evləri istəyirlər. 200 manatdan çox verməyə gücü çatanların bina evləri gəzirlər. Əli müəllim 100 manatdan aşağı kirayə ev gəzən və ona bunun üçün müraciət edənlərin telefonlarını çox zaman qeyd etmədiyini də etiraf etdi: “Bakıda 100 manat və ondan aşağı nə ev olacaq? Bir dəfə maraqlanın, elə axşamlar Bakının dəmiryol vağzalında yatanların əksəriyyəti 150 manat kirayə haqqına gücü çatmayanlardır...”

Maklerə görə, 200-250 manat civarında kirayə ev istəyənlər əsasən 450-500 manat aylıq qazancı olanlardır.

Varlı insanlar “Ev bazar”ına gəlmirlər

Elə söhbətin bu yerində Əli müəllim ondan da şikayətləndi ki, son 1 ildə həm kirayə ev axtaranların, həm də mənzil alanların sayı dəfələrlə azalıb. Öz sözü ilə desək, bazar ölüb. Söhbətin bu yerində onun sözünü bizə yaxınlaşan digər maklerlər də təsdiqlədilər.

O bildirdi km, 300 manatdan yuxarı qiymətə kirayə evdə qalmağa razılaşanlara ayda bir-iki dəfə rast gələsən, ya da gəlməyəsən: “Ancaq bir il əvvələ qədər belə deyildi. Çünki türklər, ingilislər, almanlar, çinlilər şəhərin mərkəzində bir neçə otaqlı evlər axtarırdılar. 500 manatdan tutmuş 2000 manata qədər bina evləri kirayə verilirdi. İndi belələri yoxdur. İnflyasiyaya görə xaricilər Bakıdan çıxıb gedirlər, evi neyləyirlər...”

Yəni azərbaycanlılar üçün yüksək qiymətə əvvəllər kirayə gəzənlər heç olmayıb?
Əli müəllim dedi ki, olub, indi də iki ayda bir dəfə rast gəlmək olar: “Belə azərbaycanlılar əsasən rayonlardan Bakıya gələn iş adamları olurdu. İndi maklerlər üçün belələrini tapmaq ot tayasında iynə tapmaq kimi bir şeydir. Ancaq indi vəzifədə işləyən, yaxud yaxşı imkanı olan azərbaycanlı olur ki, 1-2 aylığa evini təmir etdirdiyi üçün şəhərin mərkəzində, yaxşı şəraiti olan ev axtarır. Ancaq Bakı şəhərində 2000-dən çox makler var. Belə ev axtaran kimin bəxtinə çıxacaq!”

O, mənzil almaq istəyənlərin də sayının son bir ildə çox azaldığını vurğuladı: “Camaatda pul yoxdur. İpoteka da boş söhbət oldu, camaata sərf etmir, şərtləri yaxşı deyil. Ev almaq istəyənlər, bunun üçün bizə müraciət edənlər çox azdır”.

Əli müəllim azsaylı belə müştərilərin, əsasən köhnə evlərlə maraqlandığını nəzərə çatdırdı: “Təzə tiklilərdən ev istəyənlərə son üç ayda demək olar ki, rast gəlməmişəm. Əsasən Köhnə və Yeni Günəşlidə, Artyom kimi mərkəzdən uzaq yerlərdə 1 və 2 otaqlı köhnə evlərlə maraqlananlar var. 1 otağı 35-40 min manata, 2 otağı 50 min manata almaq istəyənlərdən mənə müraciət edənlər olub”.

Makler onu da dedi ki, daha yuxarı qiymətə və lüks şəraitə ev gəzən varlı insanlar “Ev bazar”ına gəlmirlər. Uzağı, onların adamları maklerlərdən birinə telefon açır: “Bir il əvvəl də belə müştəriyə rast gəlmək hər maklerə nəsib olmurdu, bəxt gərəkdi. İndi beləsinə rast gəlmək daha müşküldür. Həm də deyəsən, varlılar artıq daha çox torpaq alıb, villa tikməyə üstünlük verməyə başlayıblar... ”

Əli müəllim 1 il əvvəllə müqayisədə evlərin qiymətinin kifayət qədər aşağı düşməsi ilə bağlı deyilənlərlə də razılaşmır: “Təzə binalardakı mənzillərin qiyməti müəyyən qədər düşmüşdü, indi onların da qiymətləri qalxır. Köhnə evlərin qiymətində isə 1 il əvvəllə müqayisədə elə də ciddi fərq yoxdur. Ancaq bir daha deyirəm ki, əsas problem camaatda pulun olmamasıdır”.

Cavan adamdan makler çıxmaz

Sonda Əli müəllimlə makler sənətiylə bağlı da söhbət etdik: “Bayaq da dedim ki, Bakıda 2000 mindən çox makler var. Belə şəraitdə bu sənətdən çörək qazanmaq əlbəttə ki, çətindir”.

O bildirdi ki, evlərini kirayəyə verməkdə mənzil sahibinə, ya da onlara ev üçün müraciət edən müştəriyə kömək edəndə kirayənin miqdarından asılı olaraq, 30-50 manat alırlar: “Əsas ev sahibinin, yaxud kirayə ev üçün bizə müraciət edəninin nə dərəcədə razı qalmasıdır. Ev sahibi mənzilinə yüksək kirayə haqqı verən tapdıqda, bizə müraciət edənə nisbətən ucuz qiymətə kirayə tapdıqda “hörmətimiz” daha ürəklə və nisbətən böyük olur” .

Əli müəllim bəzi maklerlərin evini satmaq istəyənlərdən mənzilin satılacaq qiymətinin 5 faizi və daha çox miqdarda haqq istəmələri ilə bağlı sualımıza cavabında dedi ki, buna çox az hallarda rast gəlmək olar: “Belələri savadsız maklerlərdir, bacarıqlı və insaflı maklerlərin bazarını öldürürlər. Maklerə mənzil satışı zamanı 200-300 manat vermək yetərli olmalıdır. O başqa məsələdir ki, bəzisi gəlir və deyir ki, evimi filan qiymətə sat, ondan yuxarı neçə satsan, sənindir. Digər tərəfdən, bəzən milyon manatdan yuxarı qiymətə obyekt satanlar olur. Adətən, belələri çox vaxt faiz məsələsini özləri təklif edirlər. Özümə beləsi rast gəlməyib, ancaq iki il əvvəl tanış maklerlərdən biri belə müştəriyə rast gəlmişdi. Bu alverdən də 20 min manat qazanmışdı”
.
Əli müəllim onu da vurğuladı ki, cavan adamdan makler çıxmaz: “Cavan bazarda 1 ay durur, bir şey qazana bilməyəndə gedib 5 ay başqa işdə işləyir. Axı ailəsini saxlamalıdır. Belə də bazarda çox qalmadığı üçün yaxşı əlaqə qura bilmir. Ona görə də bu iş üçün pensiyaya çıxmış, müəyyən qədər hökumətdən pensiya alanlar daha uyğundur”.

Söhbət etdiyimiz müddətdə Əli müəllimə kirayə ev istəyən və ev almaq istəyən yaxınlaşmadı...


Ramiz Mikayıloğlu
# 1335

Oxşar yazılar