Satışda istifadə müddəti ötmüş uşaq yeməkləri aşkarlanıb
08 iyul 2009 18:30 (UTC +04:00)

Satışda istifadə müddəti ötmüş uşaq yeməkləri aşkarlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçı hüquqlarının qorunması, həmçinin istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.

Bu barədə Lent.az-a nazirlyin mətbuat xidmətindən bildirilib. Dövlət Xidmətinin iyulun 7-də keçirdiyi monitorinqlər zamanı Bakının Nəsimi rayonunda yerləşən “Nurgül market”də, Nərimanov rayonunda yerləşən “Apelsinçik market”də, “Hüseyn market”də, “Çinar market”də, Yasamal rayonunda “Meqa market”də və Gəncə şəhərində Elçin Məmmədhəsənova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 200 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, konservləşdirilmiş tərəvəz məhsulları, süd və süd məhsulları, sərinləşdirici içkilər, həmçinin “Nutrinka malutka”, “Malış”, “Aquşha” uşaq yeməkləri aşkar olunub. Qeyd olunan məhsulların hamısı satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, bu il mayın 17-də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 29 hüquqi şəxsə 112,5 min manat, 148 fiziki şəxsə 222,5 min manat cərimə tətbiq olunub.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz və saxta malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Pərvin ABBASOV
# 898

Oxşar yazılar